Qloballaşan dünya iqtisadiyyatında xarici investisiyalar ölkələrin davamlı inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. Xarici birbaşa investisiyalar ölkəyə kapital axını, yeni texnologiyalar və idarəetmə təcrübəsi gətirməklə yanaşı, məşğulluğun artmasına və iqtisadi sabitliyin möhkəmlənməsinə xidmət edir. Eyni zamanda, ölkənin öz kapitalını xarici bazarlara yönəltməsi onun beynəlxalq iqtisadi mövqeyini gücləndirir və qlobal əməkdaşlıq imkanlarını genişləndirir.
Son illərdə Azərbaycan həm xarici investisiyaların cəlb olunması, həm də xarici ölkələrə investisiya yatırımı baxımından fəal mövqe nümayiş etdirmişdir. Xüsusilə 2020–2025-ci illər dövrü pandemiya, regional iqtisadi dəyişikliklər və enerji bazarındakı dalğalanmalar fonunda investisiya axınlarının dinamikasını daha da aktual etmişdir.
Maraqlıdır, 2020–2025-ci illər ərzində Azərbaycan nə qədər xarici investisiya cəlb etmiş və eyni dövrdə xarici dövlətlərə nə qədər investisiya yatırmışdır?
Mövzu ilə bağlı iqtisadçı Razi Abbasbəyli “Paraqraf.com”a bildirib ki, 2020–2024-cü illərdə Azərbaycana xarici investisiyalar üzrə birbaşa yatırımlar 29,3 milyard dollar səviyyəsində olub:

“Ən yüksək göstərici isə 2024-cü ildə qeyd alınıb. Azərbaycana cəlb edilən xarici investisiyaların həcmi 7 milyarddan da çox olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,8% artım deməkdir. Azərbaycandan xarici investisiya qoyuluşları 2024-cü ildə 1 milyard 983 milyon manat olub. Həmçinin, 2023–2024-cü illərdə də bu rəqəmə yaxın olub. Hər il üzrə 2 milyarda yaxın Azərbaycan xaricə investisiya qoyuluşları həyata keçirir.
Bütövlükdə, 2020–2024-cü illər üzrə statistikadan görünür ki, Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlıq səviyyəsini hər il üzrə genişləndirib, xarici investisiyaların ölkəyə cəlb edilməsi istiqamətində ciddi artımlara nail ola bilib. Həyata keçirilən beynəlxalq enerji və logistika layihələri başa çatdıqdan sonra ölkəyə daha çox xarici investisiyaların cəlb edilməsini proqnozlaşdırmaq olar.
Birinci növbədə, Ələt Beynəlxalq Ticarət Limanının istifadəyə verilməsi, o cümlədən Azərbaycan dəmir yolları ilə yükdaşımaları üzrə göstəricilər 2023–2024-cü ildə 1,2 milyard manatdan çox olub. Xarici mənfəət üzrə gəlirlərdə də artım var. Bütün bunlar regionda yaranan sülh və əməkdaşlıq prinsiplərinin genişlənməsidir”.
Ekspert qeyd edib ki, regionda sülhün daha da möhkəmləndirilməsi prosesi davam etdikcə, xüsusilə də investisiya risk dərəcələrinin aşağı düşməsi Azərbaycanı əhəmiyyətli strateji tranzit ölkəsinə çevirəcək:
“Nəticədə isə bu investisiya qoyuluşları artacaq. Azərbaycana xarici investisiyaların cəlb edilməsi ilə yanaşı, Azərbaycan xaricə investisiya qoyuluşlarını mütəmadi olaraq artırır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
