Qış aylarında su təchizatı ilə bağlı görülən işlər və abonentlərə müraciət
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti qış mövsümündə su təchizatı və kanalizasiya sistemlərində yarana biləcək problemlərin qarşısının alınması məqsədilə müvafiq tədbirləri davam etdirir.
Paraqraf.com-a verilən məlumata görə, əsasən kanalizasiya kollektorlarının yuyulması, baxış quyularının və yağış barmaqlıqlarının təmizlənməsi işləri həyata keçirilir. Görülən tədbirlər intensiv yağıntılar zamanı yağış və tullantı sularının xətlər vasitəsilə maneəsiz ötürülməsinə şərait yaradır. Eyni zamanda kanalizasiya nasos stansiyaları təftiş olunur, mexaniki avadanlıqlar saz vəziyyətə gətirilir.
Bildirilir ki, qış aylarında su təchizatı sistemində yaranan problemlərin əksəriyyəti sayğacların və magistral paylayıcı şəbəkələrin donması ilə bağlı olur. Xüsusilə primitiv üsulla çəkilmiş və izolyasiya tələblərinə cavab verməyən su xətlərində donvurma halları daha çox müşahidə edilir. Bu baxımdan həmin xətlərin izolyasiya olunması və ya torpaq altına keçirilməsi tövsiyə olunur.
Qurum abonentlərin diqqətinə çatdırır ki, fərdi yaşayış evlərində, həyətyanı sahələrdə və kommersiya obyektlərində quraşdırılmış su sayğaclarının şaxtalı havalarda donaraq sıradan çıxmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi vacibdir.
Xüsusilə gecə saatlarında şaxtanın daha güclü olduğu dövrlərdə sayğacın içərisində su qalmaması üçün giriş vintilinin bağlanması, çıxış vintilinin açıq saxlanılması və sayğac qutusunun qapağının bağlı olması tövsiyə edilir. Donvurmadan qorunmaq məqsədilə açıq havada qalan boruların və sayğacın isti materiallarla örtülməsi, qutunun içərisinin ağac yonqarı ilə doldurulması da vacib tədbirlər sırasında göstərilir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti abonentləri qış mövsümündə bu qaydalara əməl etməyə çağırır.
Həsən
Paraqraf.com
![]()
