Facebook sosial şəbəkəsində yayılan paylaşımlarda “Borani” restoranlar şəbəkəsi ilə bağlı narazılıqlar səsləndirilib.
İddialara görə, vətəndaşlardan biri tək olduğu üçün “Borani” restoranının ümumi zalına buraxılmayıb. Paylaşımda qeyd olunur ki, restoranın Dərya adlı əməkdaşı həmin zalın yalnız ailələr üçün nəzərdə tutulduğunu bildirib və müştəriyə “kişilər üçün” ayrılmış başqa zala keçmək təklif edilib. Müştəri bu yanaşmanı diskriminasiya kimi qiymətləndirərək restorandan getdiyini bildirib.
Eyni paylaşımlarda restoran şəbəkəsində sanitariya və qida təhlükəsizliyi ilə bağlı da ciddi iddialar yer alıb. Facebook istifadəçilərinin yazdıqlarına görə, mətbəx şəraitinin qənaətbəxş olmadığı, həşərat problemlərinin mövcud olduğu, bəzi salatların bir gün əvvəldən hazırlanaraq soyuducuda saxlanıldığı iddia edilir. Paylaşımlarda, həmçinin, göyərtilərin lazımi qaydada yuyulmadan istifadə edildiyi və müxtəlif yeməklərin eyni xammaldan hazırlandığı da qeyd olunub.
Bundan başqa, sosial şəbəkədə yayılan məlumatlarda AQTA yoxlamalarından əvvəl restoranlara əvvəlcədən xəbər verildiyi iddia edilir. Qeyd olunan məsələlərlə bağlı hələlik rəsmi qurumlar tərəfindən açıqlama verilməyib.
Həsən
Paraqraf.com
![]()
