Ötən gün Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin rəsmi qarşılanma mərasimi keçirilib. 18 ildən sonra ABŞ vitse-prezidentinin ölkəmizə ilk dəfə belə səfəri baş tutub. Son zamanlar ABŞ-Azərbaycan arasında strateji əməkdaşlıqlar yüksək səviyyədədir. Ötən ay Donald Trampın İlham Əliyevi Sülh Şurasına qoşulmağa dəvət etməsi də bunu göstərir.
Mövzu ilə bağlı Millət vəkili Hikmət Babaoğlu “Paraqraf.com”a açıqlamasında bildirib ki, ABŞ-lə Azərbaycan arasında münasibətlər strateji tərəfdaşlıq haqqında imzalanan Xartiya ilə daha da möhkəmlənir:

“Əslində, Xartiyanın mətnində əməkdaşlıq üçün nəzərdə tutulan istiqamətlər çoxşaxəlidir. Sənəddə günün ən aktual məsələlərindən olan təhlükəsizlik, süni intellekt sahəsində əməkdaşlıq, enerji daşıyıcıları və anti-terror məsələləri öz əksini tapıb. Bu isə onu göstərir ki, bütün bu sahələr üzrə əməkdaşlıq etmək üçün 907-ci düzəliş ləğv edilməlidir. Əks təqdirdə, Xartiyada nəzərdə tutulan məsələləri həyata keçirmək çətin olacaq”.
Millət vəkili qeyd edib ki, imzalanan Xartiya 907-ci düzəlişin ləğvini zəruri edir:
“Bu mənada yeni əməkdaşlıq istiqamətləri meydana çıxır. Bunlardan biri də Azərbaycanın Donald Trampın yaratdığı Sülh Şurasında üzv olmasıdır. Bu, Azərbaycan üçün yeni imkanlar yaradacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
