Rus bölməsində oxuyan hər kəs Azərbaycan dilini öyrənməyə məcbur olacaq. Bu barədə İctimai televiziyada xüsusi sujet yayımlanıb.
Sujetdə qeyd olunur ki, Azərbaycan tarixi fənninin ana dilində tədrisi növbəti illərdən bütün sinifləri əhatə edəcək. Eyni zamanda, rus dilində keçirilən bəzi fənnlərin də ana dilində tədrisi nəzərdən keçirilir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri və təhsil eksperti Əmrah Həsənli “Paraqraf.com”a açıqlamasında bildirib ki, bu məsələni yalnız “məcburiyyət” prizmasından qiymətləndirmək düzgün deyil:

“Burada söhbət dövlət dilindən, vətəndaşın cəmiyyətə inteqrasiyasından və ümumi təhsil fəlsəfəsindən gedir. Azərbaycan Respublikasında yaşayan və təhsil alan hər bir şəxs üçün dövlət dilini bilmək hüquqi, sosial və mədəni baxımdan zəruridir. Rus bölməsində təhsil alan şagirdlər də bu cəmiyyətin bir hissəsidir və onların Azərbaycan dilini mənimsəməsi bu inteqrasiyanın təbii tərkib hissəsidir.
Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, həm də dövlət idarəçiliyi, qanunvericilik, ali təhsil və əmək bazarının əsas dilidir. Məzun olan gəncin ali məktəbə qəbulu, dövlət və özəl sektorda işə qəbul olunması, ictimai proseslərdə fəal iştirakı birbaşa dövlət dilində səlis ünsiyyət bacarığı ilə bağlıdır. Bu reallıq fonunda Azərbaycan dilinin rus bölməsində oxuyanlar üçün zəruri olması obyektiv ehtiyacdan irəli gəlir”.
Əmrah Həsənli əlavə edib ki, tarix və digər əsas fənlərin ana dilində tədrisinin genişləndirilməsi milli kimliyin, vətəndaşlıq şüurunun və ümumi dünyagörüşünün formalaşmasına xidmət edir:
“Dövlət dili üzərindən ötürülən tarix və ictimai məzmunlu biliklər şagirdin ölkəyə, dövlətçiliyə və milli dəyərlərə münasibətinin sağlam formalaşmasına imkan yaradır. Bu yanaşma beynəlxalq praktikada geniş tətbiq olunur və çoxmillətli, çoxdilli ölkələrdə dövlət dilinin gücləndirilməsi normal qəbul edilir.
Eyni zamanda, balans məsələsi də önəmlidir. Rus dilinin tədrisi və rus bölməsinin mövcudluğu ləğv edilmir; əksinə, çoxdillilik qorunmaqla dövlət dilinin mövqeyi möhkəmləndirilir. Məqsəd hansısa dili sıxışdırmaq deyil, hər bir vətəndaşın dövlət dili üzrə funksional savadlılığını təmin etməkdir.
Nəticə etibarilə, rus bölməsində oxuyanlar üçün Azərbaycan dilinin öyrənilməsi məcburiyyətdən daha çox zərurətdir. Bu həm dövlətin legitim gözləntisidir, həm də şagirdin gələcək həyatda qarşılaşacağı real ehtiyacların təmin olunması baxımından vacibdir. Təhsil sistemi də məhz bu zərurəti nəzərə alaraq mərhələli və düşünülmüş islahatlar aparmalıdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
