21 fevral dünyada UNESCO tərəfindən Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. Bu günün əsas məqsədi dillərin qorunması, inkişafı və dil müxtəlifliyinin təşviqidir. Hər bir xalqın dili onun tarixi, mədəniyyəti və milli kimliyidir. Ana dili insanın düşüncə tərzini formalaşdırır, mənəvi dəyərlərini yaşadır və nəsillər arasında körpü rolunu yerinə yetirir.
Ana dili insanın ilk öyrəndiyi, duyğularını ifadə etdiyi müqəddəs dəyərdir. Uşaq dünyanı ana dili vasitəsilə tanıyır, fikirlərini bu dildə qurur, cəmiyyətə bu dil vasitəsilə inteqrasiya edir. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın yaddaşı, ədəbiyyatı, folkloru və adət-ənənələridir.
Azərbaycan xalqı üçün Azərbaycan dili milli varlığın əsas sütunudur. Heydər Əliyev Azərbaycan dilinin qorunmasına və inkişafına xüsusi önəm verir. Onun təşəbbüsü ilə dil siyasəti güclənir, ana dilinin dövlət dili kimi mövqeyi möhkəmlənir. Bu gün də İlham Əliyev Azərbaycan dilinin saflığının qorunmasını və zənginləşdirilməsini prioritet istiqamət kimi müəyyən edir.
Qloballaşma dövründə bəzi dillər yox olma təhlükəsi ilə üzləşir. Bu baxımdan ana dilinin qorunması hər bir vətəndaşın borcudur. Dilə sevgi ailədən başlayır, məktəbdə davam edir, cəmiyyətdə möhkəmlənir. Gənc nəsil ana dilini düzgün, səlis və zəngin formada istifadə edir və gələcək nəsillərə ötürür.
21 fevral Ana Dili Günü hər kəsə öz dilinə sevgi və hörmət hissini aşılayır. Ana dili xalqın qürur mənbəyidir və onun yaşaması milli kimliyin yaşaması deməkdir. Dilimizi qoruyaq, inkişaf etdirək və daim uca tutaq.
Rəvənə Hüseynova
Təhsil Tədris Mərkəzinin direktoru
![]()
