Romanlar çox şeyi izah etdi, divarlar hər şeyi yazdı, filmlər öpüşlərlə doldu. Babamın danışdığı can alıcı nağılları demirəm. O nağılların dayanacağında isə avtobuslar heç vaxt saxlamazdı.
Əgər bu günədək gizli addımların səsinə qulaq asmısansa, balkonda günəbaxan tumlarını çırtlayan qadınlara diqqətlə baxmısansa, küçədə hamı eşitsin deyə yüksək səslə danışan boşboğazları kifayət qədər dinləmisənsə, corablarını çıxar. Çünki biz eyni səhifədəyik — sadəcə fərqli saflıqdayıq.
“Fərqli” deyirəm, çünki mən hər gecə sənin getmək istəmədiyin şəhərlərdən qayıdıram.
Yuxularında səsi eşidilən quyulardan gəlirəm.
Xəyallarında quruyan çaylardan gəlirəm.
Və bunu bir tısbağanın ürəyi ilə edirəm.
Hansısа kitabda oxumuşdum: bir tısbağanın ürəyini çıxarsan, o ürək bir saat da döyünməyə davam edər. Bir dərənin isə əlli ildən sonra mütləq daşacağını insan öz təcrübəsi ilə də anlayır.
Bəs bu eşqdən nə öyrəndik?
İnsan bir gün hamını unuda bilər. İllər sonra, hətta əlli ildən sonra belə.
İnsanlar həmişə yanıldılar, dəfələrlə məğlub oldular. Amma nə ağrıların hesabını tutmağa, nə gözləmələrə, nə də geri dönüşlərə vaxt tapdılar.
Bu gün insanlar harada doğulduqlarını, hansı kənddən nə vaxt gəldiklərini xatırlamırlar. Hətta ilk sevgilini hansı küçədə gördüklərini də unudublar. Əllərinin ilk görüşdəki həyəcan tərinin quruyub-quramadığını, dodaqlarında ilk öpüşün sərxoşluğunun qalıb-qalmadığını belə bilmirlər.
“Sansız yaşaya bilmərəm” deyən o qız, ya da o oğlan indi hansı kənddə qalıb?
Dərisinin rəngi axşam alatoranında dumanla bozaran, siması buğda tarlasını xatırladan o “afəti-dövran” hələ də yol gözləyirmi?
Həyatın mənasını bədənini atlaz çarşablara sərməkdə görən adam bir gün geri dönəcəyini düşünürmü?
— İnandırıcı deyil.
İnsan haradan bilsin ki, gedişlər üşüməyin başlanğıcıdır, səyahət isə yanğınların başlandığı yerə doğru atılan addımdır?
Bağışla, yaranı sarımaq istərkən onu qanada biləcəyimi hesaba qatmamışdım.
Bir şeyi də deyim: yaşamaq istədiyin dünyanı şahin kimi buludlarda qurmaq bizim üçün nə qədər çətindirsə, dağlara dırmanan at kimi tənginəfəs yaşamaq da bizim alın yazımızdır.

Banu Muharrem
![]()
