Göygöldə məktəbdə zəhərlənən 10 şagird xəstəxanadan evə buraxılıb.
Paraqraf.com-un məlumatına görə, hadisə fevralın 16-sında rayonun Aşıqlı kəndinin C.Verdiyev adına tam orta məktəbində qeydə alınıb.
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən sorğuya cavab olaraq bildirilib ki, həmin məktəbdə dərs prosesi zamanı 10 şagird özünü pis hiss edib:
“Şagirdlər xəstəxanaya çatdırılıblar. Onlara tibbi yardım göstərilib və daha sonra evə buraxılıblar. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır”.
Göygöl Rayon Mərkəzi Xəstəxanasından isə verilən məlumata görə, fevralın 16-sı saat 13:00 radələrində Göygöl rayonu ərazisində zəhərlənmə şübhəsilə 10 (7 kişi, 3 qadın) yeniyetmə tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bildirilib ki, onlara digər dəqiqləşdirilməmiş qeyri-infeksion qastroenteritlər və kolitlər diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıb.
İlkin ehtimala əsasən, şagirdlər məktəbin daxilində satılan şirin qarğıdalıdan zəhərləniblər.
Paraqraf.com
![]()
