İran ətrafında baş verən proseslərdə hər dəfə olduğu kimi, bu dəfə də köhnə bir siyasi fiqur – Rza Pəhləvi yenidən gündəmə gətirilib. O, sanki mövsümi “cihaz” kimi dövri şəkildə aktivləşdirilən obraz təsiri bağışlayır: regionda gərginlik artan kimi ön plana çıxarılır, proseslər nisbətən səngiyən kimi isə yenidən arxa plana keçir.
Rza Pəhləvi özünü elə təqdim edir ki, guya İranda baş verən etirazların əsas hərəkətverici qüvvəsi də, ABŞ və İsrailin siyasətinə təsir edən fiqur da odur. Halbuki tarixi reallıqlar fərqli mənzərə ortaya qoyur. Pəhləvi sülaləsi İran cəmiyyətinin yaddaşında romantik keçmişdən çox, avtoritar idarəçilik, müxalifətin sıxışdırılması, dissidentlərin təqibi və SAVAK-ın yaratdığı qorxu mühiti ilə assosiasiya olunur. Sosial bərabərsizlik və xarici asılılıq da həmin dövrün əsas xüsusiyyətləri kimi xatırlanır.
Özünü vəliəhd adlandıran Rza Pəhləvinin bu statusunun hüquqi əsasları da mübahisəlidir. Monarxik sistemdə vəliəhdlik rəsmi mərasim və elanla təsbit olunur ki, hakimiyyət keçidi zamanı ölkədə qarışıqlıq yaranmasın. İnqilaba qədər isə onun belə bir rəsmi mərasimlə varis elan olunması faktı yoxdur.
1979-cu ildə baş verən İslam İnqilabı təkcə dini ideologiyanın yüksəlişi deyil, həm də monarxiyaya qarşı geniş ictimai narazılığın nəticəsi idi. Şah rejimi sadəcə devrilmədi, siyasi səhnədən tamamilə silindi. Bu gün İran cəmiyyətinin mühüm hissəsini təşkil edən Cənubi Azərbaycan əhalisi də həmin dövrün sərt siyasətini unutmur. Həm SAVAK dövründə, həm də sonrakı mərhələdə “Evin” həbsxanasında saxlanılan və repressiyalara məruz qalan azərbaycanlıların xatirəsi kollektiv yaddaşda qalır.
Belə bir şəraitdə Cənubi azərbaycanlıların rəyi nəzərə alınmadan Pəhləvinin hakimiyyətə qayıdışı real görünmür. Ümumilikdə isə İranın yeni nəsli nə şah dövrünü görüb, nə də o illərlə emosional bağlılıq qurub. Onları daha çox işsizlik, sosial ədalətsizlik, qadın hüquqları və vətəndaş azadlıqları kimi aktual problemlər düşündürür.
Rza Pəhləvinin real siyasi təşkilatı, ölkə daxilində geniş sosial bazası və proseslərə təsir imkanları müşahidə olunmur. O, daha çox simvolik fiqur təsiri bağışlayır. Lakin simvol olmaq üçün cəmiyyətin legitim qəbuluna ehtiyac var.
İranın dəyişəcəyi barədə müzakirələr getdikcə intensivləşir. Sual dəyişiklik ehtimalında deyil, onun necə və hansı liderliklə baş verəcəyindədir. Xaricdən təqdim olunan siyasi alternativlərin isə daxili ictimai dinamikanı əvəzləməsi real görünmür. İran cəmiyyəti artıq kənar müdaxilələrə qarşı həssas və seçicidir.
Nəticə etibarilə, Pəhləvi adı İran üçün gələcək layihə kimi deyil, daha çox tarixi arxiv elementi kimi dəyərləndirilir. Tarix göstərir ki, xalqlar gələcəyi keçmişin kölgəsində deyil, mövcud reallıqlar və yeni ictimai tələblər əsasında formalaşdırır.
Mərahim Nəsib
Paraqraf.com
![]()
