Son dövrlərdə aparılan bərpa tədbirləri və yağıntıların nisbətən artması nəticəsində Urmiyə gölündə suyun səviyyəsində müəyyən yüksəliş müşahidə olunub. Bu artım illərdir davam edən ekoloji geriləmədən sonra ümidverici hal kimi qiymətləndirilir. Bununla belə, mütəxəssislər bildirirlər ki, mövcud yüksəliş hələ gölün tam bərpası üçün kifayət deyil və vəziyyət hələ də diqqət mərkəzində saxlanılmalıdır.
“Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli “Paraqraf.com”a bildirib ki, Urmu gölündə suyun artması sevindirici haldır:

“Son günlər yağan aramsız yağışlar göldə suyun səviyyəsində təsir edib. Urmu Gölünün Bərpası Qərargahının rəsmisi Səid İsapur bildirib ki, son 36 saat ərzində yağan yağış nəticəsində gölün bəzi yerlərində suyun səviyyəsi 40 santimetrə çatıb. Yağıntılardan sonra Urmu hövzəsindəki əsas çaylarda suyun səviyyəsi artıb və bu da göldə canlanmaya səbəb olub. Ona görə də son durumu “Urmu gölündə quruma dayandı, göl canlanır” kimi təqdim etmək doğru deyil. Baş verən artım mövsümi xarakter daşıyır”.
O əlavə edib ki, yaz və payız mövsümündə yağıntının artması və dağlarda qarın əriməsi nəticəsində çaylarda suyun səviyyəsi artır:
“Bu da Urmu gölündə canlanmaya səbəb olur. Urmu gölünün bərpası üçün hökumətin nəzərdə tutduğu layihələr həyata keçirilməlidir. Gölün bərpası istiqamətində nəzərdə tutulan işlər görülməsə yayda yenə vəziyyət pisləşəcək. Bu yay Urmu gölünün 97 faizinin quruduğu müşahidə edilmişdi. Bu gün Urmu gölünün bərpası tam olaraq mümkün deyil. Amma gölün qismən bərpası realdır. Bunun üçün ağıllı su idarəetməsi həyata keçirilməlidir. Daha qənaətli modern suvarma texnologiyaları tətbiq etməklə Urmunun su payını artırmaq olar. Su qıtlığı bütün İranda yaşanır. Amma regionlar üzrə su ədalətli bölünmür. Rejim Oman dənizindən farslar yaşayan əyalətlərə suyun axıdılması ilə bağlı iri layihələrə milyonlar ayırır. Amma eyni münasibət Urmu gölünə, Azərbaycan əyalətlərinə göstərilmir. Halbuki Urmu gölü qurusa, bu, Qərbi Azərbaycanın, bütövlükdə ölkənin iqtisadiyyatına, ekologiyasına ciddi ziyan vuracaq. Gölün quruması ərazidə yaşayan 14 milyondan çox insanın həyatını təhlükəyə atacaq. Bölgədən miqrant axınları başlanacaq.
Ona görə baş verəcək humanitar fəlakəti önləmək üçün ciddi addımlar atılmalıdır. Rəsmi qurumlar Kanisib kanalı vasitəsilə Urmuya daha çox suyun axıdılmasına qərar verməlidir. Gölə buraxılan 300 milyon kubmetr su qəraətbəxş deyil”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
