Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin Sumqayıt Paralimpiya İdman Kompleksində Uşaq Paralimpiya Oyunları keçiriləcək.
Dekabrın 20-də baş tutacaq yarışda 130 uşaq 8 idman növü üzrə (paracüdo, parataekvondo, parapauerliftinq, paraüzgüçülük, parabadminton, parastolüstü tennis, parakamandan oxatma və boccia) müxtəlif kateqoriyalarda mübarizə aparacaq.
Məsələ ilə bağlı Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən “Paraqraf.com”a verilən məlumata görə, Qafqaz regionunda paralimpiya təmayüllü yeganə Paralimpiya İdman Kompleksi Sumqayıt şəhərində fəaliyyət göstərir. Uşaq Paralimpiya Oyunları ötən il olduğu kimi bu il də məhz bu kompleksdə keçiriləcək.
Qeyd edək ki, Uşaq Paralimpiya Oyunları bu il 8-ci dəfə təşkil olunur və yarış tarixində ilk dəfə olaraq 8 idman növünü əhatə edir.
Uşaq Paralimpiya Oyunlarının əsas məqsədi 18 yaşadək əlilliyi müəyyən olunmuş şəxslərin idmana cəlb edilməsi, onların fiziki və sosial inkişafının təmin olunması, eləcə də gələcəkdə Azərbaycanın beynəlxalq idman arenalarında layiqincə təmsil olunacaq yeni paralimpiyaçı nəslinin formalaşdırılmasıdır.
130 uşaq paralimpiyaçı 8 idman növündə iradə və əzm nümayiş etdirərək Paralimpiya hərəkatının əlilliyi olan şəxslər üçün təkcə idman yarışı deyil, eyni zamanda inklüzivlik, bərabərlik və cəmiyyətə inteqrasiya mənası daşıdığını bir daha sübut edəcək. Oyunlar çərçivəsində paralimpiya çempionlarımız ilə yeniyetmə idmançılar arasında ustad dərslərinin təşkili də nəzərdə tutulur.
Uşaq Paralimpiya Oyunlarının yetirməsi olan idmançılar artıq beynəlxalq arenada da uğur qazanıblar. Parataekvondoçu Sabir Zeynalov Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb, paraüzgüçü Könül Süleymanova isə Paris Paralimpiadasında çıxış edib.
2025-ci il gənc paralimpiyaçılarımız üçün də əlamətdar olub. 7-ci dəfə təşkil edilən Avropa Gənclər Paralimpiya Oyunlarında debüt edən Azərbaycan Milli Paralimpiya komandası 7 idman növü üzrə 17 idmançı ilə təmsil olunaraq yarışları 4 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub. Medal qazanan idmançıların əksəriyyəti Uşaq Paralimpiya Oyunlarının iştirakçılarıdır.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
