4 dekabr 2025-ci il tarixində Xaçmaz rayonunun Qımılqışlaq kəndində yerləşən Şəmsəddin Sədiyev adına tam orta məktəbin peşə təmayüllü sinifləri Xaçmaz Şəhər Peşə Liseyinin direktoru Tural Məmmədovla xüsusi bir görüş keçirdilər.
Tural müəllim şagirdlərin peşə hazırlığı ilə yaxından tanış oldu, onlarla səmimi söhbətlər apardı və peşəni sevərək seçməyin əhəmiyyətindən danışdı. O, həmçinin məktəbdə mövcud olan peşə avadanlıqlarını diqqətlə incələdi, şagirdlərin həmin avadanlıqlarla praktiki iş prosesini izləyərək fəaliyyətlərini yüksək qiymətləndirdi.
Görüş zamanı peşə hazırlığını uğurla başa vurmuş məzun şagirdlərə sertifikatlar təqdim olundu.
Tural müəllim çıxışı zamanı şagirdlərə seçdikləri peşəyə sevgi ilə yanaşmağı, məqsədlərinə doğru əzmlə irəliləməyi və daim inkişafda olmağı tövsiyə etdi. Dəvətimizi qəbul edib gəldiyi üçün ona dərin təşəkkürümüzü bildiririk.
Belə təşəbbüslərin çox olması son dərəcə vacibdir. Bu cür tədbirlər şagirdlərdə motivasiyanı artırır, onların peşə maraqlarının formalaşmasına müsbət təsir göstərir. Biz müəllimlərin isə əsas məqsədi uşaqlara sevdikləri peşəni doğru şəkildə öyrətməkdir. Çünki peşəsini sevərək işləyən gənclər gələcəkdə həm ailəsinə, həm də Vətəninə layiqli bir insan kimi yetişirlər.
Gəlin öyrənək və öyrədək ki, gələcək nəsillər də bu bilik və bacarıqlardan faydalansın!

Elçin Ağasıyev
Paraqraf.com
![]()
