Son günlər qlobal əmtəə bazarlarında müşahidə olunan dalğalanmalar fonunda gümüşün qiymətində eniş qeydə alınıb. Qiymətli metallara investisiya marağının dəyişməsi, faiz siyasəti və sənaye tələbatındakı dinamika bu prosesə təsir göstərən əsas amillər kimi qiymətləndirilir.
Bəs gümüşün ucuzlaşmasının arxasında hansı səbəblər dayanır və bu tendensiya bazara necə təsir edir?
“Qiymətli metallar və qiymətli daşlar” üzrə Texniki Komitənin sədri, iqtisadçı Rövşən Əmircanov Paraqraf.com-a bildirib ki, gümüşün qiymətinin enməsi adətən tək bir səbəbdən deyil, bir neçə amilin eyni vaxtda təsiri nəticəsində baş verir:

“Bu prosesdə qlobal maliyyə və əmtəə bazarlarında baş verən dəyişikliklər əsas rol oynayır. İlk növbədə, faiz dərəcələrinin yüksək səviyyədə qalması və ya uzun müddət yüksək qalacağına dair gözləntilər qiymətli metallara təzyiq göstərir. Belə şəraitdə bazar iştirakçıları kapitalı faiz gəliri təmin edən maliyyə alətlərinə yönəltməyə daha çox meylli olurlar ki, bu da gümüşə olan investisiya tələbinin zəifləməsinə səbəb olur. Eyni zamanda, dolların möhkəmlənməsi və geosiyasi gərginliyin azalması da qızıl və gümüş qiymətlərinə təzyiq edən amillərdəndir”.
Digər mühüm amil sənaye tələbatıdır. Gümüş yalnız investisiya aləti deyil, həm də elektronika, günəş panelləri, tibb avadanlıqları və digər sahələrdə geniş istifadə olunan sənaye metalıdır. Buna görə də qlobal istehsalın zəifləməsi, sifarişlərin azalması və sənaye aktivliyini göstərən göstəricilərin aşağı düşməsi gümüşün qiymətinə birbaşa təsir edir. Sənaye aktivliyini göstərən göstəricilərin zəifləməsi sənaye tələbatı üzrə gözləntilərin də azalmasına səbəb olur.
Bundan əlavə, bazarda spekulyativ əməliyyatlar da qiymət dəyişmələrini sürətləndirə bilir. Qısa müddətdə sürətli bahalaşmadan sonra treyderlərin mənfəət götürməsi və ya investorların daha sabit alətlərə yönəlməsi gümüşdə kəskin geriçəkilmə yarada bilər”.
Rövşən Əmircanov qeyd edib ki, gümüşün qiyməti düşdükdə ən həssas seqmentlər qlobal əmtəə bazarındakı (spot) qiymətə birbaşa bağlı olan məhsullar olur:
“Dünya birjasında qiymət dəyişiklikləri pərakəndə sektora da təsir etsə də, təsirin sürəti və səviyyəsi məhsulun növündən asılı olaraq fərqlənir.
Ən tez reaksiya verən məhsullar əsasən 999/999.9 əyarlı gümüş külçələr, investisiya sikkələri və gümüşə bağlı birjada alınıb-satılan maliyyə alətləridir. Bu məhsullarda qiymət əsasən metalın öz dəyərinə bağlı olduğu üçün qlobal qiymət enişi daha tez hiss olunur.
Qiymət enməsinin daha kəskin hiss olunduğu digər sahə isə qırıntı (lom) gümüş bazarıdır. Buraya istifadə olunmuş və köhnə gümüş məmulatlar, zərgərlik istehsalından qalan tullantılar, sənaye istehsalından çıxan gümüş tərkibli qalıqlar və əridilməyə göndərilən qarışıq gümüş materiallar daxildir. Bu məhsullar onsuz da spot qiymətdən aşağı qiymətlə alındığı üçün qlobal bazarda eniş baş verdikdə onların alış qiyməti daha da aşağı düşür və bazarda ucuzlaşma daha kəskin hiss olunur.
Xüsusilə aşağı əyarlı gümüşlərdə (məsələn, 800/830/875) bu təsir daha qabarıq görünür. Çünki bu məhsullarda təmiz gümüşün payı az, emal xərclərinin payı isə nisbətən yüksək olur.
Buna qarşılıq, brendli zərgərlik məmulatlarında (xüsusilə dizayn və işçilik payı yüksək olan məhsullarda) qiymət qlobal gümüş qiyməti ilə hər zaman eyni nisbətdə enmir. Çünki burada işçilik xərci, brend əlavəsi, daşlar, pərakəndə satış xərcləri və stok siyasəti yekun qiymətə təsir edir. Bu səbəbdən zərgərlik seqmentində qiymət enişi adətən daha gec və daha məhdud hiss olunur”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
