Gündəlik həyatın sürətli və yorucu axınında bir çoxumuz ailə bağlarını, əxlaq anlayışını və seçdiyimiz həyat yolunu dərindən düşünməyə vaxt tapmırıq. Çox zaman bizə təqdim olunan hazır həyat modelləri ilə yaşamağa razı olur, daxili dünyamızda hiss etdiyimiz boşluqların səbəbini anlamaqda çətinlik çəkirik. Ailə sadəcə fərdi bir seçimdirmi, yoxsa insanın qaça bilməyəcəyi mənəvi məsuliyyətdirmi? Özünü axtaran insanın təkliyi bir çıxılmazlıqdır, yoxsa yeni bir başlanğıcın astanası?
Bu və bu kimi suallar müasir insanın ən dərin daxili dilemmlərini əks etdirir. Paraqraf.com bu mövzular ətrafında fəlsəfi baxışı və sərt mövqeləri ilə tanınan filosof Müşfiq Ötgünlə söhbətləşib. Müsahibədə ailə anlayışından əxlaqın mahiyyətinə, təkliyin mənasından həqiqət axtarışına qədər bir çox fundamental məsələlərə toxunulur.
Paraqraf.com məsələ ilə bağlı filosof Müşfiq Ötgünlə müsahibəni təqdim edir:
– Bir insan ailəsinə sevgini borc kimi, yoxsa seçim kimi yaşamalıdır?
– Bir insan ailəsinə olan sevgini təkcə seçim kimi deyil, eyni zamanda borc kimi yaşamalıdır. Əgər bu sevgi yalnız şəxsi seçim prizmasından dəyərləndirilərsə, insan zamanla ondan vaz keçə bilər. Halbuki ailəyə bağlılıq həm də mənəvi borcdur və bu borcdan imtina əxlaqi düşkünlükdür.
Əxlaq əskikliyi maddi yoxsulluq kimi dərhal görünmür. İnsanlar çox vaxt onun yoxluğunu hiss etmirlər. Amma əxlaqı olmayan bir insan, həyatında nəyi olursa olsun, xoşbəxt ola bilməz. Buna görə də əxlaqlı olmaq və onu borc kimi qəbul etmək insanın mənəvi sabitliyi və daxili rahatlığı üçün zəruridir.
Bir ana analığından, bir ata atalığından, bir övlad isə övladlıq məsuliyyətindən imtina edə bilməz. Əgər edərsə, bu artıq şərəf məsələsinə çevrilir. Eynilə, bir vətəndaş da vətəndaşlıq məsuliyyətindən qaça bilməz. Bu baxımdan kosmopolitizm mənim üçün şərəfsizlikdir.
– Müasir insanın “özünü axtarışı” sonda tənhalığa aparırsa, bu inkişafdır, yoxsa tənəzzül?
– Özünü axtarış nə müasir insana, nə də qədim dövrlərə xasdır. Bu, insan ruhunun əbədi yolçuluğudur. Lakin bu yol çox vaxt tənhalıqdan keçir. Çünki bu yol unikaldır və hər kəs səninlə eyni sınaqdan keçməyə hazır olmur.
Amma bu yolu sona qədər gedə bilən, kifayət qədər cəsarətli olan və qurban verməyə hazır insanlar sonda həqiqətə çatırlar. Həqiqəti tapan insan isə artıq tənhalığını dəf etmiş olur. Çünki həqiqət insanı təkliyindən çıxarır.
Tarixdə bunun çoxlu nümunələri var. Zərdüşt səkkiz il mağarada yaşadı, sonra insanlara qayıtdı. Məhəmməd Peyğəmbər Hira dağındakı tənhalığından sonra milyonların yoluna işıq tutdu. Bu gün bəlkə də həqiqətin yanında dayanmaq çətin və qorxulu görünür. Amma həqiqətin varsa, tək deyilsən və tənhalıqdan şikayət etmirsən. Çünki həqiqət səni sonda mütləq doğru insanlarla bir araya gətirir.
– “Əxlaq” insanın daxilindənmi doğur, yoxsa cəmiyyətin tələb etdiyi roldur?
– Əgər əxlaq yalnız cəmiyyətin qoyduğu qaydalara uyğunlaşmaqdırsa, bu, sadəcə sosial “etiket”dir — yəni başqalarının gözündə yaxşı görünmək üçün öyrənilmiş davranışlar toplusudur. Belə bir “əxlaq”ın arxasında çox vaxt riyakarlıq dayanır. İnsan uyğunlaşır, amma daxilində bu davranışın mənəvi təməli olmur.
Əsl əxlaq isə insanın daxili dünyasından, xeyir və şəri dərk etməsindən, həyat və ölüm anlamını anlayaraq davranmasından doğur. Mərifət və mənəviyyat yalnız o zaman həqiqi olur ki, insan bu davranışları dərk edərək, içdən gələn seçimlə nümayiş etdirir. Bu halda əxlaq şəxsiyyətin ayrılmaz hissəsinə çevrilir.
Məhz dərk edilmiş, könüllü və səmimi əxlaq insanı dəyişdirir. Gerçək transformasiya və mənəvi inqilab yalnız bu yolla mümkündür. Əsl əxlaqa çağırış da elə bu dəyişimin çağırışıdır.
– İnsan yaşadığı həyatın “doğru” olub-olmadığını nə zaman anlayır?
– Bu sualın cavabını çox vaxt həyatın özü verir. Çünki həyat reaksiya verən, canlı bir sistemdir.
Necə ki, bir orqanizmin diri olub-olmadığını yoxlamaq üçün ona stimul veririk. Məsələn, gözə işıq tuturuq və ya iynə batırırıq — həyat da bizə müxtəlif qarşılıqlar və siqnallar göndərir.
Əgər insan etdiyi seçimlərdən sonra daxili rahatlıq tapmırsa, əzab və göz yaşları təkrarlanırsa, bu artıq bir xəbərdarlıqdır: nəsə düz getmir. Doğru yolda olan insan isə həyatında aydınlıq, ardıcıllıq və mənəvi rahatlıq hiss edir. Doğru yol həm insanın daxilində, həm də həyatın ritmində özünü göstərir.
Səhvlər bizi silkələyir, böhranlar isə oyadır. İnsan “doğru” bildiyi bir anlayış uğrunda əzab çəkirsə, həmin doğrunun özü də sınağa çəkilir. Əgər bu ağrının içində belə o seçim insana mənəvi güc və inam verirsə, bu artıq həqiqi doğrunun sınaqdan çıxmış formasıdır.
– İnsanlar niyə qalmaqallı fikirlərə daha çox reaksiya verir, amma dərin düşüncələrə maraq göstərmir?
– Bu, insanın maraq səviyyəsi ilə bağlıdır. Səthi düşüncəli insanlar üçün zahiri və ani hadisələr daha cəlbedicidir. Onlar hadisələrin səbəbindən çox, səs-küyünə reaksiya verirlər. Dərin düşüncə isə təfəkkür və zəhmət tələb edir və bu yol hər kəs üçün cazibədar deyil.
Daxili dərinliyi olan insanı isə məsələlərin görünən tərəfi yox, altında gizlənən səbəblər maraqlandırır. O, hadisələrin kökünə enməyə çalışır. Amma bu, təkcə zehni deyil, eyni zamanda mənəvi məsuliyyət tələb edir.
Bu səbəbdən dərin düşüncəyə maraq göstərən insanlar az olur. Onlar çoxluğun deyil, azlığın yolunu seçirlər. Quranda da bu həqiqət belə ifadə olunur: “İnsanların çoxu bilmir”. Çünki insanların əksəriyyəti zahirə aldanaraq həyatın periferiyasında ilişib qalır. Halbuki cəmiyyətin həqiqi dəyişimi və mənəvi təkamülü məhz səthdən dərinə enən bu azlığın təsiri ilə baş verir. Həqiqət sakitdir, amma dönməzdir. Onu görmək üçün sadəcə zahiri gurultudan uzaqlaşmaq kifayətdir.
Ləman
Paraqraf.com
![]()
