ABŞ-da fəaliyyət göstərmiş məxfi Zona 51 hərbi-elmi bazası ilə bağlı yayılan iddialar arasında ən qorxulu və mübahisəli hekayələrdən biri “Abiqeyl” layihəsi adlandırılan eksperimentdir.
İddialara görə, bu layihə İkinci Dünya müharibəsindən dərhal sonra, Zona 51-in rəsmi olaraq hərbi və elmi məqsədlər üçün istifadəyə verildiyi dövrdə həyata keçirilib. Layihənin əsas fiquru gənc tələbə Abiqeyl Vester olub. O, Zona 51-də müxtəlif eksperimentlərin icrasına cavabdeh olan amerikalı alim Albert Vesterin qızı idi.
Mənbələrdə bildirilir ki, Abiqeyl müxtəlif dozalarda radiasiyaya məruz qoyulub. Məqsəd radiasiyanın insan orqanizminə təsirini öyrənmək və gələcəkdə ona qarşı davamlılıq yarada biləcək bir formul tapmaq olub.
Təxminən iki il davam edən eksperimentlərdən sonra Albert Vester qızını faktiki olaraq itirdiyini anlayıb. İddialara əsasən, Abiqeylin dərisi qalınlaşıb və qırışıb, dişləri isə qeyri-adi dərəcədə böyüyərək qorxunc forma alıb. Psixoloji sarsıntı yaşayan ata etdiyi əməllərə dözə bilməyərək həyatına son qoyub.
Onun ölümündən sonra Zona 51 əməkdaşlarının Abiqeyli taleyin ümidinə buraxdığı, qidalanmadan məhrum etdiyi iddia olunur. Bir müddət sonra gənc qadının bazadan qaçaraq səhrada gizləndiyi bildirilir.
Əfsanəyə görə, Abiqeyl Vesterdən bu günə qədər də izlər qalır. Hətta bəzi iddialarda onun gecə saatlarında Nyu-York şəhərində dolaşan qəribə səslər kimi eşidildiyi qeyd olunur.
Rəsmi qurumlar bu hekayəni heç vaxt təsdiqləməyib və “Abiqeyl” layihəsi Zona 51 ətrafında dolaşan qorxulu urbanistik əfsanələrdən biri hesab olunur.
Həsən
Paraqraf.com
![]()
