ABŞ və Rusiya nümayəndə heyətləri Ukrayna məsələsini müzakirə etmək üçün bu həftə sonu Mayamidə görüşəcək.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı “Politico” dərc edib.
ABŞ və Rusiya rəsmiləri Ukraynadakı müharibəni dayandırmaq üçün diplomatik səylər çərçivəsində bu həftə sonu Florida ştatının Mayami şəhərində görüşəcək. Görüşdə ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff, prezident Donald Trampın kürəkəni və müşaviri Cared Kuşner və Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyevin iştirakı gözlənilir.
Bu həftənin əvvəlində Almaniyanın paytaxtı Berlində ABŞ, Ukrayna və Avropa ölkələri arasında Ukraynaya verilə biləcək təhlükəsizlik təminatlarını müzakirə etmək üçün görüş keçirilib. ABŞ və Ukrayna rəsmiləri Ukraynanın potensial sülh sazişində alacağı təhlükəsizlik zəmanətləri ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edildiyini, lakin Ukraynadan gözlənilən ərazi güzəştləri ilə bağlı bəzi boşluqların hələ də qaldığını bildiriblər.
Rusiya Ukraynadan Donbasda hələ də nəzarət etdiyi bütün ərazilərdən çıxmasını tələb edir.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
