Fevralın 10-da gözlənilən hava şəraiti açıqlanıb.
Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə hava şəraitinin arabir yağıntılı olacağı, sulu qara və qara keçəcəyi gözlənilir. Gün ərzində ayrı-ayrı ərazilərdə yağıntının intensiv olacağı ehtimalı var.
Maraqlıdır, Bakı Şəhər İcra Hakimiyyəti belə hava şəraitində hansı tədbirləri görür?
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentindən “Paraqraf.com”un sorğusuna cavab olaraq bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıqla bağlı qərargahlar yaradılıb və müvafiq hazırlıq iclasları keçirilib.
Hər bir quruma qarın təmizlənməsi üçün lazımi sayda alət və inventarın toplanması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması ilə bağlı tapşırıqlar verilib.
Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin texnikası hazır vəziyyətə gətirilib, kifayət qədər duz ehtiyatı yaradılıb.
Qar yağan zaman küçələrin təmizlənməsi işlərinə kommunal qurumların texnikası ilə yanaşı, idarə və təşkilatların, bələdiyyələrin, eləcə də özəl qurumların mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
