“Cənubi Qafqazda kommunikasiyaların açılması, Avrasiya İqtisadi İttifaqı ölkələri ilə iqtisadi əlaqələri gücləndirəcək”.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan, Avrasiya İqtisadi İttifaqının Hökumətlərarası Şurasının Moskvada keçirilən iclasında deyib.
Millət vəkili Vüqar İskəndərov “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycan bütün parametrlərinə görə dünyada ən unikal ölkələrdən biridir:
![]()
“Azərbaycan yeganə ölkədir ki, öz gücü, Ali Baş Komandanın qətiyyəti, uğurlu siyasəti və xalqın birliyi sayəsində böyük bir qələbə qazandı. Həm beynəlxalq hüquqa, həm ilahi ədalətə, həm də milli qanunvericiliyin tələblərinə riayət edərək bu müvəffəqiyyətə nail oldu. Hələ heç bir ölkə siyasi problemlərini tamamilə həll edə bilməyib. Bu baxımdan, Azərbaycanın nailiyyətləri unikal hesab olunur. Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzur bölgələrini sürətlə və uğurla bərpa edir. Həmçinin, Azərbaycan qalib ölkə olmasına baxmayaraq, məğlub tərəfə sülh əli uzadır. Yəni, Azərbaycan Ermənistana müharibə səhifəsini bağlayıb, yeni bir sülh səhifəsi açmağı təklif edir. Bu istiqamətdə artıq 5 ildir ki, danışıq prosesi davam edir”.
Deputat əlavə edib ki, bu il Vaşinqtonda keçirilən 8 avqust görüşündə əldə olunan nəticələr məsələyə nikbin yanaşmağı tələb edir:
“17 sülh müqaviləsinin bəndlərinin paraflanması artıq Ermənistanla iki tərəfli danışıq yolunda müsbət nəticələr əldə etməyə imkan verib. Azərbaycan, həmçinin delimitasiya və demarkasiya məsələlərini də həll etməyə başlayıb. Bunların hər biri müsbət hadisə kimi qeyd olunur”.
Vüqar İskəndərov Zəngəzur dəhlizinin açılması məsələsindən də söz açıb:
“Bu istiqamətdə Azərbaycan tərəfi işin çox hissəsini artıq həll edib. Azərbaycan 2026-cı ilin ortalarına qədər bu məsələni tamamilə yekunlaşdıra bilər. Lakin Ermənistan tərəfindən bu məsələnin nəticələnməsi hələ tezdir. Paşinyan zaman-zaman sülhdən danışıb, bəzi addımlar atsa da, hələ bir çox məsələlərin həlli üçün konkret işlər görməlidir”.
Millət vəkili qeyd edib ki, Paşinyanın Avrasiya İqtisadi İttifaqının iclasında kommunikasiyaların açılması ilə bağlı vurğuladığı məsələlər müsbət haldır:
“Cənubi Qafqazda kommunikasiya əlaqələrinin açılması iqtisadi əlaqələri gücləndirəcək. Ancaq eyni zamanda, Ermənistanın Xarici İşlər Nazirliyi Avropa İttifaqı ilə mənasız bir sənəd imzalayıb. Həmin 64 səhifəlik sənəddə sülhə kömək edəcək məsələlər yer alıb. Bu, hələ də Ermənistanın stolda oturmaq cəhdi kimi qiymətləndirilir. Ermənistan hakimiyyəti bunu nəzərə almalıdır, çünki Azərbaycan uzun müddətdir sülh müqaviləsinin imzalanması üçün vacib addımlar atır. Ermənistan, Avropa İttifaqının məsələyə müdaxiləsinə icazə verməməli idi. Ermənistan rəsmiləri bu mövzuda izah verməli və kommunikasiyanın, dəhlizin açılması istiqamətində real addımlar atmalıdır. Çünki bu, bölgədə dayanıqlı sülhün əldə olunması üçün vacib elementlərdən biridir”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
