Qovlar şəhərində yerləşən 3 saylı tam orta məktəbin mövcud vəziyyəti narahatlıq doğurur. Valideynlər və sakinlər bildirirlər ki, məktəb binası uzun illərdir əsaslı təmir olunmayıb və hazırda istismar üçün təhlükəli vəziyyətdədir.
Məktəbin divar və tavan hissələrində ciddi aşınmalar müşahidə edilir, bəzi yerlərdə isə konstruksiya elementlərinin zədələndiyi qeyd olunur. Sakinlərin sözlərinə görə, bina artıq təmir ediləcək səviyyədə deyil və tamamilə sökülərək yenidən inşa edilməlidir.
Məsələ ilə bağlı Qazax-Tovuz Regional Təhsil İdarəsi “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirib ki, tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni məktəb binalarının tikintisi və mövcud binaların əsaslı təmiri əsas prioritet istiqamətlərdəndir.
Qeyd olunub ki, son iki il ərzində idarənin tabeliyində olan 103 məktəbdə cari, 2 məktəbdə isə əsaslı təmir işləri aparılıb. Həmçinin 3 məktəb binası tam sökülərək yenidən tikilib.
Bildirilib ki, Tovuz rayonu Qovlar şəhəri 3 nömrəli tam orta ümumtəhsil məktəbinin mövcud vəziyyətindən məlumatlıdırlar və binanın əsaslı təmiri və ya yenidən tikintisi ilə bağlı məsələ qeydiyyata alınıb.
Əlavə olaraq qeyd olunub ki, təhsil müəssisələrinin tikintisi və təmiri növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
