Xaçmaz rayonu Şəmsəddin Sədiyev adına Qımılqışlaq kənd tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü siniflərində təhsil alan şagirdlər dekabr və fevral aylarında 200-ə yaxın uşağı sevindirmişlər. Onların sevincinə səbəb olmaq, yeni biliklər qazandırmaq uşaqların həyata baxışını dəyişir, gələcəkdə seçəcəkləri peşəyə daha inamla və sevgi ilə addımlamalarına şərait yaradır.
Hər bir uşağın sevinci onun ailəsinin sevincidir. Bir uşağı sevindirmək bütöv bir ailəni sevindirmək deməkdir. Gəlin bir olaq, gücümüzü birləşdirək və uşaqlara, şagirdlərə bildiyimiz bütün elmi öyrədək, onların üzündə təbəssüm yaradaq. Uşaq bir işi sevərək və gülərək edərsə, həmin peşəni də sevərək seçər və gələcəkdə ailəsinə, vətəninə layiqli kadr olar. Sabah o da öyrəndiklərini sevgi və həvəslə yüzlərlə insana ötürəcək.
Hər bir körpənin və hər bir şagirdin üzündə təbəssüm yaratmaq müəllim üçün böyük qürur mənbəyidir. Məktəbimizin rəhbərliyi, peşə təmayüllü siniflərin müəllim və şagirdləri bu təşəbbüsün həyata keçirilməsi üçün əllərindən gələni edirlər. Mən də bir müəllim kimi onlara təşəkkür edir, bu gözəl təşəbbüsü birlikdə reallaşdırdığımız üçün qürur duyuram.
Gəlin dövlətimizi sevinc, gülüş, elm və birliklə inkişaf etdirək. Öyrənək və öyrədək, gecə-gündüz dayanmadan elmə və inkişafa doğru inamla addımlayaq.
Ağasiyev Elçin
Paraqraf.com
![]()
