Paytaxta yeni avtobuslarla yanaşı, hələ də köhnə avtobuslar fəaliyyət göstərməkdədir. Köhnə avtobuslar yaxşı vəziyyətdə deyil. Köhnə olduqları üçün hərəkət zamanı problemlər yaranır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri üzrə marşrut xətlərində ümumilikdə 2300-ə yaxın avtobus istismar edilir.
Avtobus parkının mərhələli qaydada yenilənməsi prosesində ötən il ərzində Bakıya 300-ə yaxın avtobus gətirilib. Ölkə üzrə isə ötən il ümumilikdə 800-dən artıq avtobusun yenilənməsi həyata keçirilib.
Bu ildən xüsusi “İctimai Nəqliyyat” büdcə fondunun yaradılması və daşıyıcılarla brutto-müqavilə sisteminə keçid avtobus parkının ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri hesabına yenilənməsini sürətləndirəcək.
Eyni zamanda, paytaxtda hər il təxminən 400, Sumqayıt və Abşeronda isə 100 yeni avtobusun alınması və daşımalara cəlb edilməsi gözlənilir. Bu da avtobus parkının sürətlə yenilənməsinə və xidmət keyfiyyətinin daha da artmasına gətirib çıxaracaq.
Hazırda özəl nəqliyyat şirkətləri tərəfindən ekoloji cəhətdən təmiz texnologiyalardan – elektrik enerjisi və ya sıxılmış təbii qazdan istifadə edən müasir avtobusların ölkəyə gətirilməsi davam etdirilir. Həm Bakı, həm də ölkənin müxtəlif regionları yeni avtobuslarla təchiz olunur.
Bakıətrafı qəsəbələr üzrə sərnişindaşıma keyfiyyətinin artırılması istiqamətində işlər də davam etdirilir. Daşıyıcılar tərəfindən yeni avtobusların alınması istiqamətində tədbirlər görülür.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
