ABŞ ordusu çərşənbə günü Sakit okeanın şərqində narkotik alveri ilə məşğul olduğu iddia edilən daha bir gəmiyə zərbə endirib.
Paraqraf.com xəbər verir ki, bu barədə ABŞ-nin Cənub Komandanlığı məlumat yayıb.
Məlumata görə, dekabrın 17-də Hegseth-in göstərişi ilə “Southern Spear” Birgə İşçi Qüvvəsi beynəlxalq sularda terror təşkilatları tərəfindən idarə olunduğu bildirilən gəmiyə ölümcül kinetik zərbə endirib.
Zərbə nəticəsində ABŞ hərbçiləri arasında itki qeydə alınmayıb. Hücum zamanı 4 nəfərin öldüyü bildirilib.
Qeyd edək ki, bu, ABŞ ordusunun son bir həftə ərzində Sakit okeanın şərqində həyata keçirdiyi ikinci hücumdur. Belə ki, bazar ertəsi günü narkotik alveri ilə məşğul olduğu iddia edilən üç gəmi vurulmuş, nəticədə 8 nəfər həlak olmuşdu.
Tramp administrasiyasının narkotik ticarətinin qarşısını almaq məqsədi daşıdığını bildirdiyi “Cənub nizəsi” əməliyyatı çərçivəsində şübhəli narkotik gəmilərinə endirilən zərbələr nəticəsində indiyədək azı 99 nəfərin öldüyü açıqlanıb.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
