Azərbaycan Prezidenti İlham Əliyevin Serbiyaya rəsmi səfəri başa çatıb.
Belqrad şəhərinin Nikola Tesla Hava Limanında dövlət başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Prezident İlham Əliyevi Serbiya Prezidenti Aleksandar Vuçiç yola salıb.
Politoloq Züriyyə Qarayeva “Paraqraf.com”a bildirib ki, Prezident İlham Əliyevin Serbiyaya rəsmi səfəri sıradan diplomatik jest deyil, qarşılıqlı siyasi etimada söykənən uzunmüddətli xəttin davamıdır:

“Bakı və Belqrad arasında formalaşmış münasibətlərin mərkəzində suverenlik və dövlət maraqlarının qorunması dayanır. Prezidentin açıqlamalarında Aleksandar Vuçiçin liderlik keyfiyyətlərinə xüsusi vurğu təsadüfi deyil. Azərbaycan Serbiyanı öz gücünə arxalanan, xarici asılılıqlardan yayınmağa çalışan ölkə kimi görür və bu modeli açıq şəkildə dəstəkləyir. Bu səfər həm də Balkanlar üzərindən Avropa istiqamətində Bakının siyasi mövqelərini möhkəmləndirmək məqsədi daşıyır. Tərəflərin beynəlxalq platformalarda bir-birinin ərazi bütövlüyünü ardıcıl şəkildə dəstəkləməsi bir daha təsdiqlənir. İqtisadi və enerji gündəliyi isə səfərin əsas praktik nəticə xəttini təşkil edir”.
O qeyd edib ki, Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazır olduğunu açıq şəkildə bəyan edir:
“Bu, xüsusilə energetika sahəsində konkret layihələrlə müşayiət olunur. Təbii qaz ixracının artırılması, qazın elektrik enerjisinə çevrilməsi, yeni elektrik stansiyalarının inşası və bərpaolunan enerji üzrə əməkdaşlıq artıq niyyət yox, plan mərhələsindədir. Azərbaycanın 2032-ci ilə qədər ixrac üçün əlavə 8 giqavat enerji gücü formalaşdırmaq hədəfi Serbiyanı Avropaya çıxış üçün mühüm tranzit və istehsal tərəfdaşına çevirir. Bu kontekstdə səfər göstərir ki, Azərbaycan–Serbiya əlaqələri artıq klassik dostluq çərçivəsindən çıxaraq strateji enerji və sərmayə tərəfdaşlığı mərhələsinə daxil olub”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
