İran hakimiyyəti ABŞ Prezidenti Donald Trampa sülh qarşılığında iqtisadi güzəştlər paketi təklif edir.
Paraqraf.com xəbər verir ki, bu barədə “Financial Times” qəzet yazıb.
Bildirilib ki, İran Donald Trampı nüvə sazişi imzalamağa meyilləndirməyə çalışır və bu məqsədlə ABŞ şirkətlərinə yanacaq-energetika sektorunda əhəmiyyətli güzəştlər təqdim edir.
Məlumata görə, rəsmi Tehran hesab edir ki, bu cür maliyyə perspektivləri Donald Trampın biznes maraqlarına təsir etməlidir. Bundan başqa, təklifdə İranın başqa mineral ehtiyatlarının istismar hüquqları da var.
Qəzetin yazdığına əsasən, yüksək vəzifəli amerikalı mənbə etiraf edib ki, ABŞ investisiyalarının İranın yanacaq-energetika sektoruna cəlb edilməsi ilə bağlı qeyri-rəsmi müzakirələr aparılır: “İran Venesuelaya nümunə kimi baxır”.
Xatırladaq ki, ABŞ-nin həbs etdiyi Venesuela Prezidenti Nikolas Maduronun ələ keçirilməsindən sonra Vaşinqton Karakasın neft sektoruna giriş əldə edib.
Qeyd edək ki, fevralın 26-da Cenevrədə ABŞ və İran arasında danışıqların üçüncü raundu keçirilir. Bu, ölkələr arasında yeni müharibənin qarşısını almaq üçün son fürsət kimi qiymətləndirilir. İran yalnız nüvə proqramını müzakirə etməyə hazırdır, eyni zamanda, uranın zənginləşdirilməsindən tamamilə imtina etməyəcəyini açıqlayır. Məlumatlara əsasən, rəsmi Tehran uranın 3,67 faiz səviyyəyədək zənginləşdirilməsinə razılıq verir.
Paraqraf.com
![]()
