Bu gün Azərbaycanın aparıcı onlayn media platformalarından biri olan Metbuat.az xəbər saytının fəaliyyətə başlamasından 9 il ötür.
21 fevral 2017-ci il tarixində fəaliyyətə başlayan sayt qısa müddətdə operativliyi, dəqiqliyi və etibarlılığı əsas prinsip kimi qəbul edərək geniş oxucu auditoriyası formalaşdırıb. Özünəməxsus dəst-xətti ilə seçilən platforma bu gün ölkənin informasiya məkanında mühüm yer tutur.
Metbuat.az ölkə və dünya gündəmini əhatə edən xəbərlərlə yanaşı, analitik yazılar, müsahibələr, reportajlar və ekspert rəyləri ilə oxuculara zəngin və çoxşaxəli məzmun təqdim edir. Portal həm rəsmi veb-saytı, həm də sosial media platformaları vasitəsilə minlərlə izləyicinin gündəlik informasiya mənbəyinə çevrilib.
Sayt Media Reyestrindən ilk qeydiyyatdan keçən media subyektlərindən biridir. Eyni zamanda, Azərbaycan Mətbuat Şurasının üzvü olan Metbuat.az Medianın İnkişafı Agentliyinin keçirdiyi müsabiqələrin qalibi kimi də uğurlara imza atıb.
Metbuat.az kollektivi 9 illik fəaliyyət dövründə onları izləyən və dəstəkləyən oxuculara təşəkkürünü bildirir və gələcəkdə də ən operativ, dəqiq və etibarlı xəbərləri təqdim etmək üçün eyni əzmlə çalışacaqlarını vurğulayır.
Paraqraf.com kollektivi olaraq həmkarlarımızı 9 illik yubileyləri münasibətilə təbrik edir, fəaliyyətlərində yeni uğurlar arzulayırıq.
![]()
