İsrailin, ABŞ-nin tələblərinə baxmayaraq, Qəzza zolağının Misir sərhədində yerləşən “Rəfah” sərhəd-keçid məntəqəsini açmaqdan imtina etdiyi bildirilib.
Paraqraf.com xəbər verir ki, “Yedioth Ahronot” qəzetinin yüksəkvəzifəli israilli rəsmiyə istinadən yaydığı xəbərə görə, bazar günü axşam saatlarında toplaşan İsrail Təhlükəsizlik Kabineti Rəfah Sərhəd Keçid Məntəqəsinin bağlı saxlanılması ilə bağlı qərar qəbul edib.
İsrailli rəsmi, ABŞ administrasiyasının atəşkəsin ikinci mərhələsinə keçildiyini elan etməsinə və bu istiqamətdəki tələblərinə baxmayaraq, Təl-Əviv rəhbərliyinin “Rəfah” sərhəd-keçid məntəqəsini bağlı saxlamaq qərarından geri çəkilmədiyini qeyd edib.
Rəsmi şəxs həmçinin Qəzza İdarəetmə Şurasına Türkiyə və Qətərdən nümayəndələrin daxil edilməsinin Təl-Əviv və Vaşinqton rəhbərlikləri arasında daha əvvəl əldə olunan razılaşmada yer almadığını iddia edib.
Xatırladılıb ki, İsrail daha əvvəl 7 oktyabr 2023-cü ildə baş verən toqquşmalarda öldürülən israilli əsgər Ran Qvilinin cəsədi təhvil verilmədən “Rəfah” sərhəd-keçid məntəqəsinin açılmasına icazə verilməyəcəyini bəyan etmişdi.
Atəşkəsə baxmayaraq, Qəzzanın İsrail xaricində dünyaya açılan yeganə çıxış nöqtəsi olan “Rəfah” sərhəd-keçid məntəqəsini açmayan İsrail, 2024-cü ilin may ayından etibarən keçid məntəqəsini işğal altında saxlayır.
Paraqraf.com
![]()
