Axşamlar məhəllədə qəribə bir səssizlik hökm sürür. Nə qaçan uşaq səsi var, nə də topun asfaltla toqquşması eşidilir. Halbuki bir vaxtlar bu küçələr gülüşlə dolu idi. İndi isə uşaqlar evdədir. Əllərində telefon, gözləri ekranda, ruhları virtual bir aləmdə itib. Telefon səssizcə onların uşaqlığını oğurlayır.
Həyata baxanda iki fərqli yol görünür. Bir tərəfdə kitab oxuyan, idman edən, həyatı hiss edənlər var. Digər tərəfdə isə saatlarla telefona baxan, zamanının və uşaqlığının əldən getdiyinin fərqinə varmayanlar. Uşaqları telefon asılılığından uzaqlaşdırmaq artıq seçim deyil, zərurətdir.
Bu gün uşaqların ən yaxın dostu oyuncaq ayı və ya rəngli maşınlar deyil, parlaq ekranlı telefondur. Səhər oyanan kimi baxdıqları, axşam yatmazdan əvvəl son toxunduqları məhz odur. Bu səssiz asılılıq uşaqların uşaqlığını yavaş-yavaş əlindən alır. Kiçik yaşda telefonla uzun müddət vaxt keçirmək uşaqların sosiallaşmasına və ünsiyyət qurmasına ciddi maneələr yaradır.
Uşaqları bu asılılıqdan qurtarmaq üçün ilk növbədə qadağadan uzaq durmaq lazımdır. Telefonu tamamilə qadağan etmək onu daha cazibədar edir. “Telefondan əl çək” deməkdənsə, “gəl birlikdə vaxt keçirək” demək daha təsirlidir. Valideynlər sakit və səmimi şəkildə telefonun zərərlərini izah etməli, uşağın yanında olduqlarını hiss etdirməlidirlər. Uşaq anlayanda ki, onu başa düşən biri var, dəyişiklik başlaya bilər.
Uşağın həyatında boşluq olduqda, bu boşluğu telefon doldurur. Məktəb və telefon arasında sıxışıb qalan uşaq təbii olaraq ekrana sığınır. Uşağın həyatına idman, rəsm, musiqi, kitab, şahmat, üzgüçülük kimi fəaliyyətlər daxil edildikdə bu asılılıq zəifləyir. Real həyatda əldə edilən uğurlar uşağa həqiqi sevinc verir. Bir qol vurmaq, bir rəsm çəkmək, bir kitabı bitirmək uşağın özünə inamını artırır. Ailə ilə keçirilən vaxt isə texnologiyanın heç vaxt əvəz edə bilməyəcəyi dəyərdir.
Valideynin davranışı uşağın güzgüsüdür. Uşağa “az telefon oyna” deyib, özün saatlarla telefona baxmaq təsirsizdir. Uşaq deyilənə yox, görülənə inanır. Süfrədə telefon yoxdursa, ailə söhbəti varsa, bu uşaq üçün normal olur. Bəzən dəyişməli olan uşaqlar yox, böyüklərdir.
Bir çox hallarda uşaq telefona diqqət çatışmazlığı səbəbindən bağlanır. Telefon onu dinləyir, əyləndirir və darıxmağa qoymur. Valideyn uşağa vaxt ayırdıqda, onu dinlədikdə, birlikdə fəaliyyətlər etdikdə uşaq ekrana deyil, ailəsinə bağlanır. Ana ilə rəsm çəkmək, ata ilə futbol oynamaq uşağın yaddaşında silinməz izlər buraxır.
Valideynlər uşaqlarının qədrini bilməlidirlər. Xoşbəxtlik bahalı telefonlarda və son model texnikada deyil. Telefon köhnələr, qırılar, unudular. Birlikdə keçirilən vaxt isə heç vaxt itməz.
Uşaqlar pul yox, diqqət istəyir. Bahalı hədiyyələr yox, gülüş, söhbət və xatirələr axtarırlar. Axşam süfrə arxasında edilən söhbət, birlikdə çıxılan bir gəzinti, səmimi bir qucaq yaddaşlarda həmişəlik qalır.
Uşaqlıq geri qayıtmır. Bu gün övladınızın əlindən tutmasanız, sabah o, telefonu tutacaq. Telefonu kənara qoyun, uşağınıza vaxt ayırın. Bir uşağın ən böyük ehtiyacı bahalı texnika deyil, sevən və yanında olan bir ailədir.
Q.Allahverdi
Paraqraf.com
![]()
