Velikorus şovinizminin yeni qabarması müşahidə olunur. 2014-cü ildən bəri biz bunu dəfələrlə müşahidə etmişik. İndiki kükrəmə onlardan biri və ən şiddətlisidir. Artıq solovyovlar, duqinlər heç bir əndazə gözləmirlər, isterik şəkildə öz beyinlərindəki mürtəce fikirləri dillərinə gətirirlər.
Neçə vaxtdır, onların fikri-zikri rus dövlətçiliyinin ən əzəmətli dövrü olan SSRİ dönəmini necəsə bərpa etməkdir. Dəfələrlə demişik, yenə təkrar edək ki, bu məlun propoqndistlər SSRİ-nin ideologiyasını, qayda-qanunlarını, yarımçıq olsa da, beynəlmiləlçiyini yox, yalnız sərhədlərini bərpa etmək istəyirlər, yenidən “fəhlə-kəndli hökuməti” təsis etmək istəmirlər.
SSRİ isə təpədən-dırnağa qədər rus dövləti olsa da, əslində sırf ruslar tərəfindən idarə edilməyib. SSRİ tarixini araşdıranda bunu asanlıqla görmək olur.
Çar Rusiyasında bolşevik çevrilişi törədərək hakimiyyəti götürən inqilabçıların milli mənsubluqlarına diqqət yetirdikdə sovet hökumətinin nədən beynəlmiləlçi olduğu aşkara çıxır. Bu şəxsləri birləşdirən dəyər bir millətin hegemonluğu deyildi, xalqların bərabərliyi idi.
Məşhur inqilabçılardan Vladimir Lenin, Lev Trotski, İosif Stalin, Yakov (Yankel) Sverdlov, Serqo Orconikidze, Feliks Dzerjinski, Vyaçeslav Menjinski, Henrix Yaqoda (Gerşel İequda), Lavrenti Beriya, Qriqori Zinovyev, Nikolay Buxarin, Lev Kamenev, Karl Radek, Lazar Kaqanoviç, Anastas Mikoyan, Andrey Vışinski, Maksim Litvinov (Meer-Genox Moiseyeviç Vallax), Mixail Frunze, Abel Yenukidze, Yan Rudzutak, Vasili Şmidt və yüzlərcə başqaları rus olmayıblar.
Onlar yəhudi, gürcü, polyak, erməni, moldovan, ukraynalı, latış, alman olublar və rusların hakimiyyət komandasında dominant olmasına imkan verməyiblər.
İki polyak əsilli (Dzerjinski və Menjinski) komissardan sonra NKVD-nin, ölkəni idarə edən ən qüdrətli qurumun başına keçən yəhudi Henrix Yaqodanın dövründə bu sistemdə işləyən yüksək vəzifəli şəxslərin yarıya qədəri (45 faizi) məhz yəhudi əsilli olub, o biri yarısı isə ruslar, ukraynalılar, beloruslar, gürcülər, ermənilər və başqa sovet xalqlarının təmsilçiləri.
SSRİ ərazisi boyunca fəaliyyət göstərən həbs düşərgələrinin rəisləri Yaqodanın himayəsi sayəsində Berman, Rapoport, Koqan, Firin, Apert, Katsnelson, Balitski, Finkelşteyn, Şklyar, Polin, Şabo, Qoqel, Fridberq, Pilar, Abrampolski, Fayviloviç, Zaliqman, Deribas, Leplevski soyadlı şəxslər olub.
Yaqodadan sonra həmin vəzifəyə gələn Yejov NKVD-ni milliləşdirə bilməyib, ancaq onu əvəz edən gürcü-meqrel Lavrenti Beriya qafqazlıları (əsasən erməniləri və gürcüləri) bu sistemdə kifayət qədər yerləşdirib.
Başqa nazirlik və komitələrin şəxsi heyəti də əsasən beynəlmiləl tərkibli olub və ruslar millətçilik edə, “bu, bizim dövlətimizdir, burada ağa biz olmalıyıq” deyə bilməyiblər.
Kompartiyanın 1934-cü ildə keçirilən qurultayında rus Kirovun gürcü Stalindən çox səs alması kommunist-millətçi rusların gələcək planlarının faş olması demək olub və bu, SSRİ-də həyata keçirilən qanlı repressiyaya rəvac verib.
Stalinin ölümündən sonra Xruşovun daha güclü və nüfuzlu Beriyanı zərərsizləşdirə bilməsi məhz “rus milli kimliyi”nə istinad edilməsi nəticəsində mümkün olub. Hakimiyyətin yuxarı eşelonundakılar rus dövlətinə ard-arda ikinci gürcünün rəhbərlik etməsi variantına qarşı çıxıblar. Ancaq onlar yenə də Kremli tam ruslaşdıra bilməyiblər.
Daha sonra hakimiyyət Ukrayna klanının əlinə keçib. 18 il rus dövlətinə rəhbərlik edən ukraynalı Leonid Brejnev onu özündən sonra həmyerlisi Şerbitskiyə ötürmək istəyib, ancaq bu plan alınmayıb. Hansı millətdən olduğu dəqiq bilinməyən Yuri Andropovdan və ukraynalı Konstantin Çernenkodan sonra SSRİ-nin idarəçiliyi, nəhayət, rus Mixail Qorbaçovun əlinə düşüb. Ancaq rus liderlər uzun illərdən sonra SSRİ adlanan rus dövlətinin əsl sahibi olmağa imkan tapmadan dövlət dağılıb.
İndiki rus millətçiləri SSRİ dövründə kadr siyasətində buraxılmış səhvi (onların prizmasından) düzəltmək, dağılmış qırmızı imperiyanın yerində yeni bir imperialist dövlət qurmaq, bu dəfə sırf özlərinin dominant, ağa olmasını təmin etmək niyyətindədirlər. Onlar bu dövlətə daxil olacaq xalqların övladlarını kütləvi şəkildə qabağa çəkmək, yüksək vəzifələr vermək fikrində deyillər, məqsəd odur ki, bütün respublikalar qeyd-şərtsiz, şaquli şəkildə Moskvaya tabe olsunlar, Kreml onlara hansı statusu verirsə, onunla kifayətlənirlər, başqa müstəqillik, muxtariyyat söhbəti etməsinlər. Zatən, SSRİ dövründə də müttəfiq respublikaların muxtariyyatı şərti səciyyə daşıyırdı, Kremlin bütün direktivləri sözsüz yerinə yetirilirdi.
Rus şovinistlər Rusiyadan qopmuş 14 respublikanın müstəqilliyini heç vaxt qəbul etməyiblər, amma dinə də bilməyiblər, sakitcə oturub fürsət gözləyiblər. İndi onlara elə gəlir ki, o fürsəti özləri yaratmalıdırlar – münasibətləri gərginləşdirməklə, ortalığı qarışdırmaqla, ehtirasları qızışdırmaqla, yerlərdəki “5-ci kolon”larını hərəkətə gətirməklə və s.
SSRİ-nin güclü, qüdrətli vaxtı isə gerçəkdən də ölkə rəhbərliyində ittifaqda yaşayan xalqların ən istedadlı övladlarının potensialından istifadə edildiyi dönəmlər olub. O zamanlar ölkə rəhbərliyində rus, ukraynalı, gürcü, yəhudi, latış, azərbaycanlı, qazax, erməni və başqa millətlərin övladları təmsil olunurdu və hamı SSRİ-ni təkcə rusların yox, bütün xalqların dövləti sayırdı.
Söz yox, silah gücünə, qan hesabına qurulmuş ittifaqda zorla bir araya gətirilmiş xalqlarda gizli şəkildə millətçilik tendensiyası vardı. Bu millətçiliyin ideya xətti əsasən ruslardan ayrılmaq, müstəqil olmaq idi. Rusların o vaxtkı millətçiliyi dövlətdə bütün ali vəzifələri götürmək, ölkəni şəriksiz idarə etməklə məhdudlaşırdı. İndiki rus şovinizminin məqsədi isə heç bir xalqa müstəqillik verməmək, hamını yenidən əsarət altına almaq və bəs deyincə istismar etməkdir.
Başqa sözlə, keçmiş SSRİ xalqlarının millətçiliyi ilə rusların şovinizmi çox fərqlənir. Birinin ideyası azadlığa, ikincinin xətti isə əsarətə aparır.
Ancaq dövr çox dəyişib. İndi 106 il əvvəlki dövr deyil ki, xalqların bir auditoriyanı dolduracaq qədər savadlı, təhsilli adamı olmasın və ruslar cahil kütləni mücərrəd və cəlbedici ideyalarla aldada bilsinlər. İndi hamı hər şeyi anlayır, tarixi bilir, ideologiyaları fərqləndirir, ağı qardan seçir. İndi heç Britaniya da yenidən Hindistanı işğal edib, yüz milyonlarla adamı köləyə çevirə bilməz.
Araz Altaylı
![]()
