Rusiya-Ukrayna müharibəsi yanvarın 24-dən etibarən beşinci ilinə qədəm qoydu. Ötən 4 il göstərdi ki, bu savaş təkcə Şərqi Avropanın taleyini deyil, bütövlükdə Avrasiya məkanının geosiyasi düzənini yenidən formalaşdırır.
Cəbhə xəttindən minlərlə kilometr uzaqda yerləşən Cənubi Qafqaz da bu qlobal toqquşmanın yaratdığı təlatümlərdən kənarda qalmır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, böyük güclər arasında yeni balans axtarışları region üçün həm ciddi risklər, həm də strateji imkanlar yaradır.
Məhz belə mürəkkəb və həssas bir dövrdə Azərbaycan praqmatik xarici siyasəti, çoxvektorlu diplomatiyası və regional liderliyə əsaslanan yanaşması ilə fərqlənir. Bakı bir tərəfdən milli maraqlarını qətiyyətlə qoruyur, digər tərəfdən isə Şərqlə Qərb, Şimalla Cənub arasında etibarlı körpü rolunu gücləndirir. Müharibənin dərinləşdirdiyi qlobal qarşıdurma fonunda Azərbaycanın sülhə, sabitliyə və əməkdaşlığa əsaslanan xətti Cənubi Qafqaz üçün real təhlükəsizlik modeli kimi ön plana çıxır.
Bu mənada Rusiya–Ukrayna müharibəsinin 5-ci ili Qafqaz üçün sadəcə risklər dövrü deyil, həm də Azərbaycanın artan geosiyasi çəkisini və regionun gələcəyini formalaşdırmaq potensialını açıq şəkildə ortaya qoyan yeni mərhələnin başlanğıcıdır.
Politoloq Əli Orucov Musavat.com-a dedi ki, Rusiya-Ukrayna müharibəsinin nəticələri dünyanın yenidən nizamlanmasına və şəkilləndirilməsinə ciddi təsir göstərəcək: “Əgər Moskva uduşla çıxacaqsa, onun imperiyapərərəst ambisiyalarının artmasına və bu yöndə praktik addımlar atmasına imkanlar açacaq. Doğrudur, tərəflərdən hər ikisi ciddi itkilərlə çıxacaq. Güzəştsiz və kompromissiz sülh mümkün deyil. Ukraynanın ərazi itkiləri və demiletarizasiyası hesabına müharibənin dayandırılması təkcə postsovet məkanı üçün deyil, Şərqi Avropa dövlətləri üçün də problemlər və risklər yaradacaq. Kreml zatən keçmiş İttifaq respublikalarını özünün təbii və ənənəvi təsir zonası sayır. İlkin olaraq da itirilmiş mövqe və nüfuzunu bərpa etmək üçün hərəkətə keçəcəyi şübhə doğurmur. Artıq bunun ideoloji və təbliğat bazasının hazırlanmasına strart verilib. Kreml ideoloqları və bəzi rəsmilər açıq şəkildə təhdid və güc dilində danışıqlarını və ritorikalarını da sərtləşdirməkdədirlər. Dövlətlərin müstəqillikləri və suverenlikləri açıq şəkildə şübhə altına atılır. Əlbəttə ki, Cənubi Qafqaz regionu da bu təhlükələrdən sığortalanmayıb. Ermənistan nə qədər özünü Qərbyönlü və transatlantikaya inteqrasiya xətti tutduğunu göstərsə də, Rusiyadan bütün sahələrdə asılılığını saxlayır. Bu ölkədə ictimai siyasi durum gərgin və həssas olaraq qalır. Gürcüstanın Qərblə qarşıdurması fonunda Moskvanın fəallaşması sezilməkdədir. Tək Azərbaycana Rusiya istədiyi şəkildə təsir və təzyiq etmək imkanları geniş deyil. Bakının çoxvektorlu xarici siyasəti və strateji müttəfiqlərinin sayının artırması onu Moskvanın təcavüzündən qoruyan faktora çevrilib. Xüsusən də Birləşmiş Ştatlarla son dövrlər strateji müttəfiqlik səviyyəsinə qalxan əməkdaşlıq, NATO ilə əlaqələrini genişləndirməsi yad təsirlərdən çəkindirici rol oynayır. Mübaliğəsiz deyə bilərik ki, Azərbaycan Cənubi Qafqazın qarantör funksiyasını uğurla yerinə yetirməkdədir. Hesab etmirəm ki, Rusiya-Ukrayna müharibəsindən sonra Moskva Cənubi Qafqazda güc balansını öz xeyrinə dəyişmək üçün Vaşinqton, Ankara və Bakı ilə açıq konfrantasiyaya getməyə həvəslənsin. Belə bir iddiası ola bilər, ancaq praktik olaraq daha bir belə avantüraya getməz”.
Cavanşir Abbaslı
![]()
