Meyvə şirəsinin qablaşdırması açılan kimi ətrafa kəskin və xoşagəlməz qoxu yayılıb. Daha da narahatedici məqam isə portağal şirəsinin tərkibində kifə bənzər qatın və ağ rəngli yad cisimlərin aşkar olunmasıdır.
Paraqraf.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, istehlakçı mağazadan aldığı “Natura” markalı portağal şirəsində sağlamlıq üçün təhlükə yarada biləcək hal müşahidə edib.
İstehlakçının bildirdiyinə görə, məhsulun son istifadə tarixi qüvvədə olub və qablaşdırmada hər hansı zədələnmə qeydə alınmayıb. Bu fakt isə istehsal prosesində texniki və sanitar-gigiyenik normalara əməl olunmaması ehtimalını gündəmə gətirir.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə və istehsalçı şirkətə sorğu ünvanlasaq da, hələlik rəsmi cavab əldə olunmayıb.
Qeyd edək ki, mütəxəssislər bu cür halların insan sağlamlığı üçün ciddi risklər yaratdığını bildirir və istehlakçıları şübhəli məhsullarla qarşılaşdıqları zaman dərhal aidiyyəti qurumlara müraciət etməyə çağırırlar.
Ləman
Paraqraf.com
![]()
