Səhərin günəşi şəhərin üzərinə doğub hər yeri işıqlandırdıqca, quşların həzin səsi ilə insanlar yeni günə başlayırdı. Şəhərin ən gözəl məhəlləsində yaşayan yaşlı kişi və nəvəsi də bu ahənglə oyanıb öz işlərinə davam edirdilər.
Hər ay pensiyası gələn kimi yaşlı kişi özünə kəfən pulu yığar, maaşının bir neçə faizini ehtiyat üçün ayırardı. Bir gün növbəti dəfə maaşı gəlib pulu yerinə qoyanda qorxulu bir mənzərə ilə qarşılaşdı — pullar yox idi. Tez nəvəsini yanına çağırdı. Nəvə təəccüblə:
— “İndi polisə gedək,” — dedi.
Onlar polis idarəsinə çatanda qarşılarında işini sevən, insanlara mərhəmətlə yanaşan, hündürboy, alicənab bir polis əməkdaşı gördülər. Yaşlı kişi həyəcanla danışarkən, polis ona su verib sakitləşməsini xahiş etdi və hər şeyi ardıcıllıqla izah etməsini rica etdi.
Evdə axtarış aparıldı, barmaq izləri götürüldü, lakin heç bir iz tapılmadı. Polis nəticəni onlara bildirdi. Nəvə və baba “Tapın o məhkumuu” desələr də, yaşlı adam kədərli baxışlarla:
— “O mənim kəfən pulum idi…” — deyib susdu.
Günlər keçdi, oğru tapılmadı.
Amma polis bu işi bağlamaq niyyətində deyildi. Gecələr belə yata bilmir, yaşlı kişinin halı onu narahat edirdi. Nə qədər araşdırsa da, dəlil tapılmırdı. Yaşlı kişinin iki oğlu uzaqda yaşayırdı, yalnız bir nəvəsi yanında idi. Bir anda polisin ağlına nəvənin oxuduğu kollecdə araşdırma aparmaq gəldi.
Şagirdlərlə danışarkən öyrəndi ki, nəvə bir aydır onlara hədiyyələr alır, restoranlara aparır. Bundan sonra polis nəvəni ayrıca çağırıb suallar verdi. Üstünə getdikcə nəvə çıxılmaz vəziyyətdə qalıb etiraf etdi:
— “Əvvəl az götürürdüm… Sonra dostlarım çoxaldı, artıq başqa yol qalmadı”.
Bu sözləri eşidən yaşlı kişinin ürəyində bir ümid sındı. Nəvəsinə baxanda içində kəsilən bir inamın ağrısını hiss etdi. Polisə isə yalvararaq:
— “Bu dəfə bağışlayın, cəzalandırmayın…” — dedi.
Lakin polis sakit şəkildə cavab verdi:
— “Qanun nə deyirsə, biz onu tətbiq edəcəyik”.
Nəvə üzgün halda babasından üzr istədi.
Oğurluq insanın ən pis xüsusiyyətlərindən biridir — insanı düz yoldan uzaqlaşdıran, həm özünə, həm ailəsinə, həm də cəmiyyətə zərər verən bir əməl. Onun bağışlanması asan deyil.
Gəlin ətrafımızdakı insanları halal qazanca, təmiz düşüncəyə, hörmətə, sevgi və elmə yönləndirək. Birlikdə elə bir cəmiyyət quraq ki, nə düşmən, nə də pis niyyətli insanlar onu sarsıda bilməsin.
Həyatın sirri budur: öyrən ki, öyrədə biləsən.
Elçin Ağasıyev
Paraqraf.com
![]()
