Oktyabrın 12-də Mingəçevir şəhərində 1 yaşlı körpəsini binanın zirzəmisinə atan valideyn, 1994-cü il təvəllüdlü G. Məmmədova polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitənin mətbuat katibi Teymur Mərdanoğlu “Paraqraf.com”a açıqlamasında bildirib ki, Mingəçevirdə baş verən hadisə riskli ailələrin vaxtında müəyyənləşdirilməsinin və onlarla peşəkar iş qurulmasının nə dərəcədə vacib olduğunu bir daha göstərir:

“Belə hallarda analıq və ya atalıq hüquqlarından məhrumetmə məsələsi yalnız məhkəmənin qərarı və aidiyyəti qurumların apardığı araşdırma və qiymətləndirmələr əsasında müəyyən olunur. Qərar verərkən valideynin psixoloji vəziyyəti, uşağa real təhlükə yaratması və reabilitasiya imkanları nəzərə alınır. Burada əsas məqsəd cəzalandırmaq deyil, uşağın təhlükəsizliyini təmin etməkdir”.
O əlavə edib ki, bu cür hadisələrin qarşısını almaq üçün dövlət qurumları bir sıra preventiv tədbirlər həyata keçirir:
“Risk qruplarına daxil olan ailələrin erkən aşkar edilməsi, psixoloji və sosial dəstək xidmətlərinin göstərilməsi, valideynlik bacarıqları üzrə maarifləndirici proqramların təşkili bu tədbirlərə daxildir. Bundan əlavə, uşağın həyat və sağlamlığı üçün təhlükə yarandığı hallarda hüquqi müdaxilə mexanizmləri işə düşür və müvafiq qurumlar operativ tədbirlər görür.
Bu yanaşmanın əsas məqsədi uşaqların təhlükəsizliyini qorumaq, valideyn məsuliyyətini artırmaq və cəmiyyətdə bu kimi halların qarşısını almaqdır”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
