29 yanvar 2026-cı il tarixində Qərbi Azərbaycanın Amasiya Rayon İcmasının təşkilatçılığı ilə ictimai-mədəni tədbir keçirildi.
Tədbirin rəyasət heyətində Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu, eləcə də Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının və Allahverdi Rayon İcmasının sədri, professor Vahid Novruzov təmsil olunurdular.
Tədbirin gündəliyinə Amasiya Rayon İcmasının idarə heyətinin üzvü, ictimai fəal və ağsaqqal Mehdi İsmayıl oğlu Haqverdiyevin 90 illik yubileyinin, folklorşünas alim Tacir Səmiminin 70 illik yubileyinin qeyd olunması, həmçinin Tacir Səmiminin müəllifi olduğu “Sözüm – söhbətim Ağbaba” və Amasiya rayonu Qoncalı kənd icmasının sədri, ehtiyatda olan polkovnik-leytenant Ələsgər Hüseyn oğlu Vəliyevin müəllifi olduğu “İbrət” kitablarının təqdimatı daxil idi.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Tədbiri giriş sözü ilə açan Amasiya Rayon İcmasının sədri, akademik Abel Məhərrəmov icmanın yaranma və təşkilatlanma mərhələləri, bu istiqamətdə görülən işlər və keçirilmiş tədbirlər barədə hesabat xarakterli çıxış etdi. O, icmanın fəaliyyət istiqamətləri, qarşıda duran vəzifələr və gələcək planlar haqqında məlumat verdi, Amasiya İcmasına göstərilən dəstəyə görə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə icma üzvləri adından təşəkkürünü bildirdi. Akademik, həmçinin qonşu rayon icmalarını təmsil edən ziyalılara nümayiş etdirdikləri həmrəyliyə görə minnətdarlığını ifadə etdi.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu doğulduğu Amasiya rayonu ilə bağlı xatirələrini bölüşərək, bu cür tədbirlərin milli yaddaşın qorunması və tarixi-mənəvi dəyərlərin yaşadılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı.
Qərbi Azərbaycan İcması Nəzarət-Təftiş Komissiyasının və Allahverdi Rayon İcmasının sədri, professor Vahid Novruzov rayon icmalarının təşkilatlanması prosesi, Qərbi Azərbaycana qayıdış istiqamətində görülən işlər barədə danışdı və tədbirə dəvətə görə təşəkkür etdi.
Daha sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələr aparıldı, çıxışlar dinlənildi.
Mehdi Haqverdiyevin 90 illik yubileyinə həsr olunmuş hissədə onun ağsaqqallıq missiyası, ictimai fəaliyyəti və icma həyatındakı rolu xüsusi qeyd edildi. Amasiyalı ağsaqqal Aslan Ramazanov, vaxtilə Ermənistan Mərkəzi Komitəsinin üzvü olmuş Məhyəddin Aydınov və professor Aslan Bayramov çıxış edərək yubilyarın mənalı ömür yolundan bəhs etdilər.
Tacir Səmiminin 70 illik yubileyi və “Sözüm – söhbətim Ağbaba” kitabının təqdimatı zamanı onun Qərbi Azərbaycan folklorunun toplanması və tədqiqi sahəsindəki xidmətləri vurğulandı. Professor Aftandil Ağbaba, şair-publisist Şəmsi Qoca, filologiya elmləri namizədi Afoş Vəliyev və texnika üzrə fəlsəfə doktoru Turan İbrahimov kitabın elmi və mənəvi əhəmiyyətindən danışdılar.
Ələsgər Vəliyevin “İbrət” kitabının təqdimatı zamanı çıxış edənlər nəşrin vətənpərvərlik ruhu, tarixi yaddaşın qorunması və gənc nəslin milli şüurunun formalaşdırılması baxımından əhəmiyyətini qeyd etdilər. Bu mövzuda şair-publisist İmran Güllübulaqlı, ehtiyatda olan polkovniklər Zahid Teymurov və Elmar Hüseynov, həmçinin Amasiya Rayon İcması üzrə koordinator Əhməd Rzayev çıxış etdilər.
Tədbirin sonunda yubilyarlara Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli tərəfindən imzalanmış təşəkkürnamələr və Amasiya Rayon İcmasının fəxri diplomları təqdim olundu.
Sonda Mehdi Haqverdiyev, Tacir Səmimi və Ələsgər Vəliyev göstərilən diqqət və ehtirama görə təşəkkürlərini bildirərək yaradıcılıq fəaliyyətləri haqqında qısa məlumat verdilər.
Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşdı.




![]()
