Şəhərdən uzaqda, dəniz kənarında sakit və gözəl bir kənd var idi. Bu kənd ildə cəmi iki ay turizm mövsümü yaşayardı. Qalan vaxtlarda kəndin əsas gəlir mənbəyi maldarlıq və kənd təsərrüfatı idi. Yay gələndə isə turistlər axışar, kənd dirçələr, səs-küy, sevinc və ticarət hər yeri bürüyərdi.
Bir gün bu yerlərin gözəlliyinə valeh olan bir gənc turist kənddən ev alaraq burada bir il yaşamağa qərar verdi. Kənd camaatı onu çox isti qarşılamışdı. Gənc hamıya kömək edir, hər kəsə əl tutur, sevinclə yaşayırdı. Lakin onu sevməyən bir nəfər də var idi: içi qaranlıq, qəlbi paxıllıqla dolu bir adam.
Bu adam hər kəsə yaxşı görünməyə çalışsa da, bütün işlərini öz mənfəətinə görə edərdi. Turistin gəlişi onun ürəyində böyük kin və qısqanclıq yaratmışdı. Bir gecə gizlicə kənd evlərinə oğurluğa başladı. Daha sonra isə qaranlıq işlərini böyüdərək iki kənd sakinini meşəyə aparıb balta ilə qətlə yetirdi və basdırdı. Cinayət alətini və oğurladığı zinət əşyalarını isə gecə ilə turistin evinə gizlətdi.
Günlər keçdi, qətlə yetirilən adamlar görünmədi. Kənddə həyəcan artdı və polis çağırıldı. Kənd sakinləri yoxa çıxan adamları axtarmağa başladılar. Eyni vaxtda dənizdə də qəribə hadisələr baş verirdi: bir neçə yerli sakin gözlənilmədən suda boğulmuş halda tapılırdı.
Nəhayət, polislər kəndə yenidən gəldilər və meşədə qazılmış iki cəsəd aşkar olundu. Axtarışlar davam etdirildi və turistin evində balta ilə oğurlanmış zinət əşyaları tapıldı. Hamı ona qarşı çevrildi – söydülər, daşladılar, qışqırdılar. Paxıl manyaq isə öz oyununu davam etdirərək:
“Mən onu axşamlar görürdüm, ancaq nə ilə məşğul olduğunu bilmirdim…” – deyə yalan danışırdı.
Gənc turist polis tərəfindən aparıldı. O nə qədər yalvarsa da, heç kim ona inanmadı. Təkcə bir polis əməkdaşı ona inanaraq dedi:
“Mən bilirəm ki, sən günahsızsan. Söz verirəm, bu işin üstünü açacağam”.
Polis günlərlə yatmadı, araşdırdı, soruşdu, kəndə gedib insanlarla danışdı. Hər kəs turist haqqında təriflə danışırdı. Onu günahlandıran isə yalnız bir nəfər idi – məhz manyaq.
Polis həmin adamın keçmişini araşdırdı və məlum oldu ki, o, əvvəllər də qətlə görə şübhəli bilinmiş, lakin sübut olmadığından azad edilmişdi. Üstəlik, bir il sonra kəndə qayıdıb böyük ev tikmiş, maşın almış, mal-qara sahibi olmuşdu. Bu qədər pulu haradan tapdığı isə sirr idi.
Şübhələr artdı. Polis order alaraq gecə ilə onun evinə getdi. Səsləri eşidən manyaq balta ilə gizləndi. Polislər həyətə girəndə o, baltanı ataraq bir polisi yaralayıb arxa pəncərədən qaçdı. Evə daxil olan polislər isə həyətdəki köhnə saraya baxanda hər şey üzə çıxdı: müxtəlif alətlər, oğurlanmış əşyalar və gizlədilmiş izlər.
Nəhayət, manyaq tutuldu və hər şeyi etiraf etdi:
“Əvvəl dostumu pul üstündə öldürdüm… Basdırdım ki, tapılmasın. Sonra bu turist gəldi, hamı ona hörmət edirdi… Qısqandım. Kənd sakinlərini öldürdüm, oğurluqları etdim və izləri onun evinə qoydum. Sonra dənizdə insanları batırmağa başladım…”
Məhkəmə onu ömürlük həbs cəzasına məhkum etdi.
Turist isə günahsız olduğu sübut edilərək azadlığa buraxıldı. Kəndə qayıdanda hamı ondan üzr istədi. O da bağışladı. Kənddə sevdiyi bir qızla evləndi. Onu xilas edən polisə isə dərin təşəkkürünü bildirdi.
Bir insanı haqsız yerə ittiham etmək bəşəriyyətə zülmdür. Bir insanı xilas etmək isə bütün bəşəriyyəti xilas etmək kimidir. Qoy ürəklərimizdə sevgi, mərhəmət və insanlıq olsun.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
