Müasir Azərbaycanda idmanın inkişafı təkcə idmançıların fərdi uğurları ilə deyil, eyni zamanda dövlət səviyyəsində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətlə şərtlənir. Prezident İlham Əliyevin rəhbərliyi altında idman sahəsinə göstərilən davamlı diqqət bu sahəni ölkənin sosial inkişaf modelinin mühüm tərkib hissəsinə çevirib. 2025-ci ilin idman yekunları bir daha sübut etdi ki, bu siyasət real nəticələr verir və Azərbaycan idmanı yeni keyfiyyət mərhələsinə yüksəlib.
Cari ildə Azərbaycan idmançılarının beynəlxalq arenalarda əldə etdiyi uğurlar xüsusi diqqət çəkir. Minlərlə medal, yüzlərlə qızıl mükafat ölkəmizin idman potensialının əhəmiyyətli dərəcədə artdığını göstərir. Bu göstəricilər əvvəlki illərlə müqayisədə daha yüksəkdir ki, bu da idman sahəsində aparılan islahatların, maddi-texniki bazanın gücləndirilməsinin və idmançıların peşəkar hazırlığının məntiqi nəticəsi kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışında vurğulamışdır ki, əldə edilən nailiyyətlər təsadüfi xarakter daşımır və bu uğurların əsasında məqsədyönlü dövlət siyasəti dayanır: “Bu il idmançılarımız tərəfindən qazanılan medalların sayı rekord həddə çatıb. Beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla gedir”. Dövlət başçısı qeyd etmişdir ki, nəticələrin ildən-ilə artması idmana göstərilən diqqətin və həyata keçirilən proqramların real göstəricisidir. Bu nailiyyətlər idmanın inkişafına yönəldilən investisiyaların öz bəhrəsini verdiyini açıq şəkildə sübut edir.
Azərbaycanda idmanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olması infrastruktur sahəsində də aydın şəkildə özünü göstərir. Son illər ölkə üzrə idman obyektləri faktiki olaraq yenidən qurulmuş, regionlarda müasir Olimpiya İdman kompleksləri istifadəyə verilmişdir. 2025-ci ildə Gəncə və Yevlax şəhərlərində yeni komplekslərin açılması ilə bölgələrdə bu tip obyektlərin sayı onlarla ölçülür. Bu isə region gənclərinin idmana cəlb edilməsi, peşəkar idmançıların yetişdirilməsi və sağlam həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıyır.
Dövlət siyasətinin əsas hədəflərindən biri sağlam və fiziki cəhətdən möhkəm gənc nəslin formalaşdırılmasıdır. Bu prosesdə idman aparıcı rol oynayır. Uşaqlıq və yeniyetməlik dövründən idmana marağın formalaşdırılması gələcəkdə həm yüksək idman nailiyyətlərinin, həm də sağlam cəmiyyətin əsasını qoyur. Bu baxımdan idman yalnız nəticəyə hesablanan fəaliyyət deyil, uzunmüddətli sosial strategiyanın mühüm alətidir.
Azərbaycan idmanının inkişafı gənclərin mənəvi tərbiyəsi ilə də sıx bağlıdır. İdman gənclərdə nizam-intizam, iradə və məsuliyyət hissi formalaşdırmaqla yanaşı, onları vətənə bağlı, milli dəyərlərə hörmət edən şəxsiyyət kimi yetişdirir. Beynəlxalq yarışlarda Azərbaycan Bayrağının dalğalanması, dövlət himninin səsləndirilməsi cəmiyyətdə birlik və qürur hissini daha da gücləndirir. Son illərdə ölkəmizin qazandığı tarixi Qələbə isə idmançılara əlavə mənəvi məsuliyyət yükləyərək onları müzəffər xalqın layiqli nümayəndələrinə çevirib.
2025-ci ilin ən mühüm idman hadisələrindən biri MDB ölkələrinin üçüncü Oyunlarının Azərbaycanda keçirilməsi olmuşdur. Yarışların bir neçə şəhəri, o cümlədən Gəncə və Xankəndini əhatə etməsi ölkəmizin geniş coğrafiyada yüksək səviyyəli idman tədbirləri keçirmək potensialına malik olduğunu nümayiş etdirdi. Minlərlə xarici qonağın iştirakı ilə baş tutan bu Oyunlar Azərbaycanın beynəlxalq idman aləmində etibarlı tərəfdaş və güclü təşkilatçı kimi mövqeyini daha da möhkəmləndirdi.
Eyni zamanda, Bakının qlobal idman mərkəzi kimi mövqeyinin güclənməsi diqqət çəkir. İlk dəfə UFC üzrə beynəlxalq turnirin paytaxtımızda təşkili Azərbaycanın artıq ən populyar və rəqabətli idman növləri üzrə də dünya miqyasında söz sahibi olduğunu göstərdi. Formula 1 yarışlarının davamlı keçirilməsi isə ölkəmizin idman, turizm və şəhər infrastrukturunun vəhdətini əks etdirən mühüm amilə çevrilib. Bu yarışlar milyonlarla tamaşaçıya Azərbaycanı tanıdır və ölkənin beynəlxalq imicinə ciddi töhfə verir.
Gələcək dövr üçün planlar idman siyasətinin davamlı xarakter daşıdığını təsdiqləyir. Qusarda, Şahdağ Xizək Kurortunda Dünya Kuboku səviyyəsində yarışların keçirilməsi Azərbaycanın qış idmanı sahəsində də beynəlxalq idman təqviminə daxil olmasını təmin edir. Paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni infrastruktur idman tədbirlərinin coğrafiyasını genişləndirir və bu ərazilərin sosial-iqtisadi dirçəlişinə əlavə stimul verir. 2025-ci ildə Bakının “Dünyanın İdman Paytaxtı” seçilməsi isə Azərbaycanda idman sahəsində görülən işlərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini təsdiqləyir. Bu status təkcə prestij deyil, həm də gələcəkdə daha irimiqyaslı idman tədbirlərinə ev sahibliyi etmək üçün möhkəm zəmin yaradır.
Beləliklə, Prezident İlham Əliyevin 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə səsləndirdiyi fikirlər və təqdim olunan faktlar bir daha göstərir ki, Azərbaycanda idman sahəsi təsadüfi uğurlar üzərində deyil, dəqiq hesablanmış və uzunmüddətli dövlət strategiyası əsasında inkişaf edir. İdmanın kütləviliyi, bölgələrdə müasir infrastrukturun yaradılması, gənclərin sağlam və vətənpərvər ruhda yetişdirilməsi, beynəlxalq yarışların uğurla təşkili və idmançıların dövlət tərəfindən yüksək qiymətləndirilməsi vahid siyasətin əsas tərkib hissələridir. Bu yanaşma nəticəsində Azərbaycan təkcə medal qazanan ölkə kimi deyil, eyni zamanda qlobal idman məkanında etibarlı tərəfdaş və yüksək təşkilatçılıq qabiliyyətinə malik nüfuzlu mərkəz kimi tanınır. Mövcud uğurlar və qarşıya qoyulan hədəflər deməyə əsas verir ki, qarşıdakı illərdə də Azərbaycan idmanı yüksələn xətt üzrə inkişaf edəcək, əldə olunan nailiyyətlər isə ölkəmizin beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə xidmət göstərəcək.
Samirə Hüseynova
Paraqraf.com
![]()
