Azərbaycanda təhsil sahəsində həyata keçirilən islahatlar müasir çağırışlara uyğunlaşma məqsədi daşıyır. Rəqəmsallaşma və süni intellekt texnologiyalarının tətbiqi təhsilin keyfiyyətinin artırılmasına xidmət edir. Bununla belə, əldə olunan nəticələr göstərir ki, uğur təkcə sistem dəyişiklikləri ilə deyil, eyni zamanda müəllim, şagird və valideynlərin birgə məsuliyyəti və aktiv iştirakı ilə mümkündür.
Mövzu ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Paraqraf.com-a açıqlamasında bildirib ki, təhsilin keyfiyyətini yalnız bir tərəfin üzərinə məsuliyyət qoymaqla yüksəltmək mümkün deyil:

“Bu, müəllim, şagird və valideyn arasında qurulan sağlam və davamlı əməkdaşlığın nəticəsidir. Müəllim təhsilin aparıcı fiqurudur. Onun peşəkarlığı, məsuliyyəti və yanaşması sinif mühitini formalaşdırır. Lakin etiraf etməliyik ki, müəllimin gördüyü iş sinif otağının qapısı bağlananda bitmir və təkbaşına da yetərli olmur”.
Əmrah Həsənli qeyd edib ki, şagird də bu prosesin mərkəzində dayanır:
“Şagirdin məsuliyyət hissi, məqsəd qoyma bacarığı və öyrənməyə münasibəti formalaşmadan keyfiyyətli təhsildən danışmaq çətindir. Müasir təhsil yanaşması şagirdi yalnız qiymət alan tərəf kimi deyil, öz inkişafına cavabdeh olan şəxs kimi görür. Bu səbəbdən məsuliyyəti yalnız müəllimin üzərinə yönəltmək doğru olmaz. Müəllimin peşəkarlığı artırılmalı, paralel olaraq valideynlərlə məktəb arasında etibarlı ünsiyyət qurulmalı, şagirdlərin məsuliyyət hissi erkən yaşlardan formalaşdırılmalıdır. Təhsildə real keyfiyyət artımı məhz bu üç tərəfin bir-birini tamamladığı zaman mümkündür”.
Ekspertin sözlərinə görə, keyfiyyətli təhsil hər kəsdən məsuliyyət tələb edir:
“Müəllimdən peşəkarlıq, valideyndən mövqe, şagirddən isə iradə. Bunlar bir araya gəlmədikcə, təhsildə real dəyişiklikdən danışmaq sadəcə şüar olaraq qalacaq”.
Cəfərova Validə
Paraqraf.com
![]()
