Son dövrlər sosial şəbəkə platforması TikTok-da özünü hərbçi kimi təqdim edən, hərbi geyimdə və ya hərbi atributlardan istifadə edərək paylaşımlar edən istifadəçilərin sayı artıb. Sözügedən videolarda zarafat xarakterli ifadələr, qeyri-ciddi mətnlər və hərbi xidmətin mahiyyəti ilə uzlaşmayan davranışlar diqqət çəkir. Bu isə cəmiyyətdə haqlı narazılıq doğurur.
Paraqraf.com xəbər verir ki, paylaşımlarda hərbi forma, rütbə nişanları və hərbi həyatla bağlı görüntülərdən istifadə edilsə də, videoların məzmunu çox vaxt etik çərçivələrə sığmır. Xüsusilə “neçə yaşın var?”, “həsrətdə qalanlara gəlsin” kimi qeyri-ciddi ifadələrin hərbi geyim fonunda təqdim olunması ordunun nüfuzuna xələl gətirən hal kimi qiymətləndirilir.
Mütəxəssislər bildirir ki, hərbi forma sadəcə geyim deyil, dövlətin və ordunun simvoludur. Ondan sosial şəbəkələrdə reytinq və baxış toplamaq məqsədilə, üstəlik, zarafat və məsxərə tonu ilə istifadə olunması yolverilməzdir. Bu cür paylaşımlar real hərbi xidmətdə olan, çətin və məsuliyyətli vəzifə daşıyan hərbçilərin əməyinə kölgə sala bilər.
Digər tərəfdən, TikTok-da özünü hərbçi kimi təqdim edən şəxslərin həqiqətən hərbi qulluqçu olub-olmaması da sual altındadır. Bu isə cəmiyyətdə yanlış təsəvvür yaradır, xüsusilə gənclər arasında hərbi xidmətə münasibətin bəsit və qeyri-ciddi formalaşmasına səbəb olur.
Ekspertlər hesab edirlər ki, bu kimi hallarla bağlı maarifləndirmə gücləndirilməli, sosial şəbəkələrdə hərbi atributlardan istifadəyə daha məsuliyyətli yanaşılmalıdır. Ordunun və hərbi xidmətin nüfuzu “like” və baxış naminə qurban verilməməlidir. Sosial media azad platforma olsa da, hər kəs paylaşdığı məzmunun ictimai və mənəvi məsuliyyətini dərk etməlidir.
Ləman
Paraqraf.com
![]()
