Vyanada ATƏT Xarici İşlər Nazirləri Şurasının 32-ci iclası çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidanla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında qısa, lakin diqqətçəkən ayaqüstü görüş baş tutub. Ermənistan XİN görüşün detalları barədə heç bir açıqlama verməsə də, regiondakı geosiyasi proseslərin intensivləşdiyi bir vaxtda bu təmas müxtəlif suallar doğurub. Məsələnin mahiyyətini və görüşün arxa planını aydınlaşdırmaq üçün politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Şəbnəm Həsənova “Paraqraf.com”a geniş müsahibə verib.
Müsahibəni təqdim edirik:

– Vyanada Hakan Fidan və Ararat Mirzoyan arasında baş tutan görüş nəyə xidmət edirdi? Ermənistan XİN danışıqların təfərrüatlarını niyə açıqlamadı?
– Regionda siyasi dinamika yeni mərhələyə qədəm qoyur. Siyasi, iqtisadi və hərbi arxitektura yenidən formalaşdırılır. Buna şərait yaradan əsas amil Azərbaycanın əldə etdiyi Qələbədir. Azərbaycan uzun müddət bütün tərəflərə aydın şəkildə bildirirdi ki, yeganə şərt işğala son qoyulmasıdır. Bu müddətdə ölkəmiz həm müttəfiqlərini düzgün seçdi, həm də regiondakı aktorların davranışını təmkinlə dəyərləndirdi.
Bu kontekstdə Türkiyə–Ermənistan sərhədlərinin açılması ilə bağlı cəhdlər, işğal faktını arxa plana keçirmək təşəbbüsləri və regionda prosesləri öz maraqları çərçivəsində yönəltmək istəyən qüvvələr daim aktiv olub. Pakistanın Hindistanın Azərbaycana qarşı addımlarına cavab olaraq Ermənistanın ŞƏT-ə üzvlüyünü bloklaması da bu prosesin tərkib hissəsidir.
Bu qədər həssas məsələlərin fonunda Ermənistan XİN-in Hakan Fidanla danışıqların detallarını açıqlamaması təəccüb doğurmur. Çünki bu xətt üzrə böyük güclərin bölgəyə təsir imkanlarını itirmək istəmədiyi aydındır.
– Ermənistanla Pakistan arasında diplomatik aktivliyin artması nə ilə bağlıdır?
– Bu, təsadüfi deyil. Ermənistan və Pakistan nümayəndəliklərinin İrəvanda Pakistan səfirliyinin açılması üzərində fəal şəkildə işləməsi göstərir ki, yeni siyasi xətt formalaşır. Xatırladım ki, Bakı ilə İslamabad arasında münasibətlər fonunda Hindistanın Azərbaycanın ŞƏT-ə üzvlüyünü bloklaması həm Azərbaycana, həm də Çinə qarşı hörmətsizlik kimi qiymətləndirildi. Çünki ŞƏT-in genişlənməsi Çinin əsas hədəflərindən biridir.
Azərbaycan isə proseslərin haradan qaynaqlandığını yaxşı bilir. Münaqişə səhifəsinə qayıdış mümkün olmadığı üçün “Daş dayadan nə aparar?” məsəli siyasi mənzərənin bu mərhələsinə çox uyğun gəlir.
– Azərbaycan Mərkəzi Asiya formatına daxil olduqdan sonra regionda hansı yeni reallıqlar formalaşdı?
– Azərbaycan Mərkəzi Asiya formatına tamhüquqlu üzv seçilərkən qeyd etmişdi ki, Cənubi Qafqaz unudulmur, əksinə, regional aktorlar üçün yeni yol açılır. Bu münasibətlərin nəticəsi kimi Qırğızıstan və Pakistan arasında geniş miqyaslı müqavilələrin imzalanması Azərbaycanın yaratdığı siyasi mühitin düzgünlüyünü təsdiq edir.
– Ermənistanla sülh müqaviləsi üzrə proses hansı mərhələdədir? 2026-cı ildə sənədin imzalanması real görünürmü?
– Bəli. Ermənistanla sülh təşəbbüsünün müəllifi Azərbaycandır. Vaşinqtonda keçirilən sammit tərəflərin səhifəni çevirmək niyyətini təsdiqlədi. Azərbaycan 2026-cı ildə sülh müqaviləsini rəsmiləşdirməyə hazırdır. Ceyhun Bayramovun Vyanada ATƏT iclasında dediyi kimi, tərəflər hazırda ikitərəfli münasibətlərinin ən dinc dövrünü yaşayırlar.
Birinci şərt kimi ATƏT-in Minsk Qrupunun buraxılması təmin olundu. Ermənistanın da sülh müqaviləsini tezliklə rəsmiləşdirməyə hazır olduğunu bəyan etməsi, əlbəttə, irəliyə doğru addımdır.
Türkiyə–Ermənistan sərhədlərinin açılması mümkündürmü? Mətbuatda üçüncü ölkə vətəndaşları üçün açılma ehtimalı müzakirə olunur.
– Siyasi kuluarlarda belə ehtimallar var ki, sülh müqaviləsi imzalanmadan Türkiyə sərhədləri üçüncü ölkə vətəndaşları üçün məhdud şəkildə açıla bilər. Bu, daha çox sınaq xarakterli addım ola bilər. Amma bu, tam açılma demək deyil.
Azərbaycan və Türkiyə sinxron addımlar atır və bütün proseslər bir-biri ilə koordinasiya edilir. Ermənistan bunu yaxşı bilir. Ona görə də erməni analitikləri hesab edirlər ki, Türkiyə sülh müqaviləsindən öncə tam sərhəd açılışına getməyəcək.
– Ermənistanda Aİ–Ermənistan–Türkiyə üçbucağı ilə bağlı müəyyən gözləntilər var. Bu üçbucaq real təsir gücünə malikdirmi?
– Ermənistan düşünür ki, məsələlər yoluna düşənə qədər iqtisadi cəhətdən dirçəlmək üçün Türkiyə ilə sərhədlərin açılması vacibdir və bu işdə Aİ-dən vasitəçi kimi yararlana bilər. Lakin Aİ-nin də Ermənistandan gözləntiləri var – əsasən Rusiyadan asılılığın azaldılması istiqamətində.
– ABŞ, Böyük Britaniya və Pakistanın son dövrlərdə regionda artan fəallığı nə mesaj verir?
– İzmirdə Azərbaycan, Türkiyə, ABŞ və Pakistanın birgə hərbi təlimləri Xəzər–Qara dəniz regionunda İran və Rusiya əleyhinə formalaşan çəkindirmə strategiyasının tərkib hissəsidir. Bu təlimlər ABŞ və Böyük Britaniyanın himayəsi altında keçirilir.
Böyük Britaniyanın əvvəlcə Azərbaycana, sonra isə Ermənistana hərbi attaşe təyin etməsi və silah embarqosunu aradan qaldırması da bu kontekstdə izah olunur. Rusiya isə Ukrayna məsələsini yalnız ABŞ ilə həll etməyə çalışdığı üçün digər regionlarda təsir dairəsini itirməmək məqsədilə ABŞ-dan sanksiyaların yumşaldılmasını qapalı kanallarla istəmişdi.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
