Tarixi baxış: Qayıdış hüququ bağlı məsələ son üç ildən artıqdır ki, cəmiyyətimizdə ən çox müzakirə olunan mövzulardandır. Əslində qayıdış hüquqlarının aktuallığı Azərbaycan cəmiyyəti üçün ən azı azərbaycanlıların Qərbi Azərbaycandan (indki Ermənistan) zorla çıxarılmasının tarixi qədərdir. Lakin bu haqda indi daha çox danışılmağa başlanılmışdır ki, bunun da özünəməxsus səbəbləri var. Təkcə onu demək kifayətdir ki, 20-ci əsrdə azərbaycanlılar indiki Ermənistandan 3 dəfə deportasiya olunublar, soyqırımına məruz qalıblar. Lakin bu zaman kəsiyində azərbaycanlılar öz tarixi torpaqlarına, evlərinə həmişə qayıtmaq istəyiblər. Hələ 1918-1920-ci illərdə Qərbi Azərbaycanda etnik təmizləməyə məruz qoyulan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə Bakıda fəaliyyət göstərən İrəvan Quberniyası Həmyerliləri Təşkilatı və ya İrəvan Valiliyi Müsəlmanları Yerdaşlığı məşğul olurdu. Bu təşkilat deportasiya olunanların hüquqlarının müdafiəsi barədə Cənubi Qafqazdakı beynəlxalq qurumlara və diplomatik nümayəndəliklərə müraciətlər göndərir, onları Erməni daşnak dövləti tərəfindən həyata keçirilən soyqırımına son qoymağa yardım etməyə çağırırdı. 1989-cu ildən fəaliyyətdə olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin də bu yöndə xeyli fəaliyyəti olmuşdur. 2022-ci ildə isə Azərbaycan Qaçqınlar Cəmiyyəti təşkilati baxımdan yeniləndi və hazırda Qərbi Azərbaycan İcması adı ilə 1987-1991-ci illərdə indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların öz tarixi vətənlərinə qayıdış hüquqlarının tanınması və bu məsələyə beynəlxalq ictimai diqqətin artırılması və bir çox başqa məsələlərlə məşğul olur. Deportasiya olunmuş azərbaycanlıların qayıdışı artıq indi daha intensiv şəkildə gündəmə gətirilir.
İcmanın məqsədi müxtəlif vaxtlarda etnik mənsubiyyətlərinə görə indiki Ermənistan ərazisindən deportasiya olunmuş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin ictimai-mədəni birliyinə nail olmaqla onların hüquqlarının beynəlxalq müstəvidə bərpası – Ümumdünya İnsan Hüquqları Bəyannaməsində, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktda, Qaçqınların Statusuna dair Konvensiyada və digər mühüm beynəlxalq aktlarda təsbit olunmuş geriyə qayıtmaq hüququna əsaslanmaqla indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmalarına şərait yaradılması və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarının təmin edilməsi, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in varisi olan indiki Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir.
İcma 2023-cü ilin yanvarında indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün İcmanın həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyənləşdirən, beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanan, ədalətin və sülhün bərqərar olunmasına xidmət edən konseptual sənədi – “İndiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə konsepsiya” – Qayıdış Konsepsiyasını qəbul etmişdir.
Hamıya yaxşı məlumdur ki, XX əsrin son onilliyi dünyanın bir çox bölgələrində müxtəlif nisbətdə və intensivlikdə silahlı münaqişələr baş vermişdir. Sovet İttifaqının dağılması Soyuq Müharibənin başa çatması görünümü fonunda bu münaqişələrin coğrafiyası bir qədər də genişləndi. Keçmiş Yuqoslaviyada, istərsə də Afrikanın Böyük Göllər regionunda, Qafqazda, Əfqanıstanda və başqa yerlərdə əsrlər boyu birlikdə yaşayan icmalar ayrılıb və milyonlarla insan köçkün düşüb. Münaqişələrin əksəriyyəti ideoloji məsələ ilə yanaşı, irqi, etnik və ya dini ədavətdən qaynaqlanır. Təəssüf ki, beynəlxalq humanitar hüququn, insan hüquqlarının kobud şəkildə pozulması və son 70 ildən çox dövrdə yaranmış bəşəriyyətin umumi normativ çərçivələrinə, dinc birgə yaşayışın prinsiplərinə açıq-aşkar hörmətsizlik, mülki qurbanların nisbətinin artması istər dövlətlərarası, istərsə də dövlətdaxili səviyyədə aparılan bütün münaqişələrin əsas rəmzinə çevrilmişdir. Bunlar isə insanların iztirabları, etnik təmizləmə, soyqırımı və böyük humanitar böhranlar, istər eyni ölkənin daxilində, istərsə də xaricə kütləvi surətdə baş tutan qaçqınların və məcburi köçkünlərin böyük problemlərini gündəmə gətirir.
Son dövrlərdə dünaynın münaqişə bölgələrindən Avropaya və Türkiyəyə qaçqın axının miqyası kifayət qədər böyükdür. Çünki münaqişə zonalarında mülki əhali qəsdən hədəfə alınır və onların məcburi şəkildə qaçması təkcə müharibə üsullarının ağırlığını təmsil etməklə kifayətlənmir, həm də münaqişənin əsas məqsədlərinə çevrilir.
Bununla belə, hər nə qədər danışılmasından və bəlkə də diplomatik səylərin göstərilməsindən asılı olmayaraq qaçqınların öz evlərinə qaytarılması məsələsi həmişə beynəlxalq səviyyədə yüksək prioritet olmayıb. Bunu biz Azərbaycanın öz timsalında görür və müşahidə edirik. 30 ilə yaxın bir müddətdə Azərbaycan ərazilərinin Ermənistan tərərfindən işğalı ilə bağlı BMT-nin məlum dörd qətnaməsi nəinki icra olunmurdu, ona heç məhəl də qoyulmurdu. Nəticədə Azərbaycan özü hərbi yolla torpaqlarını işğaldan azad etdi və indi məcburi köçkünlər tədriclə öz doğma yurd yerlərinə qaytarılır.
İkinci Dünya Müharibəsi ilə 1980-ci illərin sonları arasında beynəlxalq qaçqın rejiminin əsas tərəfdarları nadir hallarda qaçqınların geri qayıtmasını vacib hesab edirdilər. Lakin Soyuq Müharibənin bitməsi görünümündən və xüsusən də keçmiş Yuqoslaviyada böhranın başlanmasından sonra qaçqın axını kəskin şəkildə artdığı üçün beynəlxalq ictimaiyyətin diqqəti qaçqınların geri qayıtmasına daha çox cəlb edilmişdir. Eyni zamanda qaçqınların və köçkünlərin əksəriyyətinin öz əvvəlki evlərinə qayıtmaq istəməsi ehtimalına əsaslanaraq, qayıdış qaçqınların üzləşdiyi problemlərin həlli üçün üstünlük verilən davamlı həll yolu kimi görünür. 1995-ci il noyabrın 21-də ABŞ-ın Dayton şəhərində imzalanan müqaviləyə əsasən Bosniya və Hersoqovinya arasında təxmini 4 il davam edən müharibəyə son qoyuldu. Bu müqavilədən sonra qaçıqnların böyük əksəriyyəti öz evlərinə qaydıda bildilər. Bu isə özlüyündə qaçqınların öz evlərinə və mülklərinə qayıtmaq hüquqlarının bərpası fikrinin mövqeyini gücləndirir.
Birmənalı olaraq qeyd etməliyik ki, indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüquqlarının bərpası ilə bağlı məsələ hər hansı siyasi qərara bağlı məsələdən daha ötə hüquq müstəvisində baxılmalı olan və bu yöndə fəaliyyətlərin icrasını tələb edən məsələdir. Bəziləri bilərək, ya da bilməyərək mediada məsələnin siyasi ölçülərinə vurğu etməklə gələcəkdə qarşılaşa biləcəyimiz əngəllərin təməlini qoyur. Ona görə də qayıdış hüququnun özündə nələri ehtiva etdiyinə dair bəzi fikirləri (hətta başqa müstəvilərdə səsləndirilmiş (yazılmış) olsa belə) bölüşməyin faydalı olacağını düşünürəm.
Tarixi baxımdan milli qanunvericilikdə geri qayıtmaq hüququnun ilk rəsmi etirafı ingilis kilsəsi, şəhərlər və tacirlərin hüquqları, miras hüquqi və vəsiyyət mövzularını əhatə edən 63 maddədən ibarət olan “Magna Carta”da (1215) tapıla bilər. Burada geri qayıtmaq hüququ hərəkət azadlığı hüququnun bir hissəsi hesab olunur. 17-ci əsrdə Holland hüquqşünası, dövlət xadimi, filosof, şair və dramaturqu, beynəlxalq hüquq elminin atası adlandırılan Hugo Grotius “hər bir millət hər bir başqa millətə səyahət etməkdə azaddır” prinsipini irəli sürmüşdü.
Geri qayıtmaq hüququ 1948-ci ilə qədər beynəlxalq hüquqda adət statusu əldə etmiş normalardır və beynəlxalq hüquqda tam şəkildə tanınır. Bu bütün dövlətlər üçün hüquqi cəhətdən məcburidir və buna görə də dövlətlər bu normalarla kodlaşdırılmış qaydalara qanuni olaraq riayət etməyə borcludurlar. Gail J.Bolingə görə, geri qayıtmaq hüququ -…şəxslərin müvəqqəti getdikdən sonra geri qayıtmasına qəsdən qadağa qoyulduğu hallarda və zorla qovulma hallarında (kütləvi miqyasda və ya başqa şəkildə) tətbiq edilir. Qaçqınların öz evlərinə və mülklərinə qayıtmaq hüququ beynəlxalq hüququn dörd ayrı müddəasında əksini tapır: qaçqınlar hüququ, dövlət varisliyinə tətbiq edilən vətəndaşlıq hüququ, humanitar hüquq və insan hüquqları hüququ.
Hərəkət azadlığı: Müvafiq beynəlxalq sənədlər insanların azad hərəkətinə daha geniş kontekstində baxmağa imkan verir və geri qayıtmaq hüququndan bəhs edir. Hərəkət azadlığı iki əsas aspekti ehtiva edir: daxili aspekt, yəni ölkə daxilində hərəkət azadlığı və xarici aspekt, yəni dövlətlər arasında hərəkət azadlığı. Sonuncu aspekt adətən öz ölkəsini tərk etmək hüququ adlandırılır. Müvəqqəti və ya daimi olaraq, öz ölkəsinə daxil olmaq və ya qayıtmaq. Ayrılma və qayıtma hüquqları bir-biri ilə sıx bağlı olsa da, birinin mövcudluğu digərinin effektiv şəkildə həyata keçirilməsinə imkan verir, müvafiq olaraq onları həyata keçirən şəxslərin müxtəlif ehtiyaclarına cavab verir. Ölkəsini tərk edən şəxs bunu səyahət etmək, mühacirət etmək və ya sığınacaq axtarmaq istəyi ilə edə bilər. Altını çizərək qeyd etmək istərdim ki, öz ölkəsinə qayıtmaq istəyən insanı adətən vətənə, mənsub olduğu yerə, öz köklərinə qayıtmaq istəyi motivasiya edir. Bu “baza və ya vətən üçün təbii istəy”in hərəkət azadlığının vətəndaşlıq hüququ ilə məntiqi əlaqəsini nümayiş etdirdiyi deyilir və bu mənada geri qayıtmaq hüququ vətəndaşlığın hüquqi anlayışı ilə sıx bağlıdır. Bundan əlavə, geri qayıtmaq hüququ digər insan hüquqları ilə, məsələn, mülkiyyət hüququ, şəxsi toxunulmazlıq hüququ və vətəndaşların qəbul hüququ ilə sıx bağlı ola bilər. Baxmayaraq ki, “hər kəsin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ təbii qanunlara əsaslanır”. Bunu şərtləndirən hüquqi çərçivə barədə az sonra qeydlər veriləcək.
“Pinheiro Prinsipləri”: Braziliyalı hüquqşünas alim, uzun illər BMT sistemində çalışmış Paulo Sergio Pinheiro tərəfindən hazırlanmış “Pinheiro Prinsipləri” diqqət çəkir. Bu prinsiplər rəsmi olaraq “Mülkiyyət və Yaşayış Yerlərinə Dair Qayıdış Hüququ üzrə Prinsiplər” adlanır və məcburi köçkünlərin, qaçqınların öz evlərinə və torpaqlarına təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaq hüquqlarını müdafiə edir. Bu prinsiplər, ilkin olaraq 1998-ci ildə Qaçqınlar və daxili məcburi köçkünlərin geri dönməsi kontekstində Mənzil və Əmlakın Bərpası üzrə Alt-Komissiya qətnaməsi 1998/26-nın qəbul edilməsi ilə başlayan yeddi illik bir prosesin nəticəsidir. PINHEIRO PRİNSİPLƏRİNİN TƏTBİQİ adlanan başlıqda qeyd olunur ki, Ermənistandan qaçan 200.000-dən çox etnik azərbaycanlıya Azərbaycan tərəfindən vətəndaşlıq təklif edilib. Hər iki qrup (o zaman Qarabağ və Şərqi Zəngəzurdan olan məcburi köçkünlər də nəzərdə tutulurdu) öz əsl evlərinə və mülklərinə dair hələ də həll olunmamış mənzil və mülkiyyətin bərpası ilə bağlı iddialara malikdir.
7 bölmədən və 23 prinsipdən ibarət olan “Pinheiro Prinsipləri” qaçqınlar və köçkünlər üçün mənzil və əmlakın bərpası ilə bağlı prinsiplər, yerindən edilmiş şəxslərin əvvəlki evlərindən, torpaqlarından, əmlaklarından və ya adət etdikləri yaşayış yerlərindən qanunsuz və ya haqsız şəkildə məhrum olmalarına səbəb olmuş vəziyyətlərdə, müvafiq milli və beynəlxalq iştirakçılara hüquqi və texniki məsələlərdə kömək etməyi hədəfləyir.
Geri qayıtma hüququ şəxslərin müvəqqəti getdikdən sonra geri qayıtmasına qəsdən qadağa qoyulduğu hallarda və məcburi qovulma hallarında (kütləvi miqyasda və ya başqa şəkildə) tətbiq edilir. Sonuncu halda, qeyri-qanuni olaraq qovulmuş şəxsləri geri almaq (qəbul etmək) üçün beynəlxalq hüquqa əsasən mənşə dövlətinin öhdəliyi daha da güclüdür. Elə indiki Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün də bu məsələ kifayət qədər aktualdır. Çünki Qərbi Azərbaycan İcmasının qayıdışla bağlı müraciətlərinə Ermənistan höküməti heç bir cavab vermir.
Geri qayıtmaq hüququ, hüquqi çərçivə: Beynəlxalq hüquq sənədlərində geri qayıtmaq hüququ – qaçqınların və məcburi köçkünlərin qaytarılması üçün hüquqi əsasdır.
Beynəlxalq İnsan Hüquqları Qanununda geri qayıtmaq hüququ
Beynəlxalq insan hüquqları hüququnun adət norması kimi geri qayıtmaq hüququna bir çox beynəlxalq və regional insan hüquqları müqavilələrində rast gəlinir. Hazırda beynəlxalq hüquqda insan hüquqları məsələsini tənzimləyən prinsiplər və qaydalar məcmuəsi beynəlxalq insan hüquqları hüququ kimi tanınır. O, aşağıdakı sənədlərdən əldə edilir:
• BMT-nin Nizamnaməsi (1945); Preambula və Art. 1 (3), 13 (b), 55 (c), 62 (2) və 76 (c);
• Ümumdünya İnsan Hüquqları Bəyannaməsi (1948);
• İnsan Hüquqları üzrə iki Beynəlxalq Pakt (1966): Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt; İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt;
• Birləşmiş Millətlər Təşkilatı və ixtisaslaşmış qurumlar çərçivəsində hazırlanmış müqavilə əsasında və ya başqa şəkildə digər sənədlər.
Geri qayıtmaq hüququ insanın öz mənşəyinə qayıtmaq istəyi ilə yanaşı, İnsan Hüquqları haqqında Beynəlxalq Billin iki sənədində də əsas hüquq kimi təsdiqlənir. 1948-ci il Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13 (2) maddəsində deyilir ki, “…hər kəsin öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququ var”. Bununla belə, Ümumdünya Bəyannaməsi beynəlxalq hüququn məcburi müqaviləsi deyil, o, “bütün xalqlar və bütün millətlər üçün ümumi nailiyyət standartı” kimi düşünülür və insan hüquqları sahəsində sonrakı bütün işlərin istiqamətini müəyyən edir. Geri qayıtmaq hüququnu ehtiva edən sənəd Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktdır, Paktın 12 (4) maddəsində deyilir: “…heç kəs öz ölkəsinə daxil olmaq hüququndan özbaşına məhrum edilə bilməz”.
Qeyd olunan hər iki sənəddə eyni maddələr geri qayıtmaq hüququ ilə bağlı başqa bir əsas prinsip olan könüllü repatriasiya prinsipini təşkil edir. Üçüncü əsas beynəlxalq insan hüquqları konvensiyası olan irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın 5d (II) maddəsində hər kəsin – …istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək hüququna malik olduğunu ifadə edərək geri qayıtmaq hüququnu özündə birləşdirir.
İnsan hüquqları sistemində geri qayıtmaq hüququnu tanıyan digər mühüm sənəd BMT-nin İnsan Hüquqları üzrə Ümumdünya Konfransı tərəfindən qəbul edilmiş 1993-cü il Vyana Bəyannaməsi və Fəaliyyət Proqramıdır. Bəyannamənin 8-ci və 23-cü maddələrində hər kəsin hər hansı bir fərq qoyulmadan öz ölkəsinə qayıtmaq hüququnu bir daha təsdiq etdi ki, burada təhlükəsiz, ləyaqətlə və könüllü qayıtmaq məcburi köçkünlük vəziyyətində üstünlük verilən həll yolu kimi qeyd olunur.
Geri qayıtmaq hüququ müxtəlif beynəlxalq insan hüquqları sənədlərində təsbit edilmişdir və yaşamaq hüququ, insanın azadlığı və təhlükəsizliyi, işgəncəyə və ya qəddar, qeyri-insani və ya alçaldılmamaq hüququ kimi bir çox əsas hüquqlarla bağlıdır.
Beynəlxalq humanitar hüquq kimi, beynəlxalq insan hüquqları hüququ da insanın evindən və ya mənşə yerindən kütləvi və ya digər şəkildə zorla qovulmasına qarşı ümumi qadağanı özündə birləşdirir. Məcburi qovulma (və ya çıxarılma) insan hüquqları qanununun geniş korpusunda yer alan və sadalanan bir çox hüquqları pozur və xüsusi olaraq hərəkət azadlığının qorunması hüququnu pozur.
Beynəlxalq Humanitar Hüquqda qayıtmaq hüququ: Bu əsasən beynəlxalq humanitar hüququn, iki “qolu”unda – Haaqa və Cenevrə Konvensiyaları ilə təsbit olunur. Haaqa Konvensiyaları və dörd Cenevrə Konvensiyası hərbi əməliyyatlar dayandırıldıqdan sonra geri qayıtmaq hüququnu tanıyır. Bu baxımdan, 1939-cu ilə qədər adət statusu qazandıqları hamılıqla tanınan Quruda Müharibə Qanunlarına və Adətlərinə Hörmət Qoyan 1907-ci il Haaqa Konvensiyalarına əlavə edilmiş Haaqa Qaydaları və 1949-cu il Cenevrə Mülki Konvensiyası köçkünlərin öz yerlərinə qayıtmaq hüququnu təmin edir. Müharibə başa çatdıqdan sonra mənşə yerləri məsələsini də diqqətdən kənarda qoymaq düzgün olmazdı.
Humanitar hüquqa əsasən, münaqişə zamanı necə məcburi köçkün olduqlarından asılı olmayaraq, bütün köçkünlərə şamil edilən ümumi geri qayıtmaq hüququ var. Bu qayda ilk dəfə Haaqa Reqlamentinin 43-cü maddəsində kodlaşdırılmış və Cenevrə Konvensiyaları və onların iki Protokolları da daxil olmaqla, sonrakı bütün adət-ənənəvi humanitar hüquqa daxil edilmişdir. Bu qaydaya görə, müharibə edən işğalçı işğal olunmuş ərazidə mümkün olan maksimum dərəcədə hüquqi və sosial status-kvonu, münaqişənin yekun hüquqi həllini gözləməlidir. Bosniyadakı kimi sülh sazişi və Herseqovina, Dayton Sülh Sazişini misal göstərmək olar. Buraya döyüşən işğalçının yerli əhalinin qalmasına və ya hərbi əməliyyatlar dayandırıldıqdan sonra öz mənşəyinə qayıtmasına icazə verməsi tələbi daxildir. Dördüncü Cenevrə Konvensiyasında geri qayıtmaq hüququnun mənbələri 4, 6, 40 və 158 (3) maddələridir. Bu maddələrə müdafiə olunan şəxslərin tərifləri və Konvensiyanın tətbiq olunma müddəti daxildir. Bununla belə, humanitar hüquq sənədlərində nəzərdə tutulan geri qayıtmaq hüququnun ikinci növü var ki, burada da insanların məcburi qovulma yolu ilə köçkün düşdüyü hallara xüsusi diqqət yetirilir. Hətta tək bir fərdin qeyri-ixtiyari köçürülməsi, məsələn deyək ki, deportasiya yolu ilə… Bu humanitar qanunlara əsasən qadağandır. Kütləvi miqyaslı məcburi qovulmaların həyata keçirildiyi Bosniya işində, bunlar humanitar qanunun böyük pozuntularına yol verilir. G.J.Bolinqin qeyd etdiyi kimi, beynəlxalq hüquqa əsasən, ümumən məcburi qovulma üçün yeganə düzgün nizamlayıcı vasitə geri qayıtmaq hüququnun həyata keçirilməsidir.
Beynəlxalq Qaçqınlar Hüququnda geri qayıtmaq hüququ Beynəlxalq Qaçqın Hüququ: əsasən, Qaçqınların Statusuna dair 1967-ci il Protokolunda dəyişdirilmiş Qaçqınların Statusuna dair 1951-ci il Konvensiyası ilə tənzimlənir. Çox vaxt Konvensiya adlandırılan hər iki sənəd qaçqın anlayışını verir və bu anlayışa daxil olan şəxslərə bir sıra hüquq və müdafiə üçün zəmin yaradır. Konvensiya həmçinin qaçqınlarla bağlı əvvəlki beynəlxalq sənədləri birləşdirir və beynəlxalq səviyyədə qaçqınların hüquqlarının ən əhatəli kodlaşdırılmasının təminatına dair hələlik ilk cəhd hesab olunur.
Konvensiyanın mənşəyini 20-ci əsrin əvvəllərinə qədər izləmək olar. Bu vaxta qədər adət hüququ dövlətlərə yalnız öz vətəndaşlarını qorumaq öhdəliyi qoyurdu. Müharibələrarası 1919-1939-cu illər ərzində Avropa və Yaxın Şərqdə çoxsaylı şiddətli münaqişələr və siyasi problemlər çoxlu sayda insanın didərgin düşməsinə səbəb oldu. Bu köç ayrı-ayrı dövlətlərin imiqrasiyaya nəzarət etmək istəyi ilə toqquşdu və beynəlxalq ictimaiyyəti qaçqın məsələsinə reaksiya verməyə məcbur etdi. Millətlər Liqası bunu qaçqınların müdafiəsini təmin etmək üçün müqavilələr tərtib etməklə həyata keçirdi. Bu cür razılaşmalar qaçqınlarla bağlı konkret vəziyyətlərlə bağlı idi. Buna görə də ad hoc xarakter daşıyırdı. Bundan əlavə, onlar qrup və ya kateqoriya yanaşmasını ehtiva edirdilər ki, burada qaçqın statusu əldə etmək üçün yetərli və zəruri şərtlər kiminsə mənşə ölkəsindən kənarda qalması və həmin dövlətin hökumətinin himayəsi olmadan mövcudluğudur. Lakin bu dövrdə qaçqın anlayışının ümumi tərifi hazırlanmamışdır. İkinci Dünya Müharibəsindən sonra xalq kütlələri kökündən qoparılarkən, dünya qlobal müharibənin və insan hüquqlarının dəhşətli miqyasda pozulmasının dərin sarsıdıcı və dağıdıcı dönəmindən qurtularkən qaçqın probleminin müvəqqəti olmadığı anlaşılırdı və bu alət daha geniş yanaşma ilə ortaya çıxan qaçqın böhranını daha effektiv həll edərdi.
Məhz bu şəraitdə Qaçqınların statusu ilə bağlı 1951-ci il Konvensiyası Birləşmiş Millətlər Təşkilatının 28 iyul 1951-ci il tarixli xüsusi Konfransı tərəfindən qəbul edildi. Konvensiyanın qəbulu üçün ilham mənbəyi insan həyatına etinasızlığın, insanların həyatına hörmətsizlik və s. köçkünlük və müharibə illərindəki təqibləri təkrarlanmayacağına inam idi. Konvensiya açıq şəkildə humanitar xarakter daşıyırdı. Dövlətlər, xüsusən də 1967-ci ildə Konvensiyaya Protokol bağladıqları zaman Konvensiyanın qlobal əhatə dairəsini genişləndirməyə çalışdılar. Bu, onun müddəalarını təkcə 1951-ci ildən əvvəl qaçmağa məcbur olanlara və ya Avropada olanlara deyil, bütün qaçqınlara tətbiq etdi onlar üçün də keçərli hala gətirdi. İllər keçdikcə hər iki sənəddə olan öhdəliklər beynəlxalq insan hüquqları hüququnun mütərəqqi inkişafı ilə tamamlanmış və həqiqətən də gücləndirilmişdir.
Qaçqınlar haqqında qanunun gələcək inkişafı barədə nə demək olar? BMT Baş Assambleyası qaçqınlarla bağlı beynəlxalq hüququn inkişafında mühüm rol oynamışdır. Baş Assambleya bu işi Qaçqınlar üzrə Ali Komissarlığına (bundan sonra – QAK) həvalə etmişdir. QAK-ın beynəlxalq qaçqın hüququnun inkişafı ilə bağlı öhdəliklərinin hüquqi əsası Baş Assambleya tərəfindən 14 dekabr 1950-ci il tarixli 428 (V) saylı qətnaməyə əlavə kimi qəbul edilmiş QAK-ın Əsasnaməsidir. Yuxarıda təsvir olunduğu kimi, əsas məsələ qaçqınların hüquqlarını və dövlətlərin onlara qarşı öhdəliklərini tənzimləyən sənədlər 1951-ci il tarixli Konvensiyası, Qaçqınların Statusu və onunla bağlı 1967-ci il Protokoludur. 1951-ci il Konvensiyası iki gözləntidə əhəmiyyətlidir. Birincisi, əvvəlcə Avropadan olan qaçqınlarla məhdudlaşsa da, onun 1-ci maddəsində qaçqının ümumi tərifini verir. Qaçqın kimdir? Qaçqınlar – irqi mənsubiyyətinə, dini etiqadına, vətəndaşlığına, müəyyən sosial qrupa mənsub olmasına və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaqdan əsaslı qorxduğu üçün vətəndaşı olduğu ölkədən kənarda qalan və həmin qorxu üzündən bu ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən və yaxud müəyyən vətəndaşlığı olmadığı halda öz daimi yaşadığı ölkəsindən kənarda qalan, həmin qorxu üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir.
Bu o deməkdir ki, öz sərhədləri daxilində məcburi köçkünlər qaçqınların beynəlxalq hüquqi tərifinə daxil deyillər. İkincisi, o, qaçqın anlayışına daxil olan insanların müəyyən hüquqlardan faydalanmalı olduğunu və qaçqınlara yardımın sadəcə beynəlxalq xeyriyyəçilik və siyasi üstünlük məsələsi olmadığını qəbul edir. Konvensiya onun iştirakçısı olan dövlətlərin üzərinə öhdəliklər qoyur, bunlardan ən əsası “geri qaytarmamaq” prinsipidir.
Bəzi regionlarda qaçqınlarla bağlı vəziyyətin xüsusi şəraiti dövlətləri qaçqınlarla bağlı xüsusi sənədlər hazırlamağa vadar etdi. Afrika Birliyi Təşkilatına (AAU) üzv dövlətlər 1969-cu ildə Afrikadakı Qaçqın Problemlərinin Xüsusi Aspektlərini tənzimləyən Konvensiya, 1984-cü ildə isə Mərkəzi Amerika dövlətləri, Meksika və Panama Kartaxena Bəyannaməsi haqqında razılığa gəliblər. Konvensiya qaçqın tərifini onların başlanğıc nöqtəsi kimi qəbul edərək, onun tətbiq oluna biləcəyini qəbul edir. Ümumiləşdirilmiş zorakılıqdan və ya ictimai asayişi ciddi şəkildə pozan digər hadisələrdən qaçanlar da daxil olmaqla, müvafiq regionlardakı xüsusi vəziyyətlər burda ehtiva olunur. Ən son olaraq, Asiya-Afrika Hüquq Məsləhət Təşkilatı 2001-ci ilin iyununda qaçqınlarla rəftarla bağlı bir sıra prinsiplər haqqında razılığa gəldi və bu prinsiplər Banqkok Prinsipləri kimi tanınan prinsipləri yenidən nəzərdən keçirdi. Bunlar altı ildən artıq davam edən danışıqların nəticəsidir və Asiyanın bir çox ölkələri üçün regional səviyyədə tətbiq olunan qaçqınların müdafiəsi prinsipləri ilə bağlı məcburi olmasa da, razılaşdırılmış yeganə bəyanatdır.
Qaçqınların müdafiəsi və onlara yardım göstərilməsi üzrə əsas məsuliyyət dövlətlərin, xüsusən də qaçqınların qaçdığı sığınacaq ölkələrinin üzərinə düşür. QAK həm də dövlətlərin Konvensiyaya əməl etməsinin təşviqində və monitorinqində və onlara öz ərazilərində qaçqınlara adekvat müdafiə təklif etmək imkanının verilməsində mühüm rola malikdir.
“4R Proqramı”: 2003-cü ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı, BMT-nin İnkişaf Proqramı və BMT-nin Uşaq Fondunun (UNİCEF) iştirakı ilə hazırlanmış 4R (Repatriation – könüllü qayıdış, Reintegration – yenidən inteqrasiya, Rehabilitation – reabilitasiya və Reconstruction – yenidənqurma) proqramı elan edildi. Qaçqınların geri dönüşünün yaxşı şəraitdə baş tutmasını təmin etmək üçün yaradılmış 4R hərəkət üsulu bəzi məqamları vurğulayır. Birincisi, qaçqınlar üçün inkişaf yardımı genişləndirilməlidir ki, bu da çoxlu sayda qaçqını qəbul edən ev sahibi ölkələr üçün çox vacibdir. İkincisi, münaqişədən sonra qayıdış, reinteqrasiya, reabilitasiya və yenidənqurma məqsədlərini özündə əks etdirən 4R proqramları yaradılmalıdır. Lakin görüləcək işlər yerli tələblərə uyğun aparılmalıdır. Münaqişədən sonrakı vəziyyətlərdə yenidən tənzimləmə əməliyyatlarının uğurlu olması üçün monitorinq edilən ölkədə sahələr üzrə həyata keçirilən əməliyyatların çevikliyi qorunmalıdır. 4R proqramının tətbiq olunduğu təcrübələrə misal olaraq, Sierra Leone və Şri-Lankanı göstərmək olar ki, 4R yanaşması resursların, təhlükəsizlik və texniki təcrübənin bölüşdürülməsi yolu ilə səmərəli qayıdışı təşviq edir.
Qeyd etməliyik ki, bu cür proqramlar qərbi azərbaycanlıların geri qayıdışı zamanı da tətbiq oluna bilər. Lakin prosesdən gözlənilənləri əldə etmək üçün BMT agentliklərinin, ikitərəfli və çoxtərəfli institut və təşkilatların bu prosesdə iştirak etməsi vacibdir.
Qayıdış hüququnun pozulmasına görə Ermənistanın hüquqi məsuliyyəti və öhdəlikləri: Xüsusi sübuta ehtiyacı olmayan faktdır ki, indiki Ermənistan Azərbaycana məxsus tarixi torpaqlar üzərində qurulub. Həm Azərbaycan, həm də Ermənistan SSRİ-nin tərkibinə dail olan 15 respublikadan ikisi idi. Məsələnin tarixi dərinliyinə varmadan qeyd edim ki, 1987-1991-ci illərdə ermənilər tərəfindən həyata keçirilən sonuncu etnik təmizləmə nəticəsində indiki Ermənistan (o vaxtki Ermənistan SSR) ərazisində 24 kənd rayonu, 13 şəhər, 12 qəsəbə və 259 (172 kənddə ancaq azərbaycanlılar yaşayırdı, 112 kənddə isə azərbaycanlılar ermənilərlə və digər millətlərlə qarışıq halda) kənddə yaşayan 300 minədək azərbaycanlı (49,928 ailə) öz dogma vətənindən zorla çıxarılmışdır. O vaxt həmin əhali ümumilkdə SSRİ və Ermənistan SSR-nin vətəndaşları olublar. Zorla çıxarılma nəticəsində həmin əhalinin vətəndaşlıqdan məhrum edilməsi və bu gün öz tarixi vətənlərinə qayıtmaq hüquqlarından mərhum edilməsi üçün heç bir hüquqi əsas mövcud deyil. Çünki həmin insanlar öz iradəsinin ziddinə, işgəncə, ölüm təhdidləri ilə müşahidə olunan zorakılıq, silah tətbiq etmə və s. hərəkətləri nəticəsində vətəndaşlıqdan mərhum ediliblər. Həmin dövrədə qüvvədə olan bir sıra hüquqi sənədlərdə – 1978-ci il tarixli Ermənistan SSR Konstitusiyası 31-ci maddə, “SSRİ vətəndaşlığına dair” Qanunun 7-ci maddəsi, SSRİ Konstitusiyasının 33-cü maddəsi ciddi şəkildə pozulmuşdur. İndiki Ermənistan Respublikasının 21 sentyabr 1991-ci il tarixli müstəqillik aktında indiki ermənistan özünü Ermənistan SSR-in siyasi və hüquqi xələfi (varisi) elan etmişdir. Ermənistan rəhbərliyi üçün Ermənistan Respublikasının 5 iyul 1995-ci il tarixli (27 noyabr 2005-ci il dəyişiklikləri ilə) Konstitusiyasının 47-ci maddəsinin 1-ci (“Ermənistan vətəndaşlarından doğulmuş uşaq Ermənistan vətəndaşıdır”) 5-ci (“Ermənistan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz”) bəndləri və beynəlxalq hüququn yuxarıda bəhs etdiyimiz sənədləri indiki Ermənistan ərazisindən zorla çıxarılmış əhalinin geri qayıtmaq hüquqnu tanımağa və bunun üçün tədbirlər görməyə əsas verməlidir.
Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsində qeyd olunur: “Hər bir insan hər bir dövlətin hüdudları daxilində sərbəst hərəkət etmək və özünə yaşayış yeri seçmək hüququna malikdir. Hər bir insan öz ölkəsi də daxil olmaqla istənilən ölkəni tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna malikdir”. Burada “öz ölkəsi” termini milli mənsubiyyət məsələlərini nəzərdə tutmur, dövlətlə siyasi-hüquqi bağlılıq və həmin ölkənin ərazisində uzun müddətli yaşayış amillərini nəzərdə tutur. Bəyannamə universal beynəlxalq hüquqi aktdır, onun bir sıra normaları beynəlxalq adət hüququnun tərkib hissəsinə çevrilib və Bəyannamədə nəzərdə tutulmuş bir sıra hüquqlardan irəli gələn öhdəliklər dünya birliyi üçün məcburi olan öhdəliklərdir. Nəzərə alaraq ki, Ermənistanın müstəqilliyi haqqında Bəyannaməyə görə Ermənistan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin prinsiplərini rəhbər tutur, belə olan halda, həm dövlətdaxili hüquqa, həm də beynəlxalq hüquqa əsasən Ermənistan Bəyannamə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirməyə borcludur, yəni həm də azərbaycanlıların öz doğma torpaqlarına, indiki Ermənistan ərazisinə ləyaqətli və təhlükəsiz qayıdışını təmin etməyə borcludur.
Oxşar qayda bir qədər geniş formada Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 12-ci maddəsində öz əksini tapmışdır. Həmin maddəyə əsasən, heç kəs öz ölkəsinə qayıtmaq hüququndan məhrum edilə bilməz. Bu sənəddə də “öz ölkəsi” ifadəsi milli mənsubiyyətə əsaslanmır, dövlətlə siyasi-hüquqi bağlılıq və həmin ölkənin ərazisində uzun müddətli yaşayış amillərini nəzərdə tutur. Adı çəkilən Pakt hüquqi statusuna görə beynəlxalq müqavilədir və tərəflərin üzərinə məcburi öhdəliklər qoyur. Paktı ratifikasiya etmiş dövlətlər beynəlxalq hüququn ümumtanınmış prinsiplərindən biri olan “pacta sunt servanda” prinsipinə uyğun olaraq Pakt üzrə öhdəliklərə əməl etməyə borcludurlar. Nəzərə alsaq ki, Ermənistan Paktın iştirakçısıdır, belə olan halda, Paktın 12-ci maddəsinin tələblərinə görə azərbaycanlıların ləyaqətli və təhlükəsiz qayıdış hüququnu təmin etməyə borcludur.
İnsan hüquqlarının müdafiəsi sahəsində səmərəli beynəlxalq mexanizmlər: BMT-nin müqavilə orqanlarından biri olan və Mülki və siyasi hüquqlar haqqında Paktın əsasında İnsan Hüquqları Komitəsi fəaliyyət göstərir. İştirakçı dövlətlər tərəfindən Paktın implementasiyasının monitorinqini həyata keçirən Komitə üzv dövlətlərin Pakt üzrə öhdəliklərinin icrasına dair hesabatlarını araşdırır və yekunda həmin dövlətlərə təklif və tövsiyələrini ünvanlayır. Həmin tövsiyələr məcburi xarakter daşımasa da, dövlətlər buna riayət etməyə çalışırlar. Komitənin mühüm səlahiyyətlərindən biri dövlətlərarası işlərə baxmaqdan ibarətdir. Lakin bu prosedur könüllü xarakter da¬şıyır. Yəni Komitənin dövlətlərarası işlərə baxa bilməsi üçün iştirakçı dövlətlərin Paktın 41-ci maddəsinə əsasən xüsusi bəyanatı tələb olunur. Dövlətlərarası işlərə münasibətdə Komitənin rolu subsidiardır. Belə ki, əgər 41-ci maddəyə uyğun olaraq Komitənin müvafiq səlahiyyətini tanımaq barədə bəyanatla çıxış edən hər – hansı iştirakçı dövlət (və ya dövlətlər) belə bəyanat verən digər iştirakçı dövlətin Pakt üzrə öz üzərinə götürdüyü öhdəlikləri icra etməməsi qənaətinə gələrsə, bununla bağlı həmin dövlətə yazılı müraciət olunur. Əgər məsələ öz həllini tapmazsa yalnız bundan sonra iş Komitəyə təqdim oluna bilər.
Qeyd edilməlidir ki, Pakta dair 16 dekabr 1966-cı il tarixli Fakültativ Protokola uyğun olaraq Protokolun iştirakçısı olan dövlətin yurisdiksiyası altında olan hər bir şəxs Paktda təsbit olunmuş hər hansı bir hüququnun (hüquqlarının) pozulduğu və pozulmuş hüququnun (hüquqlarının) bərpasına milli səviyyədə nail ola bilmədiyi halda Komitəyə müraciət edə bilər. Komitə yalnız Protokolun iştirakçısı olan dövlətə münasibətdə verilən şikayətlərə baxa bilər.
BMT çərçivəsində ən mühüm qeyri-müqavilə mexanizmlərindən biri Baş Assambleyanın köməkçi orqanı olan İnsan Hüquqları Şurasıdır. Şuranın əsas funksiyaları sırasında dialoq və əməkdaşlıq vasitəsilə insan hüquqları pozuntularının qarşısının alınmasına yardım etmək və insan hüquqları sahəsində fövqəladə vəziyyətlərə reaksiya vermək, insan hüquqlarına dair Baş Assambleyaya tövsiyələr vermək bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Şura həm də insan hüquqlarının bütün sahələri üzrə tematik məsələlərin müzakirə olunması üçün forum kimi çıxış edir. Qərbi azərbaycanlıların ləyaqətli qayıdışının təmin edilməsi baxımından bu mexanizmin imkanlarından da səmərəli istifadə olunmalı, soydaşlarımızın ləyaqətli və təhlükəsiz qayıdış hüququnun təmin edilməsi məsələsinin İnsan Hüquqları Şurasının gündəliyinə daxil edilməsinə və Şuranın bununla bağlı Baş Assambleyaya müraciət edilməsinə və Assambleya tərəfindən bununla bağlı xüsusi qətnamənin qəbul edilməsinə nail olunmalıdır.
Buna praktiki misal kimi, BMT Baş katibinin Abxaziya, Gürcüstan və Sxinvali regionundan/Cənubi Osetiyadan (Gürcüstandan) olan məcburi köçkünlərin və qaçqınların vəziyyətinə dair hesabatını və qayıdışla bağlı Baş Assambleyanın qətnamələrini qeyd etmək olar. Məhz qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli qayıdışı üçün bu beynəlxalq mexanizmlərin imkanlarından yararlanmaq zəruridir.
Məsələyə beynəlxalq-hüquqi aspektdən, həmçinin “ratione temporis” prizmasından yanaşdıqda, Ermənistanın törətdiyi pozuntular uzanan pozuntu kimi qiymətləndirilməlidir. Bununla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsaslanmaq olar. Yeri gəlmişkən, qərbi azərbaycanlılar Ermənistan tərəfindən Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarının, xüsusilə də 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusu ilə bağlı Avropa Məhkəməsinə müraciət edə bilərlər. Baxmayaraq ki, hüquq pozuntusu baş verən zaman Ermənistan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulmamışdı və Avropa Məhkəməsinin yurisdiksiyasını tanımamışdı, lakin Məhkəmə təcrübəsinin təhlili onu deməyə əsas verir ki, bu kimi halları Avropa Məhkəməsi “uzanan pozuntu” kimi qiymətləndirir və ratione temporis baxımından işə baxmağa özünü səlahiyyətli sayır. Ümumi şəkildə qeyd etmək olar ki, belə pozuntu Konvensiyada təsbit olunmuş bu və ya digər hüququn pozulmasıdır ki, bu pozuntu cavabdeh dövlətin Konvensiyanı ratifikasiya etməsi və Məhkəmənin yurisdiksiyasını tanıması tarixindən əvvəl baş vermişdir və bu tarixdən sonra da davam etmişdir. Konkret iş üzrə hüquq pozuntusunun “uzanan” olub-olmaması haqqında məsələni Avropa Məhkəməsi özü müəyyən edir və buna müvafiq olaraq, bu və ya digər işə “ratione temporis” şərtinin tətbiq olunması məsələsini də Məhkəmə həll edir. Avropa Məhkəməsinin zamana görə yurisdiksiyası (ratione temporis) kontekstində qeyd etmək olar ki, bu halda Ermənistanın Avropa İnsan Hüquqları Konvensiyasını ratifikasiyasından və Məhkəmənin yurisdiksiyasını tanımasından əvvəl baş verən, lakin bugünədək davam edən uzanan hüquq pozuntusu vardır. Yəni baxmayaraq ki, pozuntu faktı baş verəndə Konvensiya Ermənistan üçün məcburi hüquqi qüvvə kəsb etmirdi, bu pozuntu Ermənistanın Konvensiyaya qoşulmasından sonra da davam etmişdir. Məhkəmənin təcrübəsinə əsasən, bu pozuntulara “uzanan hüquq pozuntusu” statusu verilməli və buna əsasən qarşı tərəfin “ratione temporis”lə bağlı ola biləcək etirazı rədd edilməlidir. Qeyd olunanları Məhkəmənin təcrübəsindən Loizidou Türkiyəyə qarşı, De Bekker Belçikaya qarşı, Almeyda Qarrett və başqaları Portuqaliyaya qarşı kimi işlərinə istinadən əsaslandırmaq mümkündür. Məhkəmə təcrübəsindən konkret misallara müraciət edək. Belçika vətəndaşı II Dünya müharibəsi illərində faşistlərlə əməkdaşlıq etməkdə günahlandırılmışdır. Onun əməli sübuta yetirilmiş və Belçika tərəfi Konvensiyanı ratifikasiya edənə qədər, milli məhkəmə tərəfindən iş üzrə qərar çıxarılmışdır. Lakin sonradan adı çəkilən şəxs Avropa Məhkəməsinə müraciət etmiş və bildirmişdir ki, onun bir sıra hüquqlardan, əsasən də, özünü ifadə hüququndan məhrum olması, Konvensiyada təsbit olunmuş bir sıra hüquq və azadlıqlarının fasiləsiz olaraq pozulmasına gətirib çıxarmışdır. Beləliklə də, bu hadisənin Belçikanın Konvensiyanı ratifikasiya etməsindən əvvələ təsadüf etməsinə baxmayaraq və bu pozuntunun işin baxılma anına qədər da¬vam etdiyini nəzərə alaraq, bu hüquq pozuntusunun «uzanan pozuntu» olması qeyd olunmuşdur. Müvafiq olaraq bu halda «ratione temporis» şərti tətbiq olunmamalıdır. «Almeyda Qarrett və başqaları Portuqaliyaya qarşı» işi üzrə 1970-ci illərin ortalarında (Konvensiyanın Portuqaliyaya münasibətdə qüvvəyə minməsindən əvvəl) ərizəçilərin torpaq sahələrinin ekspropriasiyası nəticəsində onlara kompensasiya ödənilməməsini Məhkəmə uzanan hüquq pozuntusu kimi qiymətləndirmiş və bunun nəticəsində 1 saylı Protokolun 1-ci maddəsinin pozulduğunu bəyan etmişdir. Yaxud «Roş (Roche) Birləşmiş Krallığa qarşı» işi üzrə, 1960-cı illərdə ərizəçinin hərbi qulluqçu qismində iştirak etdiyi kimyəvi silahın sınağı ilə bağlı dövlət tərəfindən ərizəçiyə zəruri məlumat verilməməsini Məhkəmə 8-ci və 10-cu maddələrin uzanan pozuntusu kimi qiymətləndirmişdir.
Beləliklə, Avropa Məhkəməsinin zamana görə yurisdiksiyası baxımından Avropa İnsan Hüquqları Konvensiyasının və onun əlavə protokollarının müddəalarının pozulması ilə bağlı Ermənistana qarşı işlərə baxılmasına hüquqi maneə yoxdur.
Bütün bu faktlar Ermənistanın üzərinə BMT-nin Nizamnaməsi daxil olmaqla müvafiq beynəlxalq hüquqi sənədlərə əsasən onun ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə öz evlərinə təhlükəsiz və ləyaqətlə qayıtmasına şərait yaratmaq daxil olmaqla onların hüquqlarının bərpası və qorunması sahəsində konkret öhdəliklər qoyur. Yəni, beynəlxalq hüquqi əsaslara görə, Ermənistan hökuməti bu ölkənin ərazisindən qovulmuş, etmik təmizləməyə məruz qalmış azərbaycanlıların öz ölkələrinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına şərait yaratmağa borcludur. Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında Cenevrə Konvensiyasının 134-cü maddəsində də təsbit edilmişdir ki, dövlətlər hərbi əməliyyatlar və ya işğal başa çatdıqdan sonra bütün şəxslərin son yaşayış yerlərinə qayıtmasını təmin etməyə və ya onların repatriasiyasını asanlaşdırmağa səy göstərməlidirlər.
Eyni zamanda, milli qanunvericilik də azərbaycanlıların hazırki Ermənistan Respublikasına qayıtmalarına hüquqi təminat verir. Belə ki, Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınlar tərk etdikləri dövlətlərə qayıtmaq hüququnu itirmirlər.
Hesab edirik ki,Ermənistanın qeyd etdiyimiz öhdəliklərinin icra edilməməsinə görə məsuliyyətin tətbiqi məqsədilə beynəlxalq və regional müdafiə mexanizmlərinə müraciət olunması zəruridir.
Qeyd olunmalıdır ki, şəxsin könüllü, təhlükəsiz və ləyaqətli qayıtma hüququ ilə bu qayıdış üçün əlverişli şəraitin yaradılması arasında birbaşa əlaqə mövcuddur. Məcburi köçkün vəziyyətində fərdin geri qayıtmaq hüququ beynəlxalq insan hüquqları sənədlərində nəzərdə tutulmuş şəxsin hərəkət azadlığı hüququndan irəli gəlir. Qayıdış həm insan hüququ, həm də humanitar məsələ olduğu üçün birbaşa siyasi məsələlərlə və ya sülh sazişlərinin bağlanması ilə əlaqələndirilə bilməz. Əsas münaqişənin hər hansı həllindən asılı olmayaraq, bu məsələ həll edilməlidir. Eyni zamanda, riskləri qiymətləndirmək və müəyyən bir zamanda geri qayıtmaq barədə məlumatlı seçim etmək üçün soydaşlarımızın təhlükəsizliyinə, ləyaqətinə və əsas insan hüquqlarını həyata keçirmək qabiliyyətinə təsir edə biləcək bütün amillər nəzərə alınmalıdır. Məhz buna görə də qəbul edilmişdir ki, təhlükəsiz geri qayıdış fiziki, hüquqi və maddi təhlükəsizlik elementlərini əhatə edir. Fiziki təhlükəsizliyə yaşamaq hüququnun, azadlıq və təhlükəsizlik hüququnun, işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalmamaq hüququnun təmin edilməsi daxildir. Bu, ilk növbədə, qaçqınların zorakılıq və təhdidlərə məruz qalmaması, onların ölkəyə qayıtması zamanı fiziki təhlükəsizliklə bağlı bütün tədbirlərin dövlət orqanları tərəfindən həyata keçirilməsini ehtiva edir. Hüquqi təhlükəsizliyə ayrı-seçkiliyə yol verməmək, milliyyətlə bağlı hər hansı hüquqlardan məhrum edilməmək, mülki statusun tanınması və milli təhlükəsizlik mexanizmlərinə çıxış daxildir. Maddi təhlükəsizliyə sosial, iqtisadi və mədəni hüquqların təmin edilməsi, geri qayıtmanın ilk dövründə sosial dəstəyi artıran və uzunmüddətli inkişaf planlarını asanlaşdıran amillər daxildir. Geri qayıdan şəxslər də digər vətəndaşlar kimi bu hüquqlardan istifadə edə bilməlidirlər. Təhlükəsiz və ləyaqətli qayıdış üçün həmçinin ailə birliyi prinsipinə riayət edilməsi, qaçqınlara qayıtdıqdan sonra daşınar əmlaklarını gətirmək hüququnun təmin edilməsinə, qaçqınlara sərbəst hərəkət imkanının verilməsinə diqqət yetirilməlidir.
Hazırda Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə uğurlu dialoq xətti soydaşlarımızın pozulmuş hüquqlarının bərpasında da müstəsna əhəmiyyət kəsb edir. Qərbi Azərbaycan İcmasının beynəlxalq ictimaiyyətə ünvanladığı müraciətlər erməni vəhşiliyinin beynəlxalq aləmdə qiymətləndirilməsi baxımından da vacibdir.
Göründüyü kimi hüquqi nöqteyi-nəzərdən qərbi azərbaycanlılaların öz doğma yurdlarına geri qayıtmaları yuxarıda qeyd edilən beynəlxalq nortmativ aktlarla müəyyən edilmiş və onların həmin ərazilərə qayıdaraq öz mülkiyyət hüquqlarını bərpa etmək imkanlarını beynəlxalq konvensiyalar özündə ehtiva etmişdir.
Qalib Qasımov
Sənətşünaslıq üzrə fəlsəfə doktoru
![]()

