1 dekabr 2025-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Qərbi Azərbaycan İcması və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə əhəmiyyətli bir konfrans keçirilib. Tədbir “Sülh və reinteqrasiya prosesində qadınların iştirakı: milli və beynəlxalq mexanizmlər” mövzusuna həsr olunmuşdu və bu mövzu yalnız Azərbaycanın ictimai-siyasi gündəmi üçün deyil, bütövlükdə regionun gələcəyi baxımından xüsusi aktuallıq daşıyır.
Konfransda qeyd edilib ki, qadınlar cəmiyyətin formalaşmasında mühüm rol oynayan əsas sosial qruplardan biridir. Ailə institutunun təməli olan qadın həm də cəmiyyətin mənəvi dayağı, dövlətin davamlı və dayanıqlı inkişafının mühüm hərəkətverici qüvvəsidir. Qlobal münaqişələrin artdığı və reinteqrasiya proseslərinin prioritetləşdiyi bir dövrdə qadınların sülhyaratma fəaliyyətinə fəal şəkildə cəlb edilməsi xüsusi əhəmiyyət kəsb edir.
Sülh proseslərində qadınların iştirakı sosial ədalətin təmin olunmasına, cəmiyyətdə qarşılıqlı etimadın formalaşmasına və sabitliyin bərqərar olmasına xidmət edir. Beynəlxalq təcrübə də göstərir ki, münaqişələrin həlli, post-münaqişə bərpası və reinteqrasiya tədbirləri qadınların iştirakı olmadan tam uğur qazana bilmir. Bu səbəbdən milli institutların və beynəlxalq mexanizmlərin qadınların rolunu genişləndirməyə yönəlik fəaliyyəti xüsusilə dəyərləndirilir.
Konfrans çərçivəsində həm yerli, həm də beynəlxalq səviyyədə qadınların sülhyaratma təşəbbüslərində iştirakı, onların hüquqlarının qorunması, reinteqrasiya prosesinə töhfələrinin artırılması kimi məsələlər müzakirə olunub. Tədbir iştirakçıları vurğulayıblar ki, qadınların gücləndirilməsi sülhün yalnız nəticəsi deyil, həm də onun əsas şərtidir.
Bu cür təşəbbüslərin davam etdirilməsi, qadınların qərarvermə proseslərində daha geniş təmsil olunması və sülhün qurulmasında fəal iştirakının təşviqi ölkəmizin və regionun gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.


Həsən
Paraqraf.com
![]()
