Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 22
  • Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib

admin 22 Dekabr 2025 8 minutes read
download_20251222_133505
PAYLAŞIN:

Azərbaycanda 2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edilib.

Paraqraf.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir keçmişi vardır. İpək Yolu üzərində yerləşən və mühüm ticarət, sənətkarlıq, mədəniyyət mərkəzləri kimi Şərq ölkələri ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr quran iri şəhərlərimizin özünəməxsus simasının formalaşmasında qiymətli memarlıq abidələri müstəsna rol oynamışdır.

Azərbaycan şəhərsalma və memarlıq sənətinin bariz nümunələri olub daim yüksək inkişaf səviyyəsinə görə seçilən tarixi şəhərlərimiz ötən dövrlərin memarlıq tendensiyalarına uyğun böyüyüb genişlənməklə bərabər, yerli mədəniyyətin əsas xüsusiyyətlərini qoruyub saxlamışdır.

Bu gün ölkə ərazisində dövlət tərəfindən mühafizə olunan müdafiə qalaları, karvansaralar, məscid, məbəd və türbələr milli memarlığın parlaq ənənələrini əks etdirir. Bədii-memarlıq həllinin kamilliyi baxımından iftixar hissi doğuran dünya əhəmiyyətli tarix və mədəniyyət abidələrindən Möminə xatun türbəsi, Xudafərin körpüsü, “Atəşgah” kompleksi və digər bu kimi misilsiz nümunələr Azərbaycanın memarlığının rəmzlərinə çevrilmişdir.

UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir sərvətlərimiz – qədim və orta əsrlərin şəhər mədəniyyətini özündə təcəssüm etdirən İçərişəhər və Şirvanşahlar sarayı kompleksi, əzəmətli ruhunu indiyədək qoruyan Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan sarayı Azərbaycan şəhərsalma və memarlıq sənətinin dünya inciləri sırasında layiqli yer tutan yadigarlarıdır.

900 illiyi UNESCO çərçivəsində yubileyləri keçirilən böyük şəxsiyyətlər siyahısına daxil olunan qüdrətli sənətkar Əcəmi Naxçıvaninin Azərbaycan və Yaxın Şərq ölkələrinin orta əsrlər memarlığına güclü təsir göstərmiş yaradıcılığı dövrün memarlıq məktəbinin ən yüksək zirvəsidir.

Azərbaycan şəhərlərinin planlaşdırma quruluşunda və memarlıq tərzində artıq XIX əsrin ortalarına doğru müəyyən dəyişikliklər öz əksini tapmışdır. Sürətlə sənayeləşən Bakı şəhəri Şərq və Qərb memarlığının sintezində qədimliklə müasirliyin vəhdətindəki təkrarsız görkəmini məhz həmin vaxtlardan almağa başlamışdır.

Azərbaycan Respublikasında şəhərsalma və memarlıq fəaliyyətində milli ənənələrdən yaradıcı şəkildə istifadə olunmasına XX əsrdə xüsusi diqqət yetirilmişdir. Bu dövrdə bir sıra şəhərlər yenidən qurulmuş və onların əvvəlki siması dəyişmiş, bölgələrdə şəhərlərin planlaşdırılması önə çəkilmişdir. İki görkəmli memarın – Mikayıl Hüseynovun və Sadıq Dadaşovun fəaliyyətinin aparıcı yer tutduğu həmin dövr milli ənənələr zəminində yeni memarlıq üslubunun yaradılması ilə səciyyələnir.

Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər Azərbaycan şəhərsalma və memarlığının inkişafında xüsusi mərhələ təşkil edir. Tarixən təşəkkül tapmış Azərbaycan şəhərlərinin və bütöv şəhərsalma sistemlərinin qorunması ilə bağlı bu illərdə Ulu Öndərin təşəbbüsü əsasında vacib qərarlar qəbul edilmiş, tədbirlər həyata keçirilmiş, şəhərlərdə memarlıq abidələrinin bərpası üzrə planlı iş aparılmış, memarlıq və şəhərsalma fəaliyyətinin davamlılığını təmin edən institusional təsisatlar qurulmuşdur.

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra şəhər quruculuğu sahəsindəki yeni təzahürlər ölkədə inşa edilən monumental komplekslərin memarlıq həllində özünü qabarıq büruzə vermişdir. Ötən müddətdə dövrün qabaqcıl yanaşmalarını və milli təcrübələri əks etdirən layihələrin gerçəkləşdirilməsi sayəsində şəhərsalma sənətinin yüksək mənəvi-estetik təsir gücünə malik orijinal nümunələri yaradılmışdır. Mövcud möhtəşəm binalar sırasına daimi yeniləşmə rəmzi olan Heydər Əliyev Mərkəzi, Alov qüllələri kimi modern üslublu unikal memarlıq abidələrinin və Ağ şəhər kompleksinin əlavə edilməsi ilə paytaxtın mənzərəsi daha da zənginləşmiş, regionların memarlıq siması xeyli dəyişərək yeni şəkil almışdır.

Bu gün də Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyasında paytaxt və regionların tarazlı inkişafının təmin edilməsi və dayanıqlı məskunlaşmanın təşviqi, Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə uyğunluqlar təsbit edilməklə, memarlıq və şəhərsalma fəaliyyətinin prioritet istiqamətləri olaraq müəyyənləşdirilmişdir.

Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020–2025-ci illərdə – dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanmış və quruculuq işlərinə başlanılmışdır. Azərbaycanın mədəniyyət paytaxtı, xalqımızın qürur mənbəyi Şuşa şəhərinin əvvəlki memarlıq mühiti və əsl tarixi siması bərpa edilməklə dirçəldilməsi isə mili iradənin təzahürüdür.

Ölkəmiz iqlim dəyişmələri və şəhərsalma ilə əlaqədar qlobal çağırışların həllində, innovativ yanaşmaların formalaşmasında etibarlı tərəfdaş kimi tanınır. BMT‑nin Məskunlaşma Proqramı (“UN-Habitat”) ilə birgə təşəbbüslər və bu çərçivədə memarların bir araya gəldiyi milli şəhərsalma forumları Azərbaycanın beynəlxalq tərəfdaşlarla ortaq fəaliyyətinin uğurlu nümunəsidir. BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) 2026-cı ildə Bakı şəhərində keçirilməsi qərarı Azərbaycanın dayanıqlı şəhərsalma proseslərində artan rolunu göstərir”.

Sənəd Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi daşıyır.

Sərəncamla Prezident Administrasiyası Azərbaycanda 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı tədbirlər planına dair təkliflərini bir ay müddətində hazırlayıb Prezidentə təqdim etməlidir.

Paraqraf.com 

Loading

Visited 18 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ünvanlı dövlət sosial yardımı alan ailələrə 200 manat məbləğində birdəfəlik maddi yardım veriləcək
Next: İlham Əliyev: Azad olunan ərazilərdə 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb

OXŞAR MÖVZULAR

IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
6cae0698-fefb-30dc-a429-916abc1a6f74_1200

Problemli kreditlərlə bağlı 402 mindən çox iş məcburi icraya yönəldilib

admin 23 Aprel 2026
PREcRIOBL9DeTo6Q1wyv58sTF14crouVLuJVqfFf_1200 (2)

Sabah Azərbaycanda 25 dərəcə isti gözlənilir – PROQNOZ

admin 23 Aprel 2026

XƏBƏR LENTİ

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!” b8d8f5e3-cd96-4540-828e-ff0895fd6d74

Deputat və urbanistdən mesaj: “WUF13 Bakını dünyaya çıxaracaq, amma şəhər buna hələ hazır deyil!”

24 Aprel 2026
Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır 7cdc4f29-10c4-4572-ad89-68f1178f825b

Turist axını niyə azalır? – Ekspert bahalı aviabiletləri əsas səbəb sayır

24 Aprel 2026
Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir” IMG_5918

Komitə sədri Salyanda aqrar vəziyyətlə tanış olub – “Taxıl sahələrində məhsuldarlıq qənaətbəxşdir”

24 Aprel 2026
Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.