Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyanada keçirilən ATƏT-in Nazirlər Şurasının 32-ci iclası çərçivəsində Fransa Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə naziri Benjamin Haddad ilə görüşüb.
Bu barədə məlumatı Azərbaycanın Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində yayıb.
Politoloq Züriyə Qarayeva “Paraqraf.com”a açıqlamasında bildirib ki, Azərbaycan və Fransa nümayəndələrinin Vyana görüşü əsasən iki istiqamətə fokuslanıb:

“Azərbaycan–Ermənistan normallaşma prosesi və Cənubi Qafqazda təhlükəsizlik məsələləri. Ceyhun Bayramov Fransanın bölgədəki mövqeyinin balanslı olmasının vacibliyini vurğulayıb, xüsusilə son aylarda Parisin Ermənistanı silahlandırması fonunda regionda gərginliyin artmaması üçün daha məsuliyyətli yanaşmanın zəruriliyini diqqətə çatdırıb. Görüşdə sülh sazişi üzrə aparılan danışıqlar, sərhəd delimitasiyası və nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı ən son məqamlar da müzakirə olunub. Eyni zamanda, Avropa İttifaqı ilə əməkdaşlıq, enerji təhlükəsizliyi və Azərbaycanın COP29-a hazırlığı kontekstində Fransa ilə dialoqun davam etdirilməsinin əhəmiyyəti qeyd edilib”.
Politoloq Azərbaycan–Fransa münasibətlərinin hazırkı vəziyyətini də dəyərləndirib:
“Azərbaycan–Fransa münasibətləri hazırda gərgin, lakin diplomatik kanalların açıq saxlandığı mərhələdədir. Son illərdə Parisin açıq şəkildə Ermənistan yönlü siyasəti və silah tədarükü ikitərəfli münasibətləri ciddi şəkildə zəiflədib, siyasi etimad səviyyəsini minimuma endirib. Buna baxmayaraq, iqtisadiyyat, energetika, mədəniyyət və iqlim gündəliyi kimi sahələrdə əlaqələrin tamamilə kəsilməsi gözlənilmir. Gələcəkdə, xüsusilə COP29 dövründə iqlim məsələləri, eləcə də Avropa ilə enerji və nəqliyyat layihələri çərçivəsində texniki səviyyədə məhdud əməkdaşlıq mümkündür. Lakin siyasi müstəvidə münasibətlərin normallaşması yalnız Fransanın regiondakı balanssız siyasətində dəyişiklik olacağı halda reallaşa bilər”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
