Sumqayıt şəhərinin 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı “Kimyaçı” mədəniyyət sarayında keçirilib.
Hesabat yığıncağında Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov, Milli Məclisin deputatları Hicran Hüseynova, Tahir Mirkişili, Mehriban Vəliyeva, Elnarə Akimova, Zaur Şükürov, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.
Hesabat yığıncağı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına həsr olunmuş film nümayiş etdirilib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov hesabat məruzəsində bildirib ki, “Konstitusiya və Suverenlik ili” elan edilmiş 2025-ci il ölkəmiz və Sumqayıt şəhəri üçün uğurlarla yadda qalıb. O qeyd edib ki, 2025-ci il Azərbaycanın müasir tarixində müharibədən sonrakı mərhələnin yalnız bərpa dövrü kimi deyil, eyni zamanda şanlı Zəfərin tam legitimləşdirildiyi, suverenliyin beynəlxalq miqyasda möhkəmləndiyi və dövlətimizin yeni inkişaf mərhələsinə keçdiyi il kimi dəyərləndirilir.
Vurğulanıb ki, son illərdə Sumqayıt şəhərində həyata keçirilən kompleks sosial-iqtisadi tədbirlər regionların inkişafına dair dövlət proqramlarının tərkib hissəsi olaraq şəhərin əsas göstəricilərinin ildən-ilə artan dinamika ilə inkişafına şərait yaradıb.
Qeyd edilib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf siyasətinin tərkib hissəsi kimi Sumqayıtda geniş abadlıq-quruculuq işləri aparılıb, yeni sənaye kompleksləri yaradılıb. Sumqayıt sürətlə inkişaf edərək regionun ikinci böyük sənaye mərkəzinə çevrilib. Hazırda şəhərdə kimya və neft-kimya, metallurgiya, maşınqayırma, elektroenergetika, yeyinti, yüngül sənaye və tikinti materialları istehsalı sahələrində onlarla müəssisə fəaliyyət göstərir.
Bildirilib ki, dövlətin sənaye siyasəti, özəl sektorun təşəbbüsləri və investisiya axını Sumqayıt Kimya Sənaye Parkının imkanlarını genişləndirib. Parkda investisiya portfeli 6 milyard manatdan artıq olan 40 sahibkarlıq subyektinə rezidentlik statusu verilib, onlardan 28-i artıq fəaliyyət göstərir.
Hesabat məruzəsində vurğulanıb ki, Sumqayıt bu gün Cənubi Qafqazın ikinci ən iri sənaye mərkəzi kimi tanınmaqla yanaşı, elm, təhsil, səhiyyə, mədəniyyət və şəhər təsərrüfatı sahələrində də mühüm nailiyyətlər əldə edib.
Şəhər İcra Hakimiyyətinin başçısı qarşıda duran vəzifələrə də toxunaraq bildirib ki, cari ildə sosial-iqtisadi inkişafın daha da sürətləndirilməsi, yeni istehsal sahələrinin yaradılması, məşğulluğun artırılması, aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması əsas prioritetlərdəndir. Eyni zamanda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində şəhərin bir sıra köhnə məhəllələrində istismar müddəti başa çatmış yaşayış binalarının və qəzalı yataqxanaların sökülməsi, sakinlərin yeni mənzillərlə təmin olunması nəzərdə tutulur.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl dövlət siyasəti nəticəsində 2025-ci ildə ölkədə bütün sahələr üzrə mühüm nailiyyətlərin əldə edildiyini bildirib. O, Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndiyini, qarşıda duran strateji hədəflər və şəhərin gələcək inkişaf istiqamətləri barədə məlumat verib.
Hesabat yığıncağında Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, şəhər prokuroru Mürvət Həsənov, Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Milli Məclisin deputatı Elnarə Akimova və digər şəxslər də çıxış edərək 2025-ci ildə görülən işləri təhlil edib, mövcud problemlər və onların həlli ilə bağlı təkliflərini səsləndiriblər.
Sonda hesabat yığıncağı iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olunub və müraciətin mətni tədbir iştirakçılarının diqqətinə çatdırılıb.




Paraqraf.com
![]()
