Son vaxtlar şagirdlərin özlərinə və ətraflarındakı insanlara zərər vurması gündəmdədir. Bu, acınacaqlı haldır. Ötən günlərdə Bakı şəhərində şagird müəlliməni güllələyib. Bu gün isə başqa bir şagird Quba rayonunda özünü güllələyib. Bu kimi hallar valideynləri, uşaqları və cəmiyyəti ciddi şəkildə narahat edir. Belə hadisələrin şahidi olan digər uşaqlarda qorxu yarana bilər. Nəticədə məktəbə getmək həvəsi azalır. Həmçinin valideynlər də bu cür durumlardan narahat olaraq övladlarını rahatlıqla məktəbə göndərməkdən çəkinə bilərlər.
Sosioloq Mail Yaqub Paraqraf.com-a bildirib ki, Azərbaycanda məktəblərdə bu kimi hallar müşahidə olunur:

“Belə hallara səbəb valideynin evdə uşağa düzgün nəzarət etməməsi və ona ədəb-ərkan qaydalarını öyrətməməsidir. Əgər məktəbli evdə valideynindən bu kimi mənəvi dəstəyi əxz etməsə, nəticədə uşaq məktəbdə əxlaqa zidd hərəkətlər edəcək. Məktəbdəki gərgin mühit: müəllimin şagirdi təhqir etməsi və əsəbləşdirməsi, məktəblilərin bir-birilərinə qarşı mənəvi təzyiqi də şagirdi özündən çıxara bilər. Məktəbdə müəllimlər də davranışlarına diqqət etməlidirlər”.
Mail Yaqub əlavə edib ki, Azərbaycanda sosial şəbəkələrə nəzarət yoxdur:
“Sosial şəbəkələrdə bəzi ünsürlər sanki gənclərin və yeniyetmələrin qəsdinə durublar. Sosial şəbəkələrdə heç bir meyar gözlənilmir. Bunu izləyən məktəbli də aqressiv hərəkətlər etməyə başlayır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
