Münasibətlərdə xəyanət, həm emosional, həm də psixoloji baxımdan dərin izlər buraxan bir təcrübədir. Bu cür hallarla qarşılaşan insanlar çox vaxt öz hisslərini və reaksiyalarını idarə etməkdə çətinlik çəkirlər. Xəyanət yalnız qarşı tərəfdən gələn bir zərbə deyil, həm də özünə inam və etibar itkisidir. İnsanlar, bu çətin vəziyyəti necə həll edəcəklərini, hansı addımları atacaqlarını bilmirlər və bəzən buna qarşı impulsiv qərarlar verirlər.
Klinik-psixoloq Şəbnəm Hüseynova “Paraqraf.com”a açıqlamasında bildirib ki, xəyanət tərəflər üçün həm emosional, həm də psixoloji olaraq ağır təcrübədir:

“Xəyanətlə qarşılaşan insanlar çox vaxt qəzəb, üzüntü, itki və etibar sarsıntısı yaşayırlar”.
Psixoloq xəyanətin əsas səbəblərindən də söz açıb:
“Münasibət problemləri:
duyğusal uzaqlıq, anlaşılmazlıq, ehtiyacların qarşılanmaması.
Şəxsi boşluq və diqqət axtarışı:
özünü qiymətləndirmə və ya emosional boşluğu doldurma cəhdi.
Təcrübəsizlik və impulsiv davranışlar:
bəzən xəyanət ani qərar nəticəsində baş verir.
Münasibətdə monotonluq və maraq itkisi:
romantik və emosional əlaqənin zəifləməsi.
Fərdi psixoloji problemlər :
depressiya, asılılıqlar, narahatlıq və ya əvvəlki travmalar”.
O , xəyanətə qarşı davranış tövsiyələri verib:
“Emosiyaları idarə edin – qəzəb və kədər normaldır, amma impulsiv qərarlar vəziyyəti daha da çətinləşdirə bilər.
Özünüzü qoruyun – şəxsi təhlükəsizlik və emosional sağlamlığınız önəmlidir.
Söhbət edin – münasibətinizdə qarşı tərəf ilə açıq və dürüst danışmaq faydalı ola bilər.
Dəstək axtarın – dost, yaxınlar və ya peşəkar psixoloqla danışmaq stressi azaltmağa kömək edir.
Qərar vermək üçün vaxt ayırın – münasibəti davam etdirmək, bitirmək və ya ara vermək barədə düşünmək üçün vaxt lazımdır.
Xəyanət hər iki tərəf üçün öyrədici bir təcrübə ola bilər. Müvafiq addımlar atmaqla həm emosional, həm də psixoloji bərpa mümkündür”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
