22 fevral – Avtomobil yolları işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi-də təntənəli tədbir keçirilib.
Agentliyin akt zalında təşkil olunan mərasimi giriş nitqi ilə İdarə Heyətinin sədri Vüsal Nəsirli açıb. O, kollektivi peşə bayramı münasibətilə təbrik edərək onlara yeni nailiyyətlər arzulayıb və 22 fevral tarixinin peşə bayramı kimi təsis olunmasının yol təsərrüfatı sahəsinə verilən yüksək dəyərin göstəricisi olduğunu bildirib.
Çıxış zamanı qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən inkişaf strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Vurğulanıb ki, yol infrastrukturunun inkişafı ölkənin ümumi tərəqqisinin əsas şərtlərindən biridir və həyata keçirilən siyasət nəticəsində müasir, beynəlxalq standartlara cavab verən avtomobil yolları şəbəkəsi formalaşdırılır.
İdarə Heyətinin sədri bildirib ki, Vətən müharibəsindən sonra yol infrastrukturunun əhəmiyyəti daha da artıb. İşğaldan azad olunmuş ərazilərdə həyatın bərpası və Böyük Qayıdış prosesi məhz müasir yol şəbəkəsinin qurulması ilə başlayıb. Hazırda həmin ərazilərdə onlarla mühüm layihə icra olunur, bir sıra strateji yollar artıq istifadəyə verilib. İnşa edilən yollar, tunellər və körpülər həm mühəndislik nümunəsi, həm də Böyük Qayıdışın rəmzi kimi dəyərləndirilir.
Sonda yol infrastrukturunun inkişafındakı xidmətlərinə görə Agentliyin bir qrup əməkdaşına fəxri fərmanlar təqdim olunub.



![]()
