Yanvarın 24-ü görkəmli riyaziyyatçı alim, AMEA-nın həqiqi üzvü, fizika-riyaziyyat elmləri doktoru, professor Yusif Əbülfət oğlu Məmmədovun doğum günüdür. Bu münasibətlə onun zəngin elmi, pedaqoji və təşkilati fəaliyyəti haqqında geniş məqalə dərc olunub.
Məqalədə akademik Yusif Məmmədovun elmə gəlişi, formalaşmasında görkəmli alim, akademik Məcid Rəsulovun xüsusi rolu vurğulanır. Qeyd olunur ki, 21 yaşında Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyətə başlayan Yusif Məmmədov qısa müddətdə elmi nailiyyətləri ilə seçilərək elmlər namizədi, daha sonra elmlər doktoru elmi dərəcələrini alıb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, sonralar isə həqiqi üzvü seçilib.
Yazıda onun riyazi fizika tənlikləri, diferensial tənliklər və spektral məsələlər sahəsində apardığı fundamental tədqiqatlar, bu istiqamətdə əldə etdiyi mühüm elmi nəticələr, eləcə də beynəlxalq elmi ictimaiyyətdə qazandığı nüfuz geniş şəkildə işıqlandırılır. Akademik Yusif Məmmədovun rəhbərliyi ilə onlarla fəlsəfə doktoru və elmlər doktorunun yetişdiyi xüsusi qeyd olunur.
Məqalədə alimin elm və təhsil təşkilatçısı kimi fəaliyyəti də ön plana çəkilir. Onun Bakı Dövlət Universitetində dekan, kafedra müdiri, Birinci prorektor, 2006–2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru kimi çalışdığı dövrdə ali təhsilin inkişafı, maddi-texniki bazanın möhkəmləndirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində gördüyü işlər vurğulanır.
Akademik Yusif Məmmədovun yüksək şəxsi keyfiyyətləri, təvazökarlığı, abırlı və prinsipial mövqeyi də məqalədə xüsusi yer tutur. Bildirilir ki, o, tutduğu yüksək vəzifələrə baxmayaraq, hər zaman sadə, ziyalı davranışı ilə seçilib və cəmiyyətdə böyük hörmət qazanıb.
Qeyd edək ki, akademik Yusif Məmmədovun elmi və pedaqoji fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. O, “Əməkdar elm xadimi” fəxri adına, “Şöhrət” ordeninə və 2-ci dərəcəli “Əmək” ordeninə layiq görülüb. Hazırda BDU-nun Riyazi fizika tənlikləri kafedrasına rəhbərlik edən alim eyni zamanda elmi fəaliyyətini fəal şəkildə davam etdirir.
Məqalənin sonunda görkəmli alim doğum günü münasibətilə təbrik olunaraq, ona möhkəm can sağlığı, yeni elmi uğurlar və ailə xoşbəxtliyi arzulanır.
Misir Mərdənov
Paraqraf.com
![]()
