Şeytan haqqında məşhur bir lətifə var. Belədir: Ana-bala şeytanlar yol qırağında, kol dalında oturduqları vaxt yolla gedən kişinin eşşəyi onların tuşuna çatanda soncuqlamağa başlayır və kişi qəzəblənərək deyir: “Lənət şeytana!”
Bala şeytan anasına deyir, ana, görürsənmi, insanlar necə haqsızdır, biz burda oturub heç nə etmirik, eşşək özü soncuqlayır, amma o kişi bizi lənətləyir.
Ana şeytan gülüb deyir ki, bala, mənim barmağım o eşşəyin quyruğunun altını qıdıqlamasa, o soncuqlayardımı?
Hər dəfə Rusiyanın ətrafındakı ölkələrdən birndə ictimai-siyasi planda insidentlər, gərginliklər, xoşagəlməz atmosfer yarananda hamı ilk növbədə Kremldən şübhələnir. Əksəriyyət inanır və iddia edir ki, bu işlərdə “Kremlin barmağı var”. Bəzən bunu sübut etmək, “barmağı iş başında tutmaq” olmur, amma vaxt gəlir, üstü açılır ki, gerçəkdən də həmin ölkədəki xoşagəlməz durumu Rusiyanın adamları və ya xüsusi xidmət orqanları yaradıbmış.
Rusiya belə ölkədir. Onun rəsmi və qeyri-rəsmi institutları 7\24 işləyir, Rusiyanın barmağı çatan ölkələrin hamısının daxili ilə bağlı mütləq nəsə bir plan cızır, iş qurur, qarmaq atır və s.
Kremldə hesab edirlər ki, Rusiyanın təhlükəsizliyi və rifahl üçün mütləq yaxın və uzaq ölkələrdəki situasiya kontrolda olmalıdır, lazım gələndə onları ram və idarə etmək, yeri gələndə durumu kardinal şəkildə dəyişmək üçün bu son dərəcə vacibdir.
Qırğızıstanda qırğız dilinin ölkənin rəsmi yazışma və ümumişlək dilinə çevrilməsi ilə bağlı tədbirlər həyata keçirilirsə, bu, Kremldə narahatlığa səbəb olur, dərhal Biçkekə ultimatum verirlər ki, bu, ölkədə yaşayan rusdilli əhalinin mənafeyinə ziddir. Özbəkistan Çinlə iqtisadi əlaqələrini inkişaf etdirirsə, Moskva narazılıq ifadə edir. Ermənistan Avropaya inteqrasiya yolunda ciddi addımlar atırsa, rusiyalı siyasətçilər RF-də yaşayan ermənilərin Ermənistanda yaşayanlardan çox olduğu barədə şantaj səciyyəli açıqlamalar verirlər. Qazaxıstan müstəqil siyasət yürütməyə çalışarkən şimal vilayətlərinin “rus torpağı” olduğu barədə təhdidlərlə üzləşir. O biri qonşular da eləcə, hamısına qarşı mütləq nəsə bir rıçaq var. Rusiyanın əli, barmağı həmin rıçaqların üstündədir. Orta Asiyadan və Qafqazdan olan miqrantlara qarşı yönələn ksenofobik münasibət də o qəbildəndir. Kreml miqrant kartından istifadə edərək postsovet respublikaları sözəbaxan etməyə çalışır.
“Qarabağ münaqişəsi” uzun illər həm Ermənistanı, həm də Azərbaycanı total nəzarətdə saxlamaq üçün Rusiyanın əlində önəmli rıçaq idi. Kreml bu münaqişədən istifadə edərək hər iki ölkəni nəzarətdə saxlayır, sırf bu üzdən konfliktin birdəfəlik həll olunmasına imkan vermirdi. Nəticədə qondarma “Qarabağ münaqişəsi” hər iki ölkənin ayağından asılmış pudluq daşlar idi və onları irəli getməyə, inkişaf etməyə qoymurdu. Nəhayət, Azərbaycan da, Ermənistan da bu daşlardan xilas oldu, qarşılarında yeni üfüqlər, geniş meydanlar açıldı. Bu şantaj kartı Kremlin əlindən çıxandan sonra Moskvadakı strateqlər yeni təzyiq rıçaqları əldə etməyə çalışdılar və çalışırlar.
Ölkəmizə qarşı təzyiq rıçaqlarından biri hazırda bu ölkədə yaşayan Azərbaycan diasporudur. Vaxtilə Azərbaycandan köçərək Rusiyada yerləşmiş həmvətənlərimizin çoxu çoxdan əmək miqrantı deyillər, RF vətəndaşlarıdır, onlar asiyalılar kimi təyyarəyə doldurub Bakıya göndərmək mümkün deyil. Ancaq onları müxtəlif bəhanələrlə məsuliyyətə cəlb etmək, bizneslərinə əngəl törətmək, dövlət orqanlarından xaric etmək mümkündür və son bir ildə bu tendensiya şiddətlənməkdədir.
Daha bir təzyiq üsulu peşəkar və sosial media məkanında Azərbaycana qarşı məkrli, qərəzli və aqressiv təbliğat aparılmasıdır. Bu üsulla Azərbaycan və onun vətəndaşlarına qarşı total ictimai rəy yaradılır.
Ölkə başçısının özü və onun ailə üzvlərinə qarşı başladılan iyrənc kampaniya da o kateqoriyadandır.
Məqsəd yenə məkrlidir: diskreditasiya etmək, xalqda mənfi rəy formalaşdırmaq, kütləvi narazılıqlar üçün zəmin hazırlamaq, inqilabi situasiya yaratmaq, bir sözlə, suyu bulandırıb, bulanıq suda balıq tutmaq.
Azərbaycan müstəqillik qazandıqdan bəri ilk dəfədir ki, azad nəfəs alır, ərazi bütövlüyünü bərpa edib, sərhədlərini etibarlı şəkildə qoruyur, ölkənin ən bərəkətli, məhsuldar torpaqlarında həm tikinti-quruculuq işləri gedir, həm də istehsal təsərrüfatları və müəssisələri yaradılır.
Məhz bunlara görə Azərbaycanı xor görənlər var. Onlara ölkənin bu cür inkişafı sərf etmir, ölkəmizi vassal və ya yarımmüstəmləkə kimi görmək, maddi resurslarına şərik olmaq istəyirlər.
Həmin məkrli dairələr istədiklərinə nail olmadıqda siyasi dəyişikliyə nail olmaq, daha sözəbaxan, qapazaltı iqtidar komandası formalaşdırmağa çalışırlar. Bu, açıq-aydın görünür.
Bu dairələr bir komandanı gözdən salmağın üsullarını yaxşı bilirlər, çünki başqa-başqa ölkələrdə çox təcrübədən keçiriblər. Onlar bilirlər ki, Şərq ölkələrində hansı məsələləri qabartmaqla, nəyin üstünə getməklə nəyə nail olmaq olar.
Azərbaycana hücum çoxşaxəli, çoxvektorludur. Politologiyada buna yeni terminlə “hibrid müharibə” deyirlər. Bu savaşın məğzi bütün üsullardan, vasitələrdən istifadə edərək hədəfə götürülmüş obyekti məğlubiyyətə düçar etməkdən ibarətdir.
2024-cü ilin dekabrında AZAL-a məxsus təyyarənin Qroznı üzərində qəsdən vurulması hadisəsindən bu günə qədər biz Rusiyadan hər cür pislik görmüşük və yamanlıqlar seriyası davam edir.
Ötən ilin avqustunda Vaşinqtonda keçirilən ABŞ-Azərbaycan-Ermənistan sammitindən və bu görüşdə bir sıra mütərəqqi razılaşmaların əldə olunmasından sonra Kreml həm İrəvana, həm də Bakıya düşmən kəsilib. Kremlin sərəncamındakı media (eləcə də özlərini “rus patriotu” sayan “müstəqil mətbuat” ) cidanı çuvalda gizlətmir, əsl düşüncələrini yazılara, müxtəlif materiallara çevirir, federasiyada və onun ətrafında yayırlar.
Rusiya mediası Qafqazda əldə olunacaq qalıcı sülhü rus neo-imperiyasının maraqları üçün təhlükə sayır. Çünki bu halda Kremlin arbitrliyinə ehtiyac qalmayacaq. Onlar bu durumu “Qafqazın əldən çıxması” kimi xarakterizə edir, Qafqazın əldə qalması üçün həm Azərbaycanda, həm də Ermənistanda tamam başqa cür düşünən şəxslərin hakimiyyətdə təmsil olunmasını istəyirlər.
Bir sözlə, dava yorğan davasıdır. Bir şeyi anlamaq lazımdır ki, son 200 ildə Rusiya heç zaman Azərbaycanda haqq-ədalət bərqərar etmək, sadə xalqın güzəranını yaxşılaşdırmaq, ölkəni gücləndirmək dərdi çəkməyib. Ona öz xalqını əzən, amma mərkəzə sədaqətli olan yerli canişinlər lazımdır.
Rusiya elə bir ölkədir ki, girdiyi yerdən asanlıqla, məcbur olmadıqca çıxmır, çıxmaq istəmir. Ancaq Rusiyanı idarə edənlər anlamırlar ki, dünya tarixində boy göstərən ən azman imperiyaların tərəqqi və tənəzzül dövrü olub. Bu tarixi qanunauyğunluqdur. Elə olmasaydı, bu gün Koreyadan Macarıstana qədər intəhasız ərazidə monqollar – Çingiz xanın, Ugedayın, Subedayın, Batı xanın, Mamayın törəmələri ağalıq edərdilər. İndi tarixi rus imperiyası da tənəzzül dövrünü yaşayır və müasir ruslar bununla hesablaşmağa məcburdurlar.
Şeytan barmağını qıdıqlayıb soncuqlatdığı məxluqların quyruğundan çəksə, mənzil başına daha rahat getmək olar.
Araz Altaylı
![]()
