Maduronun həbs edilməsi Venesuelada illərdir davam edən siyasi böhranın yeni mərhələyə keçdiyini göstərsə də, bu hadisənin əsas təsiri siyasi ritorikadan daha çox iqtisadi və enerji bazarları üzərindən hiss olunacaq. Dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkələrindən birində baş verən hakimiyyət dəyişikliyi qlobal neft tədarükü, sanksiyalar rejimi və investisiya axınları baxımından ciddi suallar yaradır. Xüsusilə ABŞ–Venesuela münasibətlərinin mümkün normallaşması fonunda bu prosesin qlobal neft qiymətlərinə və enerji bazarındakı balanslara necə təsir edəcəyi diqqət mərkəzindədir.
İqtisadçı-ekspert Razi Abbasbəyli paraqraf.com-a açıqlamasında deyib ki, Maduronun həbsinin əsas iqtisadi təsiri siyasi yox, enerji bazarları üzərindən formalaşır:

“Venesuela dünyanın ən böyük sübut olunmuş neft ehtiyatlarına malik ölkələrdən biridir və uzun illərdir sanksiyalar səbəbilə bu potensial bazardan kənarda qalıb. Hakimiyyət dəyişikliyi fonunda bazarlarda ilk mərhələdə qeyri-müəyyənlik və geosiyasi risk primi yarana bilər ki, bu da neft qiymətlərində qısamüddətli dalğalanmaya səbəb ola bilər.
Lakin orta və uzun müddətli baxışda Maduronun həbsini bazar daha çox Venesuelanın qlobal enerji sisteminə mərhələli şəkildə geri dönüş ehtimalı kimi qiymətləndirəcək. Əgər yeni hakimiyyət ABŞ və Qərb ilə münasibətləri normallaşdıra bilsə, sanksiyaların yumşaldılması və xarici investisiyaların bərpası gündəmə gələ bilər. Bu isə 12–18 ay perspektivində neft hasilatının artması və qlobal bazarda təklifin genişlənməsi deməkdir.
Eyni zamanda Venesuela neftinin ağır neft olması ABŞ və Avropa neftayırma zavodları üçün texniki baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu faktor Maduronun həbsindən sonra prosesin sırf siyasi deyil, iqtisadi praqmatizm üzərində qurulacağını göstərir. Nəticə etibarilə bu hadisə qlobal iqtisadiyyat üçün ani şokdan çox, mərhələli və gecikmiş təsirləri olan enerji yönümlü iqtisadi dəyişiklik kimi qiymətləndirilməlidir.”
Ləman
Paraqraf.com
![]()
