ABŞ Prezidenti Donald Tramp Rusiya–Ukrayna münaqişəsinin yaxın gələcəkdə həll oluna biləcəyinə inandığını bildirib.
Paraqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, dövlət başçısı Vaşinqtonun bölgədə sülhün bərpası ilə bağlı ciddi səylər göstərdiyini vurğulayıb.
Tramp Ağ Evdə keçirilən Milli Milad Ağacının işıqlandırılması tədbiri öncəsi çıxışında deyib:
“Biz dünyada sülhü bərpa edirik. Heç vaxt olmadığı qədər müharibələri dayandırırıq. Rusiya və Ukrayna arasında olan münaqişəyə də baxırıq. Fikrimcə, tezliklə burada da irəliləyiş olacaq. Biz bunu mütləq dayandırmalıyıq və bu məsələnin üzərində ciddi işləyirik”.
Qeyd edək ki, Vaşinqton daha əvvəl Ukrayna üzrə 28 maddəlik sülh planı təqdim etmişdi. Sözügedən sənəd Kiyev və bəzi Avropa ölkələri tərəfindən etirazla qarşılanmış, sonradan plan üzərində dəyişikliklər edilmişdi.
Məlumata görə, son həftələrdə ABŞ və Ukrayna nümayəndə heyətləri Cenevrə və Floridada bir neçə görüş keçiriblər. Tərəflər danışıqlar zamanı sülhün bərqərar olunması yolları, Ukraynanın uzunmüddətli təhlükəsizliyi, iqtisadi məsələlər, eləcə də seçkilər və ərazi mövzularını müzakirə ediblər.
Bununla yanaşı, Rusiya Prezidenti Vladimir Putin ABŞ-nin xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner ilə Kremldə görüş keçirib. Danışıqların əsas mövzusu Ukrayna üzrə sülh planı olub.
Ukrayna tərəfi bildirir ki, yaxın günlərdə ABŞ və Ukrayna arasında növbəti görüşün keçirilməsi gözlənilir və proses üzrə müzakirələr davam etdiriləcək.
Cəfərova Validə
Paraqraf.com
![]()
